Şimal bölgəsində tüğyan edən qasırğa, güclü külək bir sıra ciddi fəsadlar yaradıb. İki gün ərzində bölgədə yüzə yaxın yaşayış məntəqəsi işıqsız qalıb.
Güclü külək Xızıda böyük dramaturq Cəfər Cabbarlının ev muzeyinin dam örtüyünün bir hissəsini də uçurub.
Yerli sakinlərdən Bizim.Media-ya verilən məlumata görə, hazırda muzey ciddi təhlükə altındadır. Təmirdən yeni çıxmış otaqlar və bəzi eksponatlar məhv olmaq təhlükəsi ilə üz-üzədir.
C.Cabbarlı muzeyinin direktoru Həcər Rəsulova da faktı təsdiqləyib. O, muzeyin binasının təmir işlərində heç bəxtinin gətirmədiyini deyib. Bildirib ki, dam örtüyünün bir hissəsini güclü külək aparıb və hazırda imdadlarına çatacaq bir kəs yoxdur.
Məsələ ilə bağlı Xızı Rayon İcra Hakimiyyətindən hələ ki bir cavab verilməyib.
C.Cabbarlının Xızıdakı ev muzeyi barədə Bizim.Media bir neçə dəfə yazıb. Mədəniyyət Nazirliyinin başında kimin durmasından asılı olmayaraq heç bir nazir 2019-cu ildən bəri təmirə dayanan muzeyin eksponatlarının bədii tərtibat işlərini başa çatdırmaqda maraqlı olmayıb.
Bölməyə aid digər xəbərlər