11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
11:52 / 20-11-2024
Sabah hava necə olacaq?
18:56 / 19-11-2024
Prezident Fərman imzaladı
"Vəzifəli şəxs" həbs edildi...

Bakı şəhər sakini Məcnunzadə Çingiz Gündüz oğlunun özünü İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşı kimi təqdim edərək ayrı-ayrı vətəndaşlara məxsus pul vəsaitlərini dələduzluq yolu ilə ələ keçirməsi və onları rüşvət verməyə təhrik etməsi faktına görə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq istintaqı aparılır.

Baş Prokurorluğun mətbuat xidmətindən  verilən məlumata görə, aparılmış istintaqla Çingiz Məcnunzadənin ayrı-ayrı şəxslərə özünü İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşı kimi təqdim edib guya həmin dövlət xidmətinin “Sahibkarlara Maddi Yardım Fondu”nun açıldığını və koronavirus (COVID-19) infeksiyasının Respublika ərazisində yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən xüsusi karantin rejiminin tətbiq edildiyinə görə zərər çəkən sahibkarlara 5 min manat məbləğində birdəfəlik pul yardımı ediləcəyi adı ilə, habelə vergi ödəyicilərinin vergi borclarının silinməsi və hesablarına vergi orqanı tərəfindən qoyulmuş məhdudiyyətlərin ləğv edilməsindən ötrü birbaşa yolla özü vasitəsilə pul vəsaitinin rüşvət qismində verilməli olduğuna onları inandırmasına, bu yolla da həmin şəxslərə məxsus ümumilikdə 39 800 manat məbləğində pul vəsaitini ələ keçirməsinə əsaslı şübhələr müəyyən olunub.

Göstərilənlər nəzərə alınmaqla, Çingiz Məcnunzadəyə Cinayət Məcəlləsinin 310 (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə), 178.2.2 (təkrar törədilməklə dələduzluq), 178.2.4 (xeyli miqdarda ziyan vurmaqla dələduzluq) və 32.4, 312.2-ci (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər etməyə görə ona təkrar rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham elan olunub və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda Çingiz Məcnunzadənin törətdiyi digər cinayət əməllərinin aşkar edilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.


Tarix: 6-04-2021, 07:49 Oxunub: 353


Bölməyə aid digər xəbərlər