XÜLASƏ :
Nikah müqaviləsi ailə hüququnun mühüm institutlarından biri olub, ər-arvad arasında əmlak münasibətlərini tənzimləyən hüquqi razılaşmadır. Bu müqavilə tərəflərin nikaha daxil olmadan əvvəl və ya nikah dövründə bağlana bilər və əsas məqsədi gələcəkdə yarana biləcək mübahisələrin qarşısını almaqdır. Nikah müqaviləsi könüllülük prinsipi əsasında bağlanır, yəni tərəflər heç bir məcburiyyət olmadan öz iradələri ilə bu müqaviləni imzalayırlar.
Bu müqavilənin əsas səciyyəvi xüsusiyyətlərindən biri onun fərdiləşdirilmiş xarakter daşımasıdır. Yəni tərəflər öz istəklərinə uyğun olaraq əmlakın bölünməsi qaydalarını, gəlirlərin istifadəsini, hətta bəzi hallarda ailə xərclərinin bölüşdürülməsini müəyyən edə bilərlər. Lakin müqavilə şəxsi qeyri-əmlak hüquqlarını (məsələn, sevgi, hörmət kimi mənəvi məsələləri) tənzimləyə bilməz.
Nikah müqaviləsinin hüquqi qüvvəyə minməsi üçün notariat qaydasında təsdiq olunması vacibdir. Bu, sənədin rəsmi və hüquqi baxımdan etibarlı olmasını təmin edir. Müqavilə qanunvericiliyə zidd olmamalı və tərəflərdən birinin hüquqlarını ciddi şəkildə pozmamalıdır.
Nəticə etibarilə, nikah müqaviləsi ailə münasibətlərində hüquqi sabitliyi təmin edən, tərəflərin əmlak maraqlarını qoruyan və mübahisələrin qarşısını alan mühüm hüquqi mexanizmdir. Müasir dövrdə bu müqavilənin əhəmiyyəti getdikcə artır və hüquqi şüurun inkişafına da müsbət təsir göstərir.
GİRİŞ:
Məqalənin mövzusu: “Nikah müqaviləsi anlayışı, onun məzmunu və bağlanma qaydası” kimi təsadüfən seçilməmişdir. Nikah müqaviləsi institutu respublikamız üçün yeni institut hesab olunur. XX əsrin 90-cı illərindən etibarən respublikamızda nikah-ailə münasibətləri dövlət siyasəti çərçivəsində və qanunvericiliklə tənzimlənərək əsaslı surətdə formalaşmışdır. Əgər keçmiş SSRİ ailə qanunvericiliyi ər-arvad arasında əmlak münasibətlərini imperativ normalar ilə nizama salırdısa, hazırda isə bu münasibətləri nizama salan normalar dispozitiv xarakter daşıyır və nikaha müqavilə kimi, hüquqi əqd kimi baxmaq imkanı verir. Keçmiş qanunvericilik ilk növbədə ana və uşağın maraqlarını müdafiə edirdi. Həmçinin, ər-arvad boşanarkən nikah müddətində əldə olunmuş əmlakları yarıbayarı bölünürdü. Əgər ailədə bir uşaq da var idisə, bu zaman əmlak 3 nəfərə çatırdı.
1995-ci il 12 noyabr tarixindən etibarən Azərbaycan Respublikası Konstitusiyasının qəbulu ilə xüsusi mülkiyyətin yaranması və bütövlükdə bazar iqtisadiyyatının inkişafı nəticəsində ər-arvadın əmlak münasibətlərinin dispozitiv əsaslarla ailə qanunvericiliyində tənzimlənməsinə gətirib çıxardı. Nikah müqaviləsi Azərbaycan qanunvericiliyində və hüquqtətbiqetmə praktikasında Azərbaycan Respublikası Mülki Məcəlləsi və Ailə Məcəlləsinin 2000-ci ildə qüvvəyə minməsi ilə müəyyən olunmuşdur.
Hal-hazırda nikaha daxil olan şəxslər arasında boşanma baş verdiyi halda onların əmlaklarının bölünməsinə görə mübahisələr baş verir. Belə əmlak mübahisələrinin qarşısının alınması üçün ən yaxşı vasitə məhz nikah müqaviləsidir. Nikah müqaviləsi vasitəsilə ər və arvad əldə etdikləri əmlaklarının hüquqi rejimini müəyyən edirlər. Mövzunun aktuallığı məhz bununla ön plana çıxır. Yeni Ailə Məcəlləsi qəbul olunana qədər ancaq xarici ölkələrin ailə hüquq nəzəriyyəsini xarakterizə edərək nikah müqaviləsindən danışmaq olardı.
Ümumiyyətlə nikah müqaviləsinin cəlbediciliyi onun azadlıq ideyası ilə ifadə olunur. Nikah müqaviləsi o şəxslər üçün aktualdır ki, onların xüsusi biznesi, müntəzəm gəliri, xüsusi yaşayış evi və digər mülkləri olsun. Bununla bərabər həm də, maddi durumlarında əhəmiyyətli fərq olan şəxslərarası nikah münasibətləri üçün nikah müqaviləsi aktual hesab oluna bilər. Nikah müqaviləsinin anlayışı Qərb ailə hüquq nəzəriyyəsində müxtəlif cür şərh olunur. Əksər xarici ölkələrdə xüsusən də ABŞ-da nikah müqaviləsi və nikah eyni mənanı kəsb edir. Ancaq Azərbaycan hüquq ədəbiyyatında bu iki anlayış tamamilə fərqli mənanı özündə ehtiva edir.
Maraqlısı odur ki, Azərbaycan Respublikasında müasir ailə qanunvericiliyinin tələblərinə əsasən nikah müqaviləsinin predmetinə yalnız ər-arvad arasında mövcud olan əmlak münasibətləri daxildir. Lakin əksər ölkələrdə qeyri-əmlak münasibətləri nikah müqaviləsinin predmeti kimi qəbul olunur (məsələn, İtaliya, Fransa, Almaniya və s.). Bütövlükdə “Nikah müqaviləsinin anlayışı, məzmunu və bağlanma qaydası” çox vacib və günümüzün aktual mövzularından biri hesab olunur.
ƏSAS HİSSƏ:
Nikah müqaviləsinin ailə hüququ sistemində hüquqi tənzimlənmə xüsusiyyətlərinin kompleks tədqiqi, nikah müqaviləsinin hüquqi təbiətinin şərhi, praktikada nikah müqaviləsi ilə əlaqədar yaranan problemlərin aşkara çıxarılması məqalənin əsas məqsədi hesab olunur.
Bu məqsədə nail olmaq üçün aşağıda göstərilən məsələlərin həlli xüsusilə vacibdir:
nikah hüquq institutunun tarixi aspektlərini aydınlaşdırmaq;
ailə hüquq nəzəriyyəsində və xarici ölkələrin qanunvericilik praktikasında ər
-arvadın əmlakının qanuni rejiminin müasir əsaslarının şərhi;
nikah müqaviləsinin ümumi hüquqi təbiətini izah etmək;
nikah müqaviləsinin anlayışı, məzmununu müəyyənləşdirmək;
müxtəlif ölkələrin ailə qanunvericiliyində nikah müqaviləsinin müqayisəli cəhətləri və bu məsələlərin Azərbaycan qanunvericiliyində təsbiti;
Azərbaycan Respublikasının müasir hüquqtətbiqetmə praktikasında nikah müqaviləsi ilə bağlı ziddiyyətlərin, problemlərin aşkarlanması və milli ailə qanunvericiliyimizdə olan boşluqların aradan qaldırılması;
Məqalənin metodoloji əsasını dialektik dərketmə metodu, ümumelmi metod və problemin aydınlaşdırılması üçün kompleks-tarixi, müqayisəli kimi metodlar təşkil edir.
Nikah müqaviləsi ingilis dilindəki “marriage contract” sözündən götürülərək anlayışın azərbaycan dilində olan analoqudur. Ümumiyyətlə hüquq institutu kimi nikah müqaviləsinin mahiyyəti barədə müxtəlif hüquqşünas alimlərin fikirləri mövcuddur. Mülahizələrə görə əsasən nikaha 3 nöqteyi-nəzərdən: nikah müqaviləsi, nikah statusu və nikah əməkdaşlığı (partnyorluğu) kimi baxılır. Daha geniş yayılmış konsepsiyalardan biri də qanuni nikahın bağlanması qaydalarına, onun həqiqiliyinin şərtlərinə, tərəfin nikahının pozulması nəticəsində təzminatın ödənilməsi imkanının əldə edilməsinə qanun tərəfindən tələblərin artmasına əsaslanan müqavilə konsepsiyasıdır. Bütün bu tələblər onu deməyə əsas verir ki, bu daha çox ər-arvadın əmlakının müqavilə rejiminin istifadəsinə yönəldilib. Bununla razılaşmaq lazımdır. Lakin ərlə-arvadın əmlakının müqavilə rejiminin ideyasını şübhə altına almayaraq, özlüyündə rejim anlayışını və nikah anlayışını fərqləndirmək lazımdır. A.İ.Zaqarovski qeyd etmişdir ki, həm nikahın məzmunu, həm də ki, onun pozulması ərlə-arvadın istəyindən asılı deyil. Ona görə də nikah institutunu müqavilə hüququnun sahəsinə aid etməkdənsə xüsusi kateqoriyalı institutların sırasına aid etmək daha dəqiq olardı. Q.F.Şerşeneviç nikahın müqavilə əsasında yaranmasını nikah-hüquq münasibətindən dəqiq ayırır. O, hesab edir ki, həm nikahın, həm də vətəndaş öhdəçiliyinin yaranmasının əsası müqavilədir.
Lakin, nikah-hüquq münasibətləri mülki öhdəçilik sayılmır. Q.F.Şerşeneviç yazır ki, nikahın məqsədi tək fiziki yox, həm də ki əxlaqi birgəyaşayışdır. Bu nöqteyinəzərdən hər ikisi müqaviləyə əsaslana bilən nikah və öhdəçilik arasında fərq ortaya çıxır. Əgər müqavilə bir və ya bir neçə hərəkətin icrasına yönəlibsə bunun nəticəsi öhdəçilik münasibətləridir. Nikah birgəyaşayışı müəyyənləşmiş hərəkətləri nəzərdə tutmur. Bu birgəyaşayış bütün həyatı boyu əlaqəni nizamlayır və ən əsası iqtisadi məzmun deyil, əxlaqi ideya kəsb edir. Bunun nəticəsində Q.F.Şerşeneviç nikah hüquq münasibətlərindən yaranan hüquqi faktı, müqaviləni qəbul edir. Qeyd etmək lazımdır ki, hüquqşünas alim bunun əsasında yaranan münasibətləri isə xüsusi növlü instituta aid edir. Nəticə etibarilə XIX əsrin sonunda əksər hüquqşünas alimlər kimi həm A.İ.Zaqarovski, həm də Q.F.Şerşeneviç ailə hüququnu mülki hüququn bir sahəsi kimi və nikahı isə xüsusi növlü mülki hüquq institutu olaraq qəbul edirdilər. Ailə hüququ XX əsrdən başlayaraq haqlı olaraq hüququn müstəqil sahəsinə çevrildi. Ailə hüququ mülki hüquqla sıx əlaqəli olsa da, müstəqil hüquq sahəsidir. Müstəqil hüquq sahəsi kimi, ailə hüququ ictimai münasibətlərin müəyyən növünü-ailə münasibətlərini, yəni nikah faktından meydana gələn və ailəyə mənsub olan münasibətləri tənzim edir.
Növbəti konsepsiya nikah bağlayan şəxslərin bütövlükdə hüquqi və qeyrihüquqi nəticələrin əldə edilməsinə yönəlmiş iradə ifadəsini ehtiva edir. Bu birinci növbədə qanuni ər-arvadın ictimai və hüquqi status almasına əsaslanır. Nikah statusu ilk növbədə ər-arvadın hüquq və vəzifələr əldə etməsinə səbəb olur. Nikah bağlamaqla ərlə arvad əvvəlcədən böyük hissəsi qanunla imperativ qaydada müəyyənləşdirilən münasibətlərə daxil olmağa razılıq verirlər. Bunun nəticəsində nikahın hüquqi təbiəti nikahı müqavilə kimi xarakterizə etməyə imkan verir. Mütləq şəkildə nikahı və əsasını nikahdan götürən hüquqi nəticələri fərqləndirmək lazımdır.
Son illərdə geniş yayılmış bir konsepsiya da mövcuddur. Bu konsepsiyanın mahiyyəti nikah əməkdaşlığına (partnyorluğa) imkan verir. Əksər müəlliflər bu ideyanın yaranmasını qadınların hüquq bərabərliyi uğrunda inkişaf hərəkatı, onların müstəqil vəziyyəti və təbii ki, ərlə arvadın nikahdakı bərabərliyi ilə əlaqələndirirlər. Qeyd olunan konsepsiya sayəsində nikahdakı ərlə arvad əməkdaşa (partnyora) çevrilirlər. Belə bir halda bunun praktiki nikah hüquq münasibətlərinə tətbiqi nikahdakı ərlə arvadın – partnyorların hüquq və vəzifələrini dəqiq müəyyənləşdirməyi çətinləşdirir. Bu da onun qanunla rəsmiləşdirilməsini qeyri-mümkün edir. Məhz buna görə də nikah partnyorluğuna ərlə arvadın qarşılıqlı münasibətlərinin hüquqi forması deyil, arzu olunan forması kimi baxmaq lazımdır. Yuxarıda deyilənlərə əsasən bu nəticəyə gəlmək olar ki, nikah kimi belə spesfik instituta hüquqi təbiəti baxımından nikah statusu daha yaxın hesab olunur. Onu da qeyd etmək lazımdır ki, hələ Qədim Roma və Yunanıstanda qadınlar və kişilər ailə qurmazdan əvvəl əmlak münasibətlərini tənzimləyən müqaviləni rəsmiləşdirirdilər. XVIII əsrin sonu XIX əsrin əvvəllərində Fransa, İngiltərə, Almaniya və Avstriyada nikah müqaviləsi institutu yenidən bərpa olundu. Məhz bu dövrdən etibarən nikah müqaviləsi hüquqi qüvvə qazanır.
Müasir dövrdə isə ailə hüquq nəzəriyyəsində ər-arvadın əmlakının qanuni rejimi 3 növdə ola bilər:
Ümumi rejimli (Azərbaycan, Fransa, İsveçrə, ABŞ-nın bəzi ştatları)
Bölünmə rejimi (İngiltərə, ABŞ-nın əksər ştatları, Almaniya)
Ər-arvad əmlakının ümumiliyinin ayrılması rejimi (İsveç, Norveç, Danimarka)
Ümumi rejimdə nikah müddətində ərlə arvadın əldə etdikləri və qazandıqları əmlak və ondan gəlirlər onların ümumi birgə mülkiyyəti sayılır. Ər-arvadın birgə mülkiyyətinə onların hər birinin qanunla qadağan edilməyən fəaliyyət (əmək, sahibkarlıq və ya intellektual fəaliyyət) nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, onların ümumi gəlirləri hesabına əldə edilən əşyalar, qiymətli kağızlar, kredit idarələrinə qoyulmuş paylar, əmanətlər və nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxil ola bilər. Qeyd olunan məsələlər Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 225-ci və Ailə Məcəlləsinin 3137-ci maddələri ilə müəyyən edilir.
Bölünmə rejimində ərlə arvada nikaha qədər mülkiyyətçisi olduğu əmlakla yanaşı, nikah dövründə öz puluna əldə olunmuş əmlak da məxsus olur. Əgər qadın işləmirsə, evdarlıqla məşğuldursa evlilik dövründə o heç nə əldə etmir. Bunun nəticəsində qeyd edək ki, ərlə arvadın əmlakının bölünmə rejimi nikahda olan qadının maraqlarını müdafiə etmir. İngiltərədə və ABŞ-da beynəlxalq qadın hərəkatının səyləri nəticəsində ənənəvi bölünmə rejiminə ümumilik elementləri daxil edilib:
Ərlə arvadın mülkiyyət hüququna görə konkret əmlakın onlara məxsusluğu deyil, məhkəmə ilə müəyyənləşmiş paya hüququ tanına bilər.
Daha vacib əmlak növlərində məsələn, yaşayış evlərində və binalarda ümumilik rejimi tətbiq olunur.
Bəzi ölkələrdə nikahda olan qadının fəaliyyət qabiliyyətsizliyi qəbul olunan halda əmlakın idarə olunması hüququ ərə məxsusdur. Lakin vurğulamaq lazımdır ki, Argentina, Braziliya, İspaniya kimi ölkələrdə nikahda olan qadının fəaliyyət qabiliyyətli olduğu halda belə əmlakın idarə olunması və nikahda olan maddi məsələlərin həllində mühüm üstünlükləri kişi həyata keçirir. Bu baxımdan Fransa qanunvericiliyində ərlə arvadın ümumi əmlakının təkbaşına idarə olunmasının özünəməxsus variantı təsbit edilib. Yəni, kişi birgə mülkiyyətə ümumi idarəçiliyi həyata keçirir, ancaq vacib sazişləri qadının razılığı ilə bağlaya bilər. Qadın isə öz qazancı hesabına əldə edilmiş və ailənin zəruri tələbatının ödənilməsinə aid olmayan (ehtiyat) əmlakı idarə edir.
Hələ 35 il öncə ABŞ-da bağlanan kəbinlərin yalnız 1 faizi nikah müqavilələriylə müşayiət olunurdu. İndi isə Birləşmiş Ştatlarda belə kontraktlar üzrə göstəricilər 60 faiz təşkil edir. Müasir dövrdə Fransa və Almaniya kimi ölkələrin statistikası göstərir ki, ilk dəfə nikaha daxil olanların 5%-i, ikinci dəfə nikaha daxil olanların 60%-i nikah müqaviləsi bağlayırlar. Artıq 10 ildir ki, nikah kontraktı Azərbaycanda hüquqi reallığa çevrilərək nikah müqaviləsi adı ilə ailə qanunvericiliyinə daxil edilmişdir. Yeni Ailə Məcəlləsi əmlakı ər-arvadın ürəyi necə istəyirsə, o cür də bölməyə şərait yaradır.
Hüquqşünas alim İ.M.Kuznetsovanın fikrincə, nikah müqaviləsi - kişi və qadının nikah və boşanma dövründə əmlak hüquqlarını müəyyənləşdirən sazişdir. M.V.Antokolskaya düşünür ki, ərlə arvadın əmlakının hüquqi rejimini və gələcəkdəki digər əmlak münasibətlərini müəyyənləşdirmək nikah müqaviləsinin əsas hüquqi məqsədidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi Əsəd Mirzəliyevin fikrincə nikah müqaviləsi hər qadının özünün və uşaqlarının sosial müdafiəsi deməkdir. Bu səbəbdən insan hələ ailə münasibətlərini müəyyənləşdirməmişdən öncə özünün sosial müdafiəsini hüquqi baxımdan təşkil etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsində ərlə arvadın nikah dövründə qazandıqları əmlakın onların nikah kontraktında ayrı qayda nəzərdə tutulmadığı halda ümumi mülkiyyəti hesab edilməsi haqqında göstəriş mövcuddur. Ancaq nikah müqaviləsinin bağlanmasını mümkün edən müddəalar 1 iyun 2000-ci ildən qüvvəyə minən yeni Ailə Məcəlləsində nəzərdə tutulmuşdur. Nikah müqaviləsinin anlayışı ailə qanunvericiliyimizin 38.1-ci maddəsində öz əksini tapıb: “Nikah müqaviləsi nikaha daxil olan şəxslər arasında bağlanan, nikah dövründə və (və ya) nikah pozulduqda ər-arvadın əmlak hüquqlarını və vəzifələrini müəyyən edən sazişdir.” Nikah müqaviləsi müqavilə tərəfləri arasında əksər mübahisələrin məhkəmə istintaqına müraciət etmədən həllinə imkan verir. Azərbaycan Respublikasının müasir Ailə Məcəlləsində nikah müqaviləsinə həcmi böyük olmayan 3 maddə (38-40-cı maddələr) həsr olunub. Müqayisə üçün qeyd edək ki, 1896-cı il tarixli Almaniya Mülki Qanunnaməsində isə nikah müqaviləsinin hüquqi xarakteristikasını müəyyən edən yüzlərlə paraqraf mövcuddur. Hesab edirik ki, bu Respublikamızda hüquqi təbliğatın zəif olması, mental dəyərlər və nikaha daxil olan şəxslərdə olan psixoloji faktorlarla bağlıdır. Əksər hallarda nikah müqaviləsi məzmun etibarilə əmlak bölgüsü və bu kimi digər münasibətlərə aid olsa da, bir çox hüquqşünas alimlərin fikrincə bu müqavilə ərlə arvad arasında münasibətlərin tənzimlənməsinə də yönələ bilər. Məsələn, Hollivud ulduzları Tom Krus və Nikol Kidman arasında imzalanmış nikah müqaviləsində ər-arvad həyatının xırdalıqları da nəzərə alınaraq müqavilədə öz əksini tapıb. Müqavilə üzrə ayaqyolu çanağı oturacağının istifadə edildikdən sonra yerinə qaytarılması ilə bağlı Tomun üzərinə xüsusi öhdəlik qoyulmuşdur. Digər bir misal: ABŞ-ın eks-prezidenti Con Kennedinin keçmiş həyat yoldaşı Jaklin Buvye Kennedi və yunan multimilioner Aristotel Onassis arasındakı nikah müqaviləsinə əsasən ər öz arvadını atıb gedərdisə, o zaman onunla birgə yaşadığı hər ilə görə 10 milyon dollar həcmində kompensassiya ödəməli idi. Əgər əksinə hal baş verərdisə, belə olduqda ər nikahın ən azı 5 il davam etməsi şərtilə ümumi məbləğin 18,7 milyon dollarını ala bilərdi. Belə görünür ki, bu bizim hüquqi ənənələrimiz üçün qeyri-adi şərt kimi qəbul oluna bilər. Eyni zamanda bu səpkili şərtlər milli ailə qanunvericiliyimizin ümumi ruhuna zidd deyil.
Həmçinin yuxarıda qeyd olunan müqavilədə belə bir şərt də mövcud idi ki, nikah dövründə arvad (Jaklin Buvye Kennedi) bütün katolik bayramları və yay istirahətini əri (Aristotel Onassis) ilə birgə keçirməlidir. Göründüyü kimi amerika qanunvericiliyi nikah müqaviləsinə daha geniş azadlıq verir. ABŞ-da nəinki əmlak, həm də ər-arvad arasındakı digər münasibətlər nikah müqaviləsinin predmeti hesab olunur. Bu kimi öhdəliklərin məcburi icrası fikrimizcə yolverilməzdir. Konstitusion hüquqların məhdudlaşdırılması ilə bağlı olan şərtlər qeyri-əmlak münasibətlərinə aid olduğu üçün onlar nikah müqaviləsinin predmeti ola bilməz. Bununla yanaşı mübahisə zamanı məhkəmə bu şərtləri nəzərə almır. Azərbaycan Respublikasının Konstitusiyasının 28-ci maddəsinə əsasən hər kəsin azadlıq hüququ vardır. Azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada tutulma, həbsəalma və ya azadlıqdan məhrumetmə yolu ilə məhudlaşdırıla bilər. Yəni, bu o deməkdir ki, qeyd olunanlardan savayı heç bir halda vətəndaşın əsas konstitusion hüququ olan şəxsi azadlığı məhdudlaşdırıla bilməz. Hesab edirik ki, nikah müqaviləsi ancaq ərlə arvadın əmlak münasibətlərini tənzimləməlidir. Nikah müqaviləsi nəinki ərlə arvad arasındakı şəxsi münasibətləri tənzimləməməlidir, ən əsası onların hüquqlarını məhdudlaşdırmamalıdır. Mütləq şəkildə qeyd etməliyik ki, Azərbaycan Respublikasında müasir ailə qanunvericiliyinin tələblərinə əsasən nikah müqaviləsinin predmeti dedikdə, burada ər-arvad arasında mövcud olan əmlak münasibətləri başa düşülür, hər hansı bir başqa ailə münasibətləri nikah müqaviləsi ilə tənzimlənə bilməz.
Azərbaycan Respublikasının Ailə Məcəlləsinin “Nikah müqaviləsi və onun məzmunu” adlı 38.5.-ci maddəsinə görə: “Nikah müqaviləsində nəzərdə tutulmuş hüquq və vəzifələr müəyyən müddətlərlə məhdudlaşa bilər, müxtəlif şəraitin yaranıb-yaranmamasından asılı ola bilər.” Məsələn, ər arvad razılığa gələ bilərlər ki, nikah müqaviləsi 1 yanvar 2010-cu il tarixdə qüvvəyə minsin və 10 aprel 2010cu ildə qüvvədən düşsün. Belə şərtlər nikah müqaviləsində notariat qaydada təsdiq olunmaqla öz təsbitini tapır. Bu halda boşanma faktı nikah müqaviləsinin xitam olunmasına səbəb olmur. Lakin nəzərə almaq lazımdır ki, əgər göstərilən müddətə qədər boşanma olubsa, məhz Qeydiyyat idarəsində boşanma qeydə alındıqdan sonra nikah müqaviləsi hüquqi qüvvəsini itirəcək.
Mütləq mənada vurğulanmalıdır ki, “Nikah müqaviləsi” kateqoriyası “Ər və arvadın mülkiyyətinin müqavilə rejiminə” nisbətən daha geniş anlayışdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 38.2 və 38.4-cü maddələri birbaşa olaraq nikah müqaviləsinin məzmununda qanunun icazə verdiyi hansı əmlak hüquq və öhdəliklərinin müəyyənləşdirilə biləcəyini ifadə edir. Birinci növbədə nikah müqaviləsi ilə ər-arvad birgə mülkiyyətin qanunla müəyyən olunmuş rejimini dəyişərək, ümumi əmlaka, onun ayrı-ayrı növlərinə və ya ər-arvadın hər birinin əmlakına birgə, paylı və ya ayrıca mülkiyyət rejimi tətbiq edə bilərlər. Qeyd olunmalıdır ki, təkcə bu müddəa ilə nikah müqaviləsinin məzmunu tamamlanmır.
Həm də ər-arvad Ailə Məcəlləsinin 38.4.-cü maddəsinə əsasən nikah müqaviləsində bir-birinin qarşılıqlı saxlanması, bir-birinin gəlirlərində iştirak üsulları, hər birinin ailə xərclərində iştirakı qaydası ilə bağlı hüquq və vəzifələrini, nikah pozulduqda hər birinə düşəcək əmlakı və ər-arvadın əmlak münasibətlərinə dair hər hansı başqa müddəanı müəyyənləşdirmək hüququna malikdirlər. Bununla yanaşı nikah müqaviləsi əmlakın müqavilə rejimi ilə bağlı müddəaları ümumiyyətlə nəzərdə tutmaya da bilər. Yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edirik ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 8-ci fəslinin (“Ər və arvadın mülkiyyətinin müqavilə rejimi”) “Nikah müqaviləsi” kimi adlandırılması daha məqsədəmüvafiqdir. Bu fəsilin belə adlandırılması bilavasitə onun faktiki məzmununa uyğunlaşdırılacaqdır.
Azərbaycan Respublikası Ailə Məcəlləsində (maddə 38.6) nikah müqaviləsinə daxil olunması qadağan edilmiş şərtlərin siyahısı verilmişdir. Bu normaya görə nikah müqaviləsində aşağıdakı şərtlər nəzərdə tutula bilməz:
ər-arvadın hüquq və fəaliyyət qabiliyyətini məhdudlaşdıran;
ər-arvadın öz hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdıran;
uşaqlara münasibətdə hüquq və vəzifələrini, eləcə də ər-arvad arasındakı şəxsi qeyri-əmlak münasibətlərini tənzimləyən;
ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanılması üçün vəsait almaq hüququnu məhdudlaşdıran;
ər-arvaddan birini çox əlverişsiz vəziyyətə salan və ailə qanunvericiliyinin əsaslarına zidd olan;
Nikah müqaviləsi ər-arvadın mövcud olan və gələcəkdə əldə edəcəkləri əmlaka dair bağlana bilər. Nikah müqaviləsi nikaha qədər və nikahdan sonra da bağlana bilər. Müqavilə nikaha qədər bağlansa da, bu nikah qeydə alındığı gündən qüvvəyə minir. Nikah müqaviləsi şəxsən bağlana bilən hüquqi əqdlərə aiddir. Yəni nikah müqaviləsi müəyyən mülki hüquqi müqavilələr kimi etibarnamə ilə bağlana bilməz. Xarici ölkələrdə də, nikah müqaviləsinin bağlanma qaydasına görə bu müqavilə yazılı formada bağlanmalı və tərəflər müqaviləyə şəxsən imza etməlidirlər. Bununla yanaşı nikah müqaviləsi üçüncü şəxslərin, hətta yetkinlik yaşına çatmayanların xeyrinə bağlana bilməz. Çünki uşaq şəxsiyyət kimi xüsusi hüquq və azadlıqlara malikdir. Milli qanunvericiliklə bərabər belə vəziyyət beynəlxalq aktlarda da təsbit olunub. Məsələn, İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında konvensiyada insanın azadlıq hüququ, ədalət mühakiməsi hüququ, bərabərlik hüququ və ayrı-seçkiliyin bütün formalarının qadağan edilməsi öz əksini tapmışdır. Qeyd etmək lazımdır ki, qanuna görə, nikah müqaviləsində başqa qayda nəzərdə tutulmayıbsa, ər-arvadın nikah dövründə əldə etdikləri mülkiyyət onların birgə mülkiyyətidir. Amma nikah müqaviləsində qabaqcadan bundan fərqli məsələlər müəyyən oluna bilər. Məsələn, nikah müddətində əldə olunan mülkiyyətin üçdə birinin ərin, qalan hissəsinin isə arvadın, ya da əksinə, mülkiyyətində olması göstərilə bilər. Vəkil Qurban Məmmədov boşanmalar zamanı məhkəmələrin qadınlarla bərabər uşaqların da hüquqlarını pozduğunu iddia edir. “Boşanma zamanı oğlan qıza evdən istifadə hüququ verməyə bilər. Amma uşağa evdən istifadə hüququ mütləq verilməlidir. Məhkəmələr belə mübahisələr yaranan zaman “Uşaq hüquqları haqqında” qanunun 20-ci maddəsini tətbiq etmək əvəzinə Mülki Məcəllənin 228-ci maddəsini tətbiq edir. 20-ci maddədə nəzərdə tutulub ki, uşaq doğulduğu yerdə başqa ailə üzvləri ilə birgə qaydada istifadə hüququna malikdir. Məhkəmələr “yaşayış yeri” ilə “istifadə hüququ” anlayışlarını qarışdırır. Məhkəmələr uşaqların istifadə hüququnu nəzərə almır. Deyirlər ki, uşaq anası ilə olduğu üçün onunla yaşamalıdır”, -deyə vəkil bildirib.
Azərbaycanda nikah üçün ərizə verənlərin hamısına nikah müqaviləsi bağlanması təklif olunur. Sadəcə olaraq ölkəmizdə mental dəyərlər tərəflərin nikah müqaviləsi bağlamasına mane olur. Azərbaycanda müəyyən hüquqşünas alimlər mentalitetimizin qüsurlu olduğunu deyirlər və nikah müqaviləsinin icbariləşdirilməsinin tərəfdarıdırlar. Onların fikrincə, nikah müqaviləsinin bağlanması ənənəsinin yaradılması üçün qanunvericilikdə dəyişiklik olmalıdır. Səbəbi bununla izah edirlər ki, qanunun müddəasının könüllü xarakter daşıması onun formal olaraq qalmasına rəvac verəcək. Hesab edirik ki, nikah müqaviləsinin məcburi bağlanması yolverilməzdir. Çünki, qanunvericilik şəxsin müqavilə azadlığını nəzərdə tutub. Belə bir hal müəyyən olunarsa, müqavilə etibarsız sayılır. Bununla yanaşı nikahın bağlanmasının özündə də məcburiyyət müəyyən olunsa, nikah etibarsız sayılmalıdır.
NƏTİCƏ:
Ailə Məcəlləsinin 39.3-cü maddəsinə əsasən nikah müqaviləsi yazılı formada bağlanır və notariat qaydada təsdiq olunur. Nikah müqaviləsi nikahın bağlanmasının dövlət qeydiyyatına qədər, eləcə də nikah dövründə istənilən vaxtda bağlana bilər. (Ailə Məcəlləsinin 39.1-ci maddəsi) Buna uyğun olaraq müqavilənin qüvvəyə minmə vaxtı müəyyən edilir. Nikah müqaviləsinin qüvvəyə minməsi dedikdə müqavilə ilə nəzərdə tutulan ər-arvadın əmlak hüquq və vəzifələrinin yaranması başa düşülməlidir. Məsələn, nikah müqaviləsində qüvvəyə minmə tarixi kimi 20 noyabr 2010-cu il göstərilib. Məhz bu tarixdən etibarən ər-arvadın əldə etdikləri gəlirlər onların hər birinin şəxsi əmlakına çevrilir və onlar qazandıqları vəsaitlərin mülkiyyətçisi olurlar. Lakin 20 noyabr 2010-cu il tarixdən əvvəl isə ərarvadın gəlirləri onların birgə mülkiyyəti hesab olunurdu. Ailə Məcəlləsinin 39.2-ci maddəsinə görə nikahın bağlanmasının dövlət qeydiyyatına qədər bağlanmış nikah müqaviləsi nikahın bağlanmasının dövlət qeydiyyatına alındığı gündən qüvvəyə minir. Bu o deməkdir ki, Qeydiyyat şöbəsində nikah qeydə alınana kimi nikah müqaviləsi əsasında tərəflərin heç bir hüquq və vəzifələri yaranmır. Əgər tərəflər nikah bağlamaqdan imtina edərlərsə, nikahdan qabaq bağlanmış nikah müqaviləsi ləğv edilir. Beləliklə nikahın bağlanmasının dövlət qeydiyyatına qədər bağlanmış nikah müqaviləsini müqavilənin qüvvəyə minməsini təxirə salmaq şərti ilə bağlanmış müqavilə hesab etmək olar.
Aparılmış tədqiqatlar nəticəsində aşağıdakı elmi nəticələrə gəlinmişdir: - Əvvəllər mülki hüququn sahəsi olan ailə hüququ mütərəqqi haldır ki, hazırda müstəqil hüquq sahəsinə çevrilmişdir.
Xarici ölkələrin praktikası ilə müqayisədə ər-arvad arasında mövcud olan əmlak münasibətlərindən başqa hər hansı bir başqa ailə münasibətlərinin nikah müqaviləsinin predmeti kimi çıxış edə bilməsi Respublikamızın qanunvericiliyinə uyğun deyil.
Məqalədə qeyd olunanları nəzərə alaraq hesab edirik ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 8-ci fəslinin (“Ər və arvadın mülkiyyətinin müqavilə rejimi”) “Nikah müqaviləsi” kimi adlandırılması daha məqsədə müvafiqdir. Bu fəsilin belə adlandırılması bilavasitə onun faktiki məzmununa uyğunlaşdırılacaqdır.
Nikah müqaviləsinin icbariləşdirilməsi mülki hüquq prinsipinə və Azərbaycan reallığına uyğun olmadığı üçün məqsədə uyğun deyil.
Surə Qasımlı
Naxçıvan Dövlət Universitetinin “Hüquqşünaslıq”
ixtisası üzrə III kurs tələbəsi
Bölməyə aid digər xəbərlər















