Kadr siyasəti zarafat deyil. Bir şəxsi rəhbər vəzifəyə təyin etmək, sadəcə vəzifə kreslosuna adam oturtmaq demək deyil.
Rəhbər seçərkən onun əmək təcrübəsi, idarəçilik qabiliyyəti, peşəkarlığı, kollektivlə işləmək bacarığı, insanlara münasibəti, qanunlara hörməti və ən əsası, öz məsuliyyətini dərk etməsi nəzərə alınmalıdır.
Çünki yanlış kadr seçiminin bədəlini bəzən bir müəssisə deyil, bütöv kollektiv ödəyir. Daha təhlükəlisi isə odur ki, rəhbərin səriştəsizliyi nəticəsində yaranan narazılıq zamanla dövlətə, dövlət qurumlarına və ölkə rəhbərliyinə olan münasibətə də təsir göstərə bilər.
Qazax Dövlət Sosial-İqtisadi Kollecində son altı ayda baş verənlər bu baxımdan ciddi suallar doğurur.
Təxminən altı ay əvvəl kollecdə direktor dəyişikliyi edildi. Sabiq direktor Elşad Quluyev vəzifəsindən ayrıldı, onun yerinə Gülnar Qəhrəmanova təyin olundu.
Yeni rəhbərdən gözlənti böyük idi. Kollektiv dəyişiklik, yeni nəfəs, idarəçilikdə yenilik və problemlərin həlli gözləyirdi. Lakin kollektivdən daxil olan məlumatlar və səsləndirilən narazılıqlar göstərir ki, gözləntilərlə reallıq arasında ciddi fərq yaranıb.
İddialara görə, yeni direktorun ilk günlərindən kollektiv daxilində müxtəlif anlaşılmazlıqlar meydana çıxıb. Bəzi əməkdaşlara verilən göstərişlərin tez-tez dəyişməsi, əvvəl deyilən sözlə sonrakı qərarın bir-birinə uyğun gəlməməsi, təcrübəli əməkdaşların mövqeyinə münasibət və idarəçilik üslubu narazılıq yaradıb.
Rəhbərlikdə əsas məsələ kresloda oturmaq deyil, kollektivə rəhbərlik edə bilməkdir.
Əgər direktor kollektivin təcrübəli müəllimlərini özünə rəqib kimi görürsə, bu artıq idarəçilik problemi deyilmi?
Əgər illərlə həmin müəssisədə çalışan, təcrübəsi və biliyi ilə seçilən müəllimlərin fikri nəzərə alınmırsa, onda rəhbərlikdən gözlənilən peşəkar idarəçilik haradadır?
“Səhvim olub” demək kifayətdirmi?
Kollecdə ən çox müzakirə olunan məsələlərdən biri də fənn birləşməsi komissiyalarında aparılan dəyişikliklərlə bağlıdır.
Məsələn, uzun illər kollecdə çalışan, ixtisasca rus dili müəllimi Rəna Kəngərlinin FBK sədri vəzifəsindən uzaqlaşdırılması kollektivdə suallar doğurub.
Daha sonra direktorun həmin müəlliməyə “sənə qarşı səhvim olub, mənə səhv məlumat veriblər” dediyi barədə məlumat yayılıb.
Əgər bu söz həqiqətən deyilibsə, onda daha bir sual yaranır:
Səhv məlumat əsasında verilmiş qərarın səhv olduğu etiraf edilirsə, həmin qərarın nəticəsi niyə aradan qaldırılmır?
Bir rəhbər öz səhvini etiraf etməyi bacarırsa, bu müsbət haldır. Amma rəhbərlikdə yalnız səhvi etiraf etmək yox, həmin səhvi düzəltmək də lazımdır.
İşdən çıxarmaq ən asan yoldur?
Kollektivdən gələn digər məlumatlar da ciddi narahatlıq doğurur.
İddialara görə, bəzi müəllimlərin, laborantların və texniki işçilərin işdən azad edilməklə hədələndiyi, müəyyən əməkdaşların isə işdən uzaqlaşdırıldığı bildirilir.
Xüsusilə ailəsinin əsas təminatçısı olan şəxslərin əmək münasibətlərinə xitam verilməsi məsələsi diqqətlə araşdırılmalıdır.
Ramilə Bayramova və digər əməkdaşlarla bağlı qərarların hansı meyarlarla qəbul edildiyi ictimaiyyətə və kollektivə aydın şəkildə izah edilməlidir.
Dövlət müəssisəsində “mən belə istəyirəm” prinsipi ola bilməz. Orada qanun var, əmək müqaviləsi var, hüquq var, məsuliyyət var.
Əgər işçi peşəkar deyil – bunun hüquqi əsaslandırması olmalıdır.
Əgər işçi vəzifəsinə uyğun deyil – bunun obyektiv qiymətləndirilməsi aparılmalıdır.
Əgər işçi qanunu pozub – bunun hüquqi proseduru tətbiq edilməlidir.
Amma əməkdaşın taleyi şəxsi münasibətlərdən asılı vəziyyətə düşürsə, bu, artıq çox ciddi idarəçilik problemidir.
Davamiyyət jurnalı kimə və nə üçün verilib?
Kollecdə işçilərin davamiyyətinin qeydiyyatı ilə bağlı da maraqlı iddialar səslənir.
Məlumata görə, kollecin işçilərinin davamiyyət jurnalının anbardarın ixtiyarına verilməsi kimi bir praktika mövcuddur.
Əgər belədirsə, sual sadədir:
Bu qərarın hüquqi əsası nədir?
Dövlət müəssisəsində hər bir vəzifənin öz funksiyası var. Anbardarın işi ilə insan resurslarının, inzibati idarəetmənin və əmək intizamının uçotu eyni şey deyil.
Ona görə də bu məsələnin də aidiyyəti qurumlar tərəfindən araşdırılması vacibdir.
Qohumbazlıq iddiası varsa, araşdırılsın
Direktorun sürücüsünün onun yaxın qohumu – xalası oğlu olması barədə də məlumatlar yayılıb.
Bu məlumat doğrudursa, özü-özlüyündə məsələyə hüquqi qiymət verilməlidir. Əgər hər hansı qanun pozuntusu yoxdursa, məsələ aydınlaşdırılmalıdır. Əgər maraqlar toqquşması və ya digər qanun pozuntusu varsa, bunun da qarşısı alınmalıdır.
Dövlətin avtomobilindən şəxsi məqsədlərlə istifadə edilməsi barədə səsləndirilən iddialar isə daha ciddi məsələdir və yalnız rəsmi araşdırma ilə təsdiq və ya təkzib edilə bilər.
Dövlət əmlakı şəxsi mülk deyil.
Bu səbəbdən dövlət avtomobilinin hansı məqsədlə, kim tərəfindən və hansı marşrutlarda istifadə edildiyi aidiyyəti qurumlar üçün araşdırılması mümkün olan məsələlərdəndir.
İmtahan nəticələri, kredit sistemi və diplom məsələləri
Ən ciddi suallar isə kollecin tədris prosesinə aid məsələlərlə bağlıdır.
Tələbələrin imtahan nəticələrinin düzgün rəsmiləşdirilməsi, kredit sisteminin tətbiqi, diplomların hazırlanması və təhsil sənədlərinin düzgün tərtib olunması sadə texniki məsələ deyil.
Bunlar tələbənin gələcəyinə birbaşa təsir edən məsələlərdir.
Kollecdə imtahan nəticələri ilə bağlı hər hansı uyğunsuzluq, sənədlərin qarışdırılması və ya məhv edilməsi faktı varsa, bu, mütləq şəkildə araşdırılmalıdır.
Eyni zamanda, məzunlara eyni tədris ili ərzində iki müxtəlif ixtisas üzrə diplomların verilməsi barədə səsləndirilən məlumatlar da ciddi araşdırma tələb edir.
Burada söhbət konkret olaraq Türkan Hacıyeva və digər əməkdaşların fəaliyyətindən deyil, ilk növbədə təhsil sənədlərinin rəsmiləşdirilməsi sisteminin necə işlədiyindən gedir.
Əgər belə fakt yoxdur – bunu sənədlərlə göstərmək mümkündür.
Əgər fakt varsa – məsul şəxslər müəyyən edilməlidir.
Müəllim qəbulu hansı qaydada aparılır?
Kollecə yeni müəllimlərin qəbulu ilə bağlı da suallar meydana çıxır.
Müəllimlərin hansı meyarlarla seçildiyi, namizədlərin ixtisaslarının tədris etdikləri fənlərə uyğun olub-olmadığı və seçim prosesinin hansı normativ sənədlərə əsasən həyata keçirildiyi açıqlanmalıdır.
Çünki dövlət kolleci şəxsi seçim meydanı deyil.
Burada əsas meyar tanışlıq, yaxınlıq və şəxsi münasibət yox, bilik, ixtisas və peşəkarlıq olmalıdır.
Kollec inkişaf etməlidir, geriyə getməməlidir
Əvvəlki illərdə kollecin maddi-texniki vəziyyəti, cari təmir işləri və təsərrüfat məsələləri ilə bağlı müəyyən işlərin görüldüyü bildirilir.
Hazırda isə kollecin təsərrüfat fəaliyyətinin vəziyyəti barədə də narazılıqlar səslənir.
Bütün bunlar bir-birindən ayrı götürüldükdə xırda görünə bilər. Amma hamısını bir yerə gətirəndə ortaya başqa mənzərə çıxır:
İdarəçilik sistemi işləyirmi?
Əgər işləyirsə, niyə kollektivdə bu qədər sual var?
Əgər hər şey qanun çərçivəsindədirsə, niyə əməkdaşlar məhkəməyə müraciət etmək məcburiyyətində qalırlar?
Əgər yeni rəhbər islahat üçün gətirilibsə, bu islahatın nəticələri haradadır?
Məhkəməyə gedən yollar niyə açılır?
İşçi rəhbərlikdən narazı qala bilər. Rəhbərlik də işçidən narazı qala bilər. Bu, əmək münasibətlərində mümkündür.
Amma dövlət müəssisəsində mübahisənin son ünvanı məhkəmə olursa, burada artıq dayanıb düşünmək lazımdır.
Çünki məhkəmə yolu işçi üçün həm maddi, həm mənəvi, həm də zaman baxımından ağır prosesdir.
Əməkdaşlar məhkəməyə müraciət etməyə başlayırlarsa, ilk növbədə “niyə?” sualına cavab axtarmaq lazımdır.
Problem işçidədir, yoxsa idarəçilikdə?
Bunu müəyyən etməyin ən düzgün yolu müstəqil və obyektiv araşdırmadır.
Nazirliyə suallar
Bu yazı ilə kimisə günahkar elan etmək məqsədi güdülmür.
Əksinə, səsləndirilən iddiaların hamısının aidiyyəti dövlət qurumları tərəfindən araşdırılmasını istəyirik.
Çünki əgər məlumatlar əsassızdırsa, direktorun da özünü müdafiə etmək və həqiqəti ortaya qoymaq hüququ var.
Əgər məlumatların bir hissəsi doğrudursa, onda qanun qarşısında məsuliyyət daşıyan şəxslər müəyyən edilməlidir.
Ən təhlükəli vəziyyət isə həqiqətin bilinməməsidir.
Qazax Dövlət Sosial-İqtisadi Kolleci dövlət təhsil müəssisəsidir. Burada müəllimlərin hüququ, tələbələrin gələcəyi və dövlət vəsaitlərinin səmərəli idarə olunması məsələsindən söhbət gedir.
Ona görə də aidiyyəti qurumlara sualımız sadədir:
Qazax Dövlət Sosial-İqtisadi Kollecində son altı ayda aparılan kadr dəyişiklikləri və qəbul edilən idarəçilik qərarları araşdırılıbmı?
İşdən azad olunan əməkdaşların hüquqlarına əməl olunubmu?
Yeni işə qəbul prosesləri hansı qaydada həyata keçirilib?
İmtahan nəticələri və diplomlarla bağlı səsləndirilən iddialar yoxlanılıbmı?
Kollecin maliyyə-təsərrüfat fəaliyyəti audit edilibmi?
Dövlət avtomobilindən istifadə ilə bağlı hər hansı araşdırma aparılıbmı?
Və ən əsası:
Kollektivdə yaranmış narazılıqların səbəbi nədir?
Bu sualların cavabını nə sosial şəbəkələr, nə şayiələr, nə də şəxsi münasibətlər verməlidir.
Cavabı sənədlər, qanun və obyektiv araşdırma verməlidir.
Əgər bütün bunlar sadəcə böhtan və əsassız iddialardırsa, bunu sübut etmək çox asandır.
Əgər deyil...
Onda artıq məsələ bir direktorun fəaliyyəti yox, dövlət müəssisəsində idarəçilik məsuliyyəti məsələsidir.
Və unutmayaq:
Dövlət müəssisəsində kreslo müvəqqətidir, qanun isə hamı üçün qalıcıdır.
...
İlham Hacalı, ATİA.AZ
Bölməyə aid digər xəbərlər















