16:40 / 23-02-2026
60 İLLİK ZİYALI ÖMRÜ
Zəfər Günü – Qurtuluşun və Cumhuriyyətin təməli

       Tarix yalnız qələmlə yazılmır – bəzən süngülərlə, bəzən xalqın iradəsi ilə həkk olunur. 30 avqust 1922-ci il Türkiyə tarixində məhz belə bir gündür: bir millətin azadlıq iradəsini bütün dünyaya sübut etdiyi və müasir dövlətin əsasını qoyduğu gündür.

I Dünya müharibəsindən sonra imzalanmış Sevr müqaviləsi (10 avqust 1920) Osmanlı dövlətini faktiki olaraq xəritədən silirdi. Anadolu torpaqları Yunanıstan, Fransa, Böyük Britaniya və İtaliya arasında bölüşdürülürdü.

1919-cu il 15 may – Yunan qoşunları İzmirə çıxarıldı.

1919-cu il 19 may – Mustafa Kamal Paşa Samsuna çıxaraq Milli Mübarizənin fitilini yandırdı.

1919-cu ilin iyun–dekabr ayları – Erzurum və Sivas konqreslərində “milli hüdudlar daxilində müstəqillik” qərarı qəbul olundu.

1920-ci il 23 aprel – Ankarada Türkiyə Böyük Millət Məclisi açıldı və mübarizə xalq hakimiyyəti əsasında təşkil olundu.

Milli Mübarizə dövründə bir sıra mühüm döyüşlər baş verdi:

1921-ci ilin yanvarı – I İnönü döyüşü (Türk ordusunun ilk qələbəsi);

1921-ci ilin martı – II İnönü döyüşü (Yunan hücumunun dayanması);

1921-ci ilin avqustu–sentyabrı – Sakarya meydan döyüşü (22 gün davam edən müdafiə müharibəsi, düşmənin geri çəkilməsi).

Bu qələbələrdən sonra Mustafa Kamal Paşa ordunun tam hücuma hazır olmasını əmr etdi. 26 avqust 1922-ci il – tarixə “Böyük Taarrüz” adı ilə düşən ümumi hücum başladı.

Dörd gün davam edən əməliyyatlar nəticəsində 30 avqustda Dumlupınarda həlledici qələbə qazanıldı:

Yunan ordusunun əsas qüvvələri mühasirəyə alınıb məhv edildi;

Başkomandan General Trikupis əsir götürüldü (yunan ordusu tarixində bir ilk);

Anadolu torpaqlarının azad edilməsi sürətləndi, 9 sentyabrda İzmir, 18 sentyabrda isə bütün Qərbi Anadolu işğaldan təmizləndi.

Bu zəfərlə birlikdə Sevr müqaviləsi tarixi cəhətdən iflasa uğradı və Lozan müqaviləsinə (24 iyul 1923) gedən yol açıldı.

30 avqust zəfəri, Türk ordusunun və xalqının müstəqillik əzmini bütün dünyaya nümayiş etdirdi.

Bu zəfər 29 oktyabr 1923-cü ildə Türkiyə Cümhuriyyətinin elanına aparan əsas mərhələ oldu;

Mustafa Kamal Paşa bu qələbədən sonra “Başkomandan” rütbəsi ilə tarixə düşdü;

1926-cı ildən etibarən 30 avqust – Zəfər Günü kimi rəsmi bayram elan olundu.

30 avqust təkcə bir döyüşün xatirəsi deyil – bu gün azadlığın ancaq mübarizə ilə qazanıldığını, xalq və ordunun birləşdikdə qarşısıalınmaz gücə çevrildiyini xatırladır. Mustafa Kamal Atatürk bu barədə deyirdi:

 “Hər şeyin öhdəsindən gələ biləcək bir qüvvə varsa, o da millətin özüdür.”

Bu zəfər təkcə Türkiyənin deyil, bütün türk dünyasının ortaq qürurudur. 30 avqust – keçmişin qəhrəmanlığını yad edərək gələcəyə inamla baxmağın, milli iradənin əzəli və əbədi gücünü hiss etməyin günüdür.








Məhəbbət İbrahimova


Tarix: 31-08-2025, 19:02 Oxunub: 959


Bölməyə aid digər xəbərlər


«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031