Azərbaycanın xarici siyasətinin ən əsas istiqamətlərindən biri Türk ölkələri ilə əlaqələrin daha da genişləndirilməsi, Türk dünyasının və Türk Dövlətləri Təşkilatının gücləndirilməsindən ibarətdir. Bu bir həqiqətdir ki, ölkəmiz hər zaman Türk dünyasının sıx birləşməsi, onun siyasi, iqtisadi və hərbi qüdrətinin artması, qlobal arenada güc mərkəzinə çevrilməsi naminə səylər göstərmişdir.
Bu il iyulun 6-da Şuşada Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə Möhtərəm Prezidentimiz cənab İlham Əliyev çıxışı zamanı bir sıra mühüm və vaccib məqamlara toxunaraq qeyd etdi ki, Türk Dövlətləri Təşkilatı dünya miqyasında güc mərkəzlərinin birinə çevrilməlidir. Biz böyük coğrafi məkanı əhatə edirik, üzv ölkələrdə müsbət demoqrafik dinamika müşahidə olunur, hərbi potensialımız döyüş meydanlarında özünü dəfələrlə göstərmişdir. Zəngin təbii resurslarımız, onların nəqli üçün müasir infrastruktur, Mərkəzi Asiyanı, Qafqazı Aralıq və Qara dəniz limanları ilə birləşdirən nəqliyyat dəhlizləri, zəngin və qədim tariximiz, oxşar mədəniyyətimiz bizim böyük sərvətimizdir. Xalqlarımızın ənənəvi dəyərlərə sadiqliyi və eyni etnik köklərə malik olmaları ölkələrimizi sıx birləşdirir. XXI əsr Türk dünyasının inkişafı əsri olmalıdır.
Şuşanın beynəlxalq statusundan söz açan ölkə rəhbəri söylədi ki, Qarabağın tacı Şuşa şəhəri həmişə Azərbaycanın və regionun mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olmuşdur. Şuşanın 1992-ci ilin mayında Ermənistan tərəfindən işğal edilməsi Azərbaycan xalqının böyük faciəsi idi. Azərbaycan xalqı bu işğalla heç vaxt barışmamış, həmişə Şuşaya və işğal altında olan digər ərazilərimizə qayıtmaq arzusu ilə yaşamış və buna nail olmuşdur.
Ölkə başçısı bildirdi ki, hər il noyabrın 8-i Azərbaycanda Zəfər Günü kimi qeyd edilir. 2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ordusu döyüş meydanında 300-dən çox şəhər və kəndi Ermənistanın təxminən 30 il davam edən işğalından azad etmişdir. 2020-ci il noyabrın 8-də Şuşanın işğaldan azad edilməsindən sonra Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur olmuş və beləliklə, İkinci Qarabağ müharibəsi başa çatmışdır.
Əlamətdar hadisələrdən söz açan Ölkə Başçısı vurğuladı ki, 2021-ci ildə Şuşa şəhəri “Azərbaycanın mədəniyyət paytaxtı” elan olunmuşdur. Qarabağ xanı Pənahəli xan tərəfindən Şuşanın təməlinin qoyulmasının 270-ci ildönümü ilə əlaqədar 2022-ci il Azərbaycanda “Şuşa İli” elan edilmişdir. TÜRKSOY tərəfindən Şuşa şəhəri 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı”, ICESCO tərəfindən isə 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan olunmuşdur. Şuşa Bəyannaməsi də 2021-ci ildə məhz Şuşada imzalanmışdır.
Ölkə Başçısı onu da bildirdi ki, cari ildə Azərbaycan COP29 konfransına ev sahibliyi edəcək. COP29-a sədrlik və bu tədbirin Bakıda keçirilməsi beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə olan böyük etimadın bariz nümunəsidir. 200-ə yaxın ölkə Azərbaycanın namizədliyini yekdilliklə dəstəkləmişdir. Azərbaycan Qoşulmama Hərəkatında 4 il sədrliyi dövründə əldə etdiyi təcrübədən istifadə edərək inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında həmrəyliyin gücləndirilməsi, konsensusa nail olunması üçün səylərini əsirgəməyəcək.
Möhtərəm Prezidentimizin qeyd etdiyi kimi, mövcud reallıqlar onu göstərir ki, imzalanmış Qarabağ Bəyannaməsi, qəbul edilmiş qərarlar Türk dünyasının həmrəyliyini və eyni zamanda, Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzunu daha da gücləndirəcəkdir.
Fərhad Qocamanov
YAP Qazax rayon təşkilatının veteranı
Bölməyə aid digər xəbərlər