Bu gün harada yaşamasından asılı olmayaraq bütün dünya azərbaycanlıları müasir müstəqil, qalib Azərbaycanla qürur duyur. Cənab İlham Əliyev fevralın 14-də Milli Məclisdə keçirilən andiçmə mərasimində “Bu gün Azərbaycan xalqı bir yumruq kimi birləşib. Bizi birləşdirən ümummilli məsələ Qarabağın azad edilməsi idi. Bu məsələ artıq öz həllini tapdı və bu birlik daimi olmalıdır. Milli birlik daimi olmalıdır, çünki Azərbaycanın önəmi artır, dünyada oynadığı rolu artır. Əlbəttə, bizə qarşı bundan sonra da ideoloji təxribatlar nəinki istisna deyil, bunlar qaçılmazdır və biz bunu demək olar ki, gündəlik həyatda görürük. Bizim işimizə kölgə salmaq, bizi diskriminasiyaya uğratmaq, Azərbaycan haqqında əsassız və yalançı, mənfi imic yaratmaq - biz bütün bunları gündəlik həyatda görürük, Azərbaycan xalqı görür və bundan hiddətlənir” fikirləri ilə uğurlarımızda birliyimizin, hənrəyliyimizin rolunu xüsusi qeyd edir və bu hədəfi açıqlayır ki, birliyimiz daimi olmalıdır.
Azərbaycançılıq ideologiyasının inkişafı və təbliği müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin hakimiyyətinin hər iki dövründə əsas hədəflərdən olub. Ulu Öndərin atdığı hər addım bu hədəfə böyük töhfə idi. Məhz bu baxımdan cənab İlham Əliyev andiçmə mərasimində bildirdi ki, azərbaycançılıq prinsipləri Azərbaycanda çoxdan bərqərar olub. Ulu Öndər Heydər Əliyevin bizə qoyduğu dəyərli miraslardan biri də məhz azərbaycançılıq məfkurəsidir. Biz, onun davamçıları isə bu müsbət meyilləri öz tərəfimizdən daha da gücləndiririk. Azərbaycanda yaşayan bütün xalqlar vahid, mehriban ailə kimi yaşayır. Birliyimizi pozmaq istəyənlər nə qədər cəhd göstərsələr də buna nail ola bilməyiblər və heç vaxt nail ola bilməyəcəklər. Çünki hamımız bir amal uğrunda birləşmişik: “Biz hamımız şəhidlər vermişik, qan tökmüşük. Erməni işğalçılara qarşı sinəmizi qabağa verib döyüşə getmişik. Bu birlik, bu həmrəylik və bu şanlı Zəfər tarixi Azərbaycanda yaşayan bütün xalqları daha da sıx birləşdirir və bu da əsas vəzifələrdən biri kimi qarşıya qoyulur. Deyə bilərəm ki, bu sahədə çox böyük tarixi nailiyyətlər var, baxmayaraq ki, müxtəlif istiqamətlərdən bu birliyi pozmaq, bizim aramıza girmək, təxribat xarakterli uydurmaları ortaya atmaq cəhdləri kifayət qədər çox olub və olacaq. Çünki bizi istəməyən qüvvələr, bizim gücümüzü qəbul etməyən, Ermənistan üzərində parlaq Qələbəmizi həzm edə bilməyən anti-Azərbaycan qüvvələr çalışacaqlar ki, bu amildən istifadə etsinlər. Onların səyləri əbəs olacaq. Bizim birliyimiz bu səylər qarşısında bir sədd kimi durmalıdır və durur.”
Prezident İlham Əliyev belə cəhdlərinin qarşısının alınmasında mühüm amil olan gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi məsələsinə də xüsusi diqqət yönəltdi. Belə bir çağırış səsləndirildi ki, elə bir gənc nəsil yetişdirməliyik ki, onlar da daim bizim kimi milli ənənələrə, milli-mənəvi dəyərlərə sadiq olsunlar, onların beyinləri saf olsun. Heç kim onların beyinlərini zəhərləmək istəyəndə uğura nail olmasın.
Bu kimi məsələlərdə ailələrin, məktəblərin də üzərinə böyük məsuliyyət düşür. Kiçik dövlət olan ailədə uşaqların bir vətəndaş kimi dövlətinə, xalqına bağlılıq ruhunda tərbiyə olunması gələcəkdə bu yönümdə göstərdikləri fəaliyyətdə öz sözünü deyir. Gənclərimiz hər zaman tariximizi, milli-mənəvi dəyərlərimizi, mədəniyyətimizi, dilimizi öyrənməli, onun inkişaf etdirilməsinə öz töhfələrini verməlidirlər. Yenə də ailələrin rolu danılmazdır. Dövlət başçısı andiçmə mərasimindəki nitqində bu xoşbəxtlik hissini xüsusi qeyd etdi ki, Azərbaycan ailəsi sağlam, ənənələr, milli dəyərlər üzərində qurulan ailədir: “Ailə tərbiyəsi hər bir gənc üçün, hər bir uşaq üçün əsas tərbiyədir. İkinci yerdə məktəb tərbiyəsidir və belə müzəffər gənclərimizin yetişdirilməsində də Azərbaycan məktəbinin çox böyük rolu vardır. Məktəblərdə uşaqlara aşılanan dəyərlər, müstəqilliklə bağlı, milli ləyaqətlə bağlı, əsrlər boyu bizə qarşı edilən ədalətsizliklə, - təkcə son 30 il ərzində yox, - torpaqlarımızın müxtəlif dövrlərdə əlimizdən alınması ilə bağlı və bizim qəhrəmanlıq tariximizlə bağlı uşaqlara verilən tərbiyə və biliklər çox böyük önəm daşıyır. Bütövlükdə milli-mənəvi dəyərlərə gəldikdə, bu, bizim cəmiyyətimizin əsasıdır və bu, sarsılmaz varlıqdır, sarsılmaz dəyərdir və bunu sarsılmaz etmək bizim əlimizdədir.”
Azərbaycan xalqının həmrəyliyi əsas uğurlarımızdan biridir. İkinci Qarabağ müharibəsindəki parlaq Qələbə bir daha onu göstərdi ki, Azərbaycan xalqı böyük xalqdır, yenilməzdir, məğrurdur. Bu reallıq hər zaman önə çəkilir ki, keçmişini unutmayan, bu günü ilə qürur duyan və gələcəyə böyük inamla addımlayan xalq tarixin bütün sınaqlarından şərəflə çıxır. Azərbaycan xalqı daim xoşbəxt xalqlar sırasında qeyd edilir. Xalqımız tarixinə, torpaqlarına sahib çıxması ilə qürurludur. Birliyimiz, həmrəyliyimiz tarixi ədalətə və beynəlxalq hüquqa söykənən növbəti addımlarımızda da öz sözünü deyəcək. 20 ili uğurlarla, zəfərlərlə arxada qoyan qalib Azərbaycanı yeni dövrdə yeni zəfərlər gözləyir.
Anar Nəbiyev
YAP Qazax rayon təşkilatının sədri
Bölməyə aid digər xəbərlər