Növbəti təxribat: Ermənistan bunun bədəlini çox ağır ödəyəcək

    “Ermənistan iqtidarının Qarabağa son 2 ildə barmaqla sayılacaq səfərləri fonunda hazırda növbəti deputat qrupunun Azərbaycan ərazilərinə getməsi təbii ki, rəsmi Bakının sərt reaksiyasına gətirib çıxaracaq” - bunu hərbi ekspert Ədalət Verdiyev deyib.

Onun sözlərinə görə, sülhməramlı kontingent və ermənilər Azərbaycanın səbr kasasını daşırmağa risk etməməlidirlər: - “Vətən müharibəsindən sonrakı dövrdə Qarabağa səfər edən demək olar ki, bütün erməni rəsmiləri bu səfərlərdən qısa müddət sonra Nikol Paşinyan tərəfindən vəzifədən azad edilib. Bura həm Ermənistanın XİN rəhbəri Ara Ayvazyan, həm də müdafiə nazirini misal göstərə bilərik. Ümumilikdə götürdükdə, sülhməramlıların müvəqqəti nəzarətində olan Qarabağ ərazilərinə erməni deputatların səfərinin Paşinyan tərəfindən təqdir edilmədiyi şübhə doğurmur.
İstənilən halda Azərbaycan ərazilərinə rəsmi Bakı ilə razılaşdırılmayan səfər təxribat xarakterlidir. Rusiya sülhməramlıları üzərinə düşən funksiyanı yerinə yetirməli və bu səfərin qarşısı alınmalıdır. Əks təqdirdə Azərbaycanın razılığı olmadan Azərbaycan torpaqlarına addım atan hər kəs Azərbaycan hüquq mühafizə orqanları üçün legitim obyektdir. Həmin şəxslərin saxlanılması mümkün olmadıqda onların Azərbaycan ərazisində legitim hədəfə çevrilməsi də mümkündür.
  Həm Fərrux əməliyyatı ilə, həm “Qisas” əməliyyatı ilə Azərbaycan tərəfi həm Rusiya sülhməramlılarına, həm də Ermənistan və separatçı rejim “rəhbərliyinə” Azərbaycan ərazilərində təhlükəsizliyə zəmanət verə biləcək qüvvənin kim olduğunu çox aşkar şəkildə nümayiş etdirib.
 Hesab edirəm ki, adını çəkdiyim bu üç qurumdan heç biri Azərbaycanın səbr kasasını daşırmağa risk etməməlidir. Bunun nəticələri Ermənistan üçün çox ağrılı-acılı ola bilər”.
Qeyd edək ki, “Ermənistan” fraksiyasının deputatları Azərbaycanın Qarabağ bölgəsinə qanunsuz səfər ediblər. Onların arasında Aqnesa Xamoyan, Aram Vardevanyan, Aqvan Vardanyan, Anna Qriqoryan, Artur Sarkisyan var. Onlar Zabux və Laçında sakinlərlə görüşüb söhbət ediblər. Bu gün onların Xankəndiyə gedəcəyi bildirilir. Lakin deputatların səfərin təfərrüatlarını açıqlamamağa çalışdıqları diqqətdən yayınmayıb.


Tarix: 12-08-2022, 15:47 Oxunub: 192


Bölməyə aid digər xəbərlər