Bakıya qarşı yeni, çirkin oyun: Vaşinqton niyə susur?

ABŞ Konqresinin Nümayəndələr Palatasında Azərbaycanı "qanunsuz saxladığı erməni əsirləri və girovları azad etməyə çağıran" qətnamə layihəsini müzakirə olunacaq.
"Azərbaycan tərəfindən bütün müharibə əsirləri və əsir götürülmüş mülki şəxslərin azad edilməsi ilə bağlı Nümayəndələr Palatasının mövqeyinin ifadə olunması" (Expressing the Sense of the House of Representatives That Azerbaijan Immediately Release All Prisoners of War and Captured Civilians) adlı sənədi qatı ermənipərəst konqresmenlər Adam Şiff (Kaliforniya ştatı) Qas Bilirakis (Florida), Ceki Speyer (Kaliforniya), Devid Valadao (Kaliforniya) və Frenk Pallone (Nyu-Cersi) hazırlayıblar.
Qətnamə layihəsində deyilir: "Azərbaycanın Silahlı qüvvələri erməni hərbi əsirlərlə çox pis davranaaq onları fiziki zorakılığa və işgəncələrə məruz qoyublar. Belə zorakılıq əməlləri arasında əsirin başının kəsilməsi, heç bir məhkəmə olmadan edam və cəsəd qalıqlarının təhqir olunması var. Əsirlikdə olan erməni qadınların seksual təcavücə və digər formada qəddar davranışlara məruz qalması təhlükəsi ilə bağlı ciddi narazılıq var".
Sənədin müəllifləri ABŞ-ın hakimiyyət dairələri rəsmi Bakı ilə bütün səviyyələrdə, o cümlədən ATƏT-in Minsk Qrupunun çərçivəsində təmaslara girərək noyabrın 9-da imzalanmış üçtərəfli bəyanatın şərtlərinə və beynəlxalq hüquqa əməl etməyə, bütün hərbi əsirləri və ələ keçirilmiş mülki şəxsləri azad etməyə çağırmalarını istəyirlər.
Layihədə 2020-ci il 9 noyabr tarixli Üçtərəfli Bəyanatın tələblərinin, xüsusilə hərbi əsirlərin qaytarılması ilə bağlı razılaşmanın Ermənistan tərəfindən tamamilə icra edildiyinə rəğmən, Azərbaycan tərəfindən hələ də 200-ə yaxın hərbi və mülki şəxslərin "girov" kimi saxlanılması qeyd olunur.
"Human Rights Watch" və Kolumbiya Universitetinin İnsan Haqlarının Tədqiqatı üzrə İnstitutunun məruzələrinə istinad olunaraq guya müharibə dövründə Azərbaycan ordusu və Türkiyənin dəstəklədiyi islamçı döyüşçülər tərəfindən ermənilərə qarşı irimiqyaslı hərbi cinayətlər törədildiyi iddia olunur.
ABŞ-dakı erməni diasporunun ən nüfuzlu təşkilatı sayılan Amerika Erməni Milli Komitəsi (Armenian National Committee of America, ANCA) qətnamə layihəsindən məmnunluq duyduğunu vurğulayaraq, "Azərbaycanı 200-dən artıq erməni əsiri və girovu dərhal azad etməyə çağıran sənədin qəbul ediləcəyinə" ümid etdiyini bildirib.
"Konqsmen Şiffə və onun "Erməni komitəsi"ndəki həmkarları Pallone, Bilirakis, Şpeyer və Valadaoya minnətdarlıq edirik", - ANCA-nın icraçı direktoru Suren Hamparyan deyib.
ABŞ Konqresindəki "Erməni komitəsi" Nümayəndələr Palatasında və Senatda da qətnamə layihəsini paylaşaraq konqresmenlərlə senatorları sənədi dəstəkləməyə çağırırlar.
Qətnamə layihəsinin bu həftəsonunadək Nümayəndələr Palatasında səsverməyə çıxarılması gözlənilir.
Birləşmiş Ştatlardakı erməni diasor təşkilatlarının maliyyələşdirdikləri konqresmenlərin belə "təşəbbüs"ü çoxsaylı suallar doğurardı - sənəd layihəsinin müəlliflərinin kimliyi bəlli olmasaydı.
Adam Şiff və Frenk Pallonenin indiyədək sürəkli hətta fasiləsiz qaydada Azərbaycana qarşı ən absurd, idiotik və qərəzli ittihamlarla çıxış edərək Bakı qarşısında müxtəlif tələblər qoymaları onların könüllü seçimi deyil.
Kaliforniya və Nyu-Cersi ştatlarında yaşayan erməni seçicilərin səslərini itirməmək, ən başlıcası isə erməni diasporunun lobbinq ianələri formasında daimi maliyyə dəstəyindən məhrum olmamaq üçün bu duet absurdun özünü belə, absurdlaşdırmaqla məşğuldur.
Nümayəndələr Palatasının və Senatın müvafiq komitələrinin üzvləri asanlıqla dəqiqləşdirə bilərlər ki, Birinci Qarabağ Savaşında, Azərbaycan ərazilərinə erməni təcavüzü nəticəsində əsir, itkin düşmüş və girov götürülmüş azərbaycanlıların sayı 4166 nəfərdir. İndiyədək əsir və girovluqdan 1396 nəfər azad olunub. Onlardan 343 nəfər qadın, 1053 nəfəri kişidir. 104 qadın, 447 kişi olmaqla 552 nəfər əsir və girovu ermənilər xüsusi amansızlıqla qətlə yetiriblər.
Taleləri naməlum olan azərbaycanlı əsirlərlə girovlar barədə Ermənistanın müvafiq dövlət qurumları nə Azərbaycana, nə də beynəlxalq təşkilatlara hər hansı məlumat veriblər, belə niyyətləri də yoxdur.
İkinci Qarabağ və ya Vətən Müharibəsi dövründə Şiff-Pallone dueti və onların ətrafındakı ermənipərəst konqresmenlər dəfələrlə işğalçı Ermənistanı dəstəkləyən, ərazilərini işğaldan azad etməyə çalışan Azərbaycanı pisləmişdilər.
Onlar Azərbaycanın "cəzalandırılması"nı ehtiva edən 3 qətnamə layihəsi hazırlamış, Ağ Evə və Dövlət Departamentinə 6 (!) kollektiv məktub yollayaraq Vaşinqtondan İrəvana "təcili və təxirəsalınmaz dəstək" tələb etmişdilər.
Ağ Ev savaş günlərində olduğu kimi, indi də ermənipərəstliklərini əsla gizlətməyən və hətta bunu qürur hissi ilə bəyan edən konqresmenlərin marazmatik tələbləri ilə bağlı heç bir rəsmi mövqe bildirməyib.
Vaşinqton administrasiyasının zahiri laqeydliyi, beynəlxalq hüquqa, ABŞ-Azərbaycan münasibətlərinin strateji və geosiyasi əhəmiyyətinin nəzərə alınmayaraq susqun durumu seçməsi təbii ki, ANCA və digər erməni diaspor təşkilatlarını daha da həvəsləndirir, Ermənistan isteblişmentində isə "ABŞ tələblərimizi dəstəkləyir" tipli illüziyaların dayanıqlı olmasına rəvac verir.
Ağ Evin hüquq və ədalətə əsaslanacaq mövqe sərgiləməməsi bir yana - Bakı ilə ikitərəfli münasibətlərdə ciddi sərinlik yarada biləcək addımlar atmağa meylli olduğunu dolayı yolla bildirməsi təhlükəli məqamdır. Çünki Vaşinqtonun belə davranışı ortaq maraqlar, geosiyasi mənafelər və konseptual dəyərlər toplusuna əsaslanan Azərbaycan-ABŞ tərəfdaşlığı ilə yanaşı, strateji əməkdaşlığında da problemlər yarada bilər.
Səbəb bəsitdir: Birləşmiş Ştatların Konqresində mütəmadi olaraq irəli sürülən və səsləndirilən belə "təşəbbüslər" kontekst baxımından mövcud geosiyasi reallıqlarlarla ziddiyyət təşkil edərək dövlətlərarası münasibətlərin paradiqmasının özünə ironiya olsa da, Cənubi Qafqaz bölgəsindəki proseslərə əsla müsbət təsir göstərməyə bilər.
Ağ Ev anlamamış deyil ki, sentyabrın 27-də Ermənistan Silahlı Qüvvələrinin aqressiyası ilə başlayaraq noyabrın 9-da ermənilərin darmadağını və kapitulyasiyası, Azərbaycanın zəfəri ilə başa çatan 2-ci Qarabağ Müharibəsi bitib.

Müharibə başa çatandan sonra Ermənistan Müdafiə Nazirliyinin Qarabağa yolladığı, tam əksəriyyəti Ermənistanın Şirak və Sünik (Zəngəzur) bölgələrindən olub ordumuzun antiterror əməliyyatı zamanı yaxalanan ermənilər heç bir halda hərbi əsir sayıla bilməzlər. Onlar noyabrın 10-dan sonra Qarabağa göndərildikləri üçün terrorçu və diversant sayılırlar, bu şəxslərə hərbi əsirlər və girovlarla bağlı 1949-cu il tarixli Cenevrə konvensiyasının şərtləri də tətbiq edilə bilməz.
Terrorçuların "dərhal azad edilməsini" israrla tələb edən Ermənistan və erməni diaspor təşkilatları, habelə ABŞ-dakı ermənipərəst siyasətçilər nədənsə unudurlar ki, Qərb ölkələrində analoji hallarda dövlət sadəcə, bir qərar verir: analoji ittihamların irəli sürüldüyü şəxslər mütləq şəkildə məhkəməyə cəlb olunur, ağır cəzalar alırlar.
Noyabrın 10-dan, Rusiya, Azərbaycan və Ermənistan arasında üçtərəfli bəyanat imzalanandan sonra diversiya və terror aktları törətmək, Azərbaycan hərbçilərini və dinc sakinləri hədəfə alaraq qətlə yetirmək üçün Qarabağa göndərilmiş Ermənistan vətəndaşları barədə də cinayət işləri qaldırılıb, istintaq gedir.
Onların əməllərinə Azərbaycanın mövcud qanunvericiliyi çərçivəsində qiymət veriləcək, ədalət məhkəməsi olacaq.
Proseslərin genezisi və məntiqi bunu tələb edir.
Paradoks və absurd olansa ABŞ-dakı erməni diasporunun fəaliyyəti ilə Ağ Evin bu aktivliyin müqabilində normal davranış əvəzinə fəaliyyətsizlik görüntüsü yaratmasıdır.
Erməni diaspor təşkilatlarının aqressiv, neonasizm və "hayizm" ruhlu əməlləri, lobbinq fəaliyyəti və tələbləri ilk növbədə Ermənistanın mənafelərinə və gələcəyinə, ermənilərin yaşamlarının normallaşma perspektivlərinə təhdiddir. Məhz diasporun təşviqi və vədləri nəticəsində Ermənistandakı revanşist qüvvələr aktivləşərək radikallaşıb.
Rəsmi Vaşinqtona gəldikdə isə, Azərbaycan ərazilərinin 20 faizinin erməni işğalında olduğu 28 il ərzində ABŞ rəhbərliyi, habelə Konqresin Nümayəndələr Palatası və Senat işğalçı Ermənistanın əməllərinə siyasi-hüquqi qiymətin verildiyi bir qətnamə (!) belə, qəbul etməyib.
İkinci Qarabağ Müharibəsinin 44 günü ərzində Ermənistan ordusu Gəncə, Tərtər, Bərdə şəhərlərini, qəsəbələrimizi və kəndlərimizi atəşə tutanda, düşmənin raket və bomba zərbələri altında dinc, günahsız sakinlər həlak olanda da Ağ Evlə Konqres susdu. Gəncəyə ballistik raketlər atılanda belə, konqresmenlərlə senatorlar ermənilərin bu vəhşiliyini qınamadılar.
Eyni zamanda, Ermənistanın Azərbaycana qarşı yürütdüyü aqressiv işğalçı siyasət, ermənilərin dinc azərbaycanlılara divan tutması,  habelə Xocalıda törədilmiş soyqırımla bağlı nə Ağ Evin bir açıqlaması oldu, nə də Konqresin iki palatasının qətnamələri.
Halbuki Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığına hörmət edilməsi və Ermənistanın işğalına son qoyulması tələbi BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrində öz əksini tapıb, ABŞ da bu sənədlərin lehinə səs verib.
ATƏT-in Qarabağ münaqişəsinin dinc danışıqlar yolu ilə nizamlanması məqsədilə yaratdığı Minsk Qrupunda üç həmsədr ölkədən biri olan Birləşmiş Ştatlar BMT-nin sözügedən qətnamələrində yer almış tələblərin Ermənistan tərəfindən icra edilməsi, İrəvanın aqressiv siyasətinə və ritorikasına son qoyulması üçün ABŞ de-fakto və de-yure olaraq heç nə etmədi.
Halbuki BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən biri olan və özünü "dünya jandarmı" hesab edən ABŞ sadalananları etmək məcburiyyətində idi: çünki faktlar, rəqəmlər, hadisələrin xroniki sənədləşdirilməsi və s. bunu tələb edirdi.
Bütün bunların əvəzində Konqresin Nümayəndələr Palatasında mütəmadi olaraq tamamilə əsassız iddialara, efemer açıqlamalara, absurd bəyanatlara və dezinformatik feyk "fakt"lara istinadla qətnamə layihələri hazırlanır, bütün hallarda hədəf qismində Azərbaycan seçilir.
Amerika Erməni Milli Komitəsinin hazırladığı, təşkilati və maliyyə dəstəklənmə prosesində Amerika Erməni Assambleyasının bilavasitə iştirak etdiyi son qətnamə layihəsi isə adlarını sadaladığımız ermənipərəst konqresmenlərin siyasi möhtəkirlik, tamah, merkantil maraqlarını və eqoist-politikan mənafelərini təmin etməyə yönəlmiş fəaliyyət Ağ Evdə gərəkli reaksiya doğurmur.
Tam əksinə, ABŞ administrasiyası və Konqres sanki qarşılarına məqsəd qoyublar ki, Cənubi Qafqaz regionunda stabil, dayanıqlı inkişafda maraqlı olmayan və buna mane olan, Azərbaycanla Ermənistan arasında daimi müharibə vəziyyətinin qalmasına çalışan, bölgə insanlarının gələcəyi və rifahına yönəlmiş layihələrə mənaeələr yaratmağa səy göstərən qüvvələrin fəaliyyətlərinə mane olmasınlar.
Rəsmi Vahinqtonun ədalətə, praqmatik və rasional siyasətə, ələlxüsus da beynəlxalq hüquqa söykənən mövqeni nümayiş etdirməsinin zamanı çatıb.
Çünki ABŞ ilə qarşılıqlı əlaqələrin inkişafına, münasibətlərin dərinləşməsinə və kommunikasiyaların miqyasının artırılmasına rəsmi Bakı həmişə çox böyük önəm verib.
Bunun üçün çox sadə addımlar atılmalıdır.

44 günlük Vətən Müharibəsindən sonra bölgədə yeni reallıqların formalaşması, Qarabağın statusu idefiksinin artıq tarixin zibilliyinə gömülməsi və regionda gerçək sülhün bərqərar olması istiqamətində əməli fəaliyyətdə maraqlıdırsa, ABŞ ilkin mərhələdə Rusiya, Azərbaycan və Ermənistan arasında noyabrın 9-dan 10-a keçən gecə imzalanmış üçtərəfli bəyanatı dəstəkləməli, Qarabağda minalaşmış ərazilərin xəritələrin Azərbaycana verilməsi və Birinci Qarabağ Müharibəsində itkin düşmüş 4 minə yaxın azərbaycanlının taleləri ilə bağlı məlumatların əldə edilməsi üçün Ermənistanı konkret addımlar atmağa çağırmalıdır.
Böyük dövlətin real siyasəti budur - bir dəstə ermənipərəst konqresmenin isterik bəyanatlarını legitimləşdirmək prosesini laqeydcəsinə seyr etmək yox.
Elçin Alıoğlu


Tarix: 11-03-2021, 22:48 Oxunub: 682


Bölməyə aid digər xəbərlər
13-02-2021, 12:10 Oqtay Əsədov həbs edilir?