Artıq 1 ildir ki, bütün ölkələrdə pandemiya elan edilib və karantin rejimi davam edir. Amma hər kəs normal həyatına geri dönmək istəyir. Bəs karantin rejimindəki yaşam tərzi daha çox kimlərə təsir edir?
Tanınmış həkim Adil Qeybulla mövzu ilə bağlı bildirib ki, bütün stress situasiyaları uzun müddət davam etdikdə insanlarda xroniki stress yaradır:
"Azərbaycan əhalisinin 1990-cı illərdə ermənilər tərəfindən öz doğma yurdlarından köçürülməsi əhalidə çox ciddi stress yaratmışdı və o zaman da bilirdik ki, əhalinin psixoloji reabilitasiyaya ehtiyacı var. Bu stress hələ də davam edir və üzərinə hələ pandemiya da əlavə olunub. Pandemiya bütün dünyanı stress altına salıb. Təsəvvür edə bilirsinizmi azadlığa alışmış insanların qadağalar altında yaşaması nə deməkdir?
Adətən ruhən zəif insanlar, nevroza meyilli şəxslərin pandemiya dövründə depressiyanın təsiri altında olması gözləniləndir. İnsanlar karantindən, pandemiyadan artıq beziblər. Onlar istəyirlər ki, hər şey sona çatsın, azad həyatlarına qovuşsunlar. Lakin bu proses bizim iradəmizdən asılı deyil. Bizdən asılı olan hər şeyi etməliyik ki, normal həyatımıza geri dönə bilək. Əhalinin psixoloji reabilitasiyasına ciddi ehtiyac var, bu məqsədlə dövlətin müəyyən sturukturları müvafiq tədbirlər görməlidir".
Mehri QURBAN
Bölməyə aid digər xəbərlər