Emil Əliyev: “Bu cinayəti törədənlərin cəzalandırılmasına nail olmalıyıq” - VİDEO

“Ermənilər yerli vaxtla saat 3 radələrində Belçikada Azərbaycan Səfirliyinin qarşısında toplaşmağa başladılar. Azərbaycanlılar da binanın həyətinə toplaşmışdı, lakin polislər saat 2-dən sonra insanları içəri buraxmamağa başlamışdı. Təəssüf ki, gecikənlər içəri buraxılmadı və ətrafda yüzlərlə erməninin əhatəsində qalan azərbaycanlı vətəndaşlarımız oldu”.
Bu sözləri Oxu.Az-a Avropa Azərbaycanlıları Media Qrupunun rəhbəri, Niderland və Belçika Azərbaycanlılarının Koordinasiya Şurasının əlaqələndiricisi Emil Əliyev 22 iyul tarixində Azərbaycan Respublikasının Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı Səfirliyi, Avropa İttifaqı yanında Nümayəndəliyinin inzibati binası önündə baş tutmuş nümayiş zamanı Belçikadakı erməni diasporu tərəfindən kəskin vandalizm aktına münasibət bildirərkən deyib.
E.Əliyev bildirib ki, hadisə baş verən gün orada olub və hadisələri canlı yayımlayıb:
“Ermənilərdən 10 metr aralıda səfirliklə üzbəüz dayanmışdım. Bir qədər keçdikdən sonra polislər erməniləri toplaşdıqları yerdən dağıtmağa başladı. Artıq yavaş-yavaş onlar mən olan istiqamətə gəldi. Demək olar ki, onların arasında yeganə azərbaycanlı mən qaldım. Başladılar provokasiya etməyə. Belçika polisi, Los-Anceles polisi bu məsələdə çox zəiflik nümayiş etdridilər. Hətta deyərdim ki, kənardan baş verənləri sadəcə izləməklə kifayətləndilər.
Azərbaycan səfirliyinin qarşısına gələn ermənilər hazırlıqlı gəlmişdi. Ətrafdakı polislər onların çantalarını yoxladıqda içərisindən daşlar çıxırdı. Bir an heç kim gözləmədiyi anda ermənilər kütləvi şəkildə azərbaycanlılara daş atmağa başladılar. Üç-dörd dəqiqə ərzində səfirliyin binası daşlandı. Bu zaman ciddi xəsarət alanlar oldu. Hətta beş-altı nəfərin vəziyyəti daha ağır idi. Əraziyə təcili tibbi yardım çağırıldı. Yaralılara yerində yardım göstərildi, vəziyyəti ağır olanlar isə təcili xəstəxanaya yerləşdirildi”.
O bildirib ki, ermənilərin əllərində Azərbaycan bayrağı olduğu üçün həmvətənlərimiz səfirliyin qarşısından uzaqlaşan ermənilərin ardınca getdi:
“Biz istəmirdik ki, ermənilər kənarda bizim bayrağımızı yandırsınlar, bayraqları onların əlindən almaq istəyirdik. Başqa bir qrup ermənilər isə bizim soydaşlarımızı kənardan güdüb, onları mühasirəyə alaraq, xəsarət yetirməyə başlayıblar. Bir qrup erməni yaxınlıqdakı kafedə həmvətənlərimizin qarşısını kəsərək, onlara hücum etdi. Lakin yaxınlıqda olan azərbaycanlıların dəstəyi ilə ermənilərin hücumu dəf edildi.
Amma bir neçə dəqiqədən sonra hər yerdən ermənilər toplaşmağa başladı. Bizim uşaqlar çox ciddi yaralandı. Soydaşlarımızın əksəriyyətinin daxili orqanlarında problem yaşanıb. Niderlanddan yüzlərlə azərbaycanlı Belçikadakı həmvətənlərimizə dəstəyə gedib. Bu, artıq ciddi narahatlıq yaradır. Səfirlik nümayəndələrimiz polislərlə danışıqlar aparıb, ermənilərin azərbaycanlılara etdiyi hücumlarla bağlı görüntüləri, bütün materialları təqdim etməlidir. Bu cinayətkarlığa səbəb olan 15 erməni saxlanılıb, lakin bu azdır. Hər biri cəzalandırılmaldır. Biz buna nail olacağıq. Həbs olunan ermənilərin çoxu mitinq vaxtı döyülmə hadisələrinə görə yox, sadəcə olaraq, şəhərdə erməni bayrağı ilə gəzdiklərinə görə saxlanılıb.
Avropada bu cür hadisələrdə heç vaxt azərbaycanlıların adı hallanmayıb. Həmvətənlərimiz heç vaxt, heç bir ölkədə yaşayan insanlara qarşı bu cür vəhşilik göstərməyib. Lakin hər dəfə ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilən vəhşiliyə adekvat cavab verilir. Təəssüf ki, bu dəfə polis hər zaman göstərdiyi mövqeyi sərgiləmədi. Polis çox ləng müdaxilə edir. Niderland polisi isə, əksinə, çox ciddi yanaşdı. Azərbaycanlıları son dərəcə ciddi mühasirəyə alaraq, ermənilərin hücumlarından qorudu. Ermənilərin aqressiyasının qarşısını almaq üçün xüsusi təlim almış itlərdən istifadə edildi”.
E.Əliyev deyir ki, ilk dəfə ermənilər iki uşağı ilə yolda gedən azərbaycanlıya hücum edib:
“Bu hadisələr həm Los-Ancelesdə olub, həm də Belçikada olub. Küçədə gedən azərbaycanlılara bir anda hücum edirlər, maşınları yandırırlar. Onlar arasında xanımların olması bizi daha çox narahat edir. Biz onlar kimi cavab vermək, münaqişə yaratmaq istəmirik. Tələbimiz Avropa ölkələrində bu məsələyə qanunvericilik səviyyəsində reaksiya verilməsidir. Qanuni yollarla bu cinayəti törədən ermənilərin cəzalandırılmasına nail olmalıyıq. Xarici işlər nazirlikləri bu məsələyə münasibət bildirməli, bu hadisələrin baş verdiyi ölkələrin hüquq-mühafizə orqanlarına laqeyd münasibətə görə nota verilməlidir. Məhz bu səbəbdəndir ki, onlarla azərbaycanlı bu gün çox ağır xəsarətlər alıb”.
[video=]


Tarix: 24-07-2020, 18:11 Oxunub: 622


Bölməyə aid digər xəbərlər