“Hərbçilər bizim, biz isə onların keşiyindəyik” - Səyavuş Ağayev

   Ötən həftə Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatının qarşısını alarkən Azərbaycan Ordusunun 282 hərbi qulluqçusu yaralanıb və müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralanan 282 hərbi qulluqçudan 43 nəfəri ilkin tibbi yardımdan sonra ordu sıralarına qayıdıb, 115 nəfərin vəziyyəti kafi, 103 nəfərin orta-ağır, 21 nəfərin vəziyyəti ağır olaraq qiymətləndirilib.
     Yaralanmış hərbi qulluqçulara ən peşəkar hərbi-həkim heyəti və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeli tibb müəssisələrinin tibb personalları tərəfindən lazımi xidmət göstərilib. TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrinin, Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyalarının bir qrup ixtisaslaşmış tibbi və qeyri-tibbi personalı da bu işə təhkim olunub. Tibb işçilərimiz yaralı hərbi qulluqçuların təxliyyəsində, onlara ilkin, ixtisaslı və stasionar tibbi yardımın göstərilməsində aktiv iştirak ediblər, hazırda da öz işlərini yüksək səviyyədə icra etməkdədirlər. Həmin səhiyyə işçilərindən biri də Göygöl Rayon Mərkəzi Xəstəxanasında (RMX) Təcili Tibbi Yardım (TTY) Stansiyasının böyük həkimi Səyavuş Əhliman oğlu Ağayevdir.
   “Kaspi” Səyavuş Ağayev barədə məqalə dərc edib.
O, 1965-ci ildə Göyçə mahalı Basarkeçər rayonu Nərimanlı kəndində anadan olub. 1983-1989-cu illərdə Azərbaycan Tibb Universitetində təhsil alıb. 1990-1996-cı illərdə Göygöl RMX-də həkim-pediatr, 1996-1997-ci illərdə Kəlbəcər RMX-də həkim-pediatr kimi fəaliyyət göstərib. 1998-ci ildən etibarən Göygöl RMX TTY şöbəsinin müdiri, 2021-ci ildən TTY stansiyasının böyük həkimi vəzifəsində çalışır.
Göygöl Rayon Mərkəzi Xəstəxanasının tibb kollektivi, o cümlədən S.Ağayev 44 günlük Vətən Müharibəsində öz vəzifə borcunu layiqincə yerinə yetirib. Məhz bu xidmətlərinə görə Prezident İlham Əliyevin 16 iyun 2022-ci il tarixdə imzaladığı sərəncamla “Tərəqqi” medalına layiq görülüb. Ölkə vətəndaşlarının sağlamlığının yaxşılaşdırılmasında, əhalinin bütün təbəqələrinin keyfiyyətli tibbi xidməti ilə təmin edilməsində üzərinə düşən vəzifəni layiqincə yerinə yetirən S.Ağayev Ermənistanla sərhəddə 12 sentyabrdan başlayan təxribatlar zamanı da daim hərbçilərimizin yanında olub. Göygöl RMX TTY şöbəsi onun rəhbərliyi altında Kəlbəcər rayonundakı postlardan birinə təhkim olunub. Həkimin sözlərinə görə, ötən həftə ərzində Göygöl MRX PHŞ-nin direktoru Vasif Əliyev, TTY həkimi Nəbican Əliyev, cərrah Sayəddin Əmirov, feldşerlər İsak Şəbəndəyev, Ümmət Usubov, Faiq Cəfərov, Cannar Xəlilov və digərləri ilə birlikdə yaralı hərbçilərimizə ilkin tibbi yardım göstərib, onların sağ-salamat hospitallara təxliyəsini təşkil ediblər. S.Ağayev həkimlərlə bərabər, sürücülər Aydın Balayev, Rəşid Məhərrəmov, Ceyhun Mustafayev, Nail Paşayev, Niyaməddin Quluyevin də öz peşə borclarını layiqincə yerinə yetirdiklərini söylədi.
    Əsgər və zabitlərimizin sağlamlıq durumundan söhbət açan S.Ağayev bildirib ki, 44 günlük Vətən Müharibəsində olduğu kimi, hazırda da hərbçilərimizin mənəvi-psixoloji durumu, vətənpərvərliyi yüksək səviyyədədir.
Həkimin sözlərinə görə, yüngül və ya ağır yaralanmasına baxmayaraq, hər bir hərbçi yalnız tezliklə sağalmağı, düşmənlə mübarizə aparmaq üçün səngərdəki döyüş yoldaşlarının yanına qayıtmağı düşünür:
    “Sərhəddəki təxribatda düşmən gülləsinə tuş gələn, yaxud mərmi və ya qumbara partlaması nəticəsində qəlpə yarası alan hərbçilərimiz dərhal döyüş meydanından təxliyə edilir, həkimlərimizin operativ müdaxiləsi ilə yarası sarınır, qanaxmanın kəsilməsi, qəlpə və ya güllənin çıxarılması üçün nə mümkündürsə hamısı edilirdi. İnanın səmimiyyətimə, yaralı hərbçilərimiz yarası təmizlənib sarınandan dərhal sonra səngərə getmək istəyirdilər. Hər bir əsgər, çavuş, gizir, zabit bu torpağın hər qarışını özünə Vətən bilir, hər bir yüksəkliyin, döyüş mövqeyinin qorunub saxlanmasında sona qədər mübarizə aparırdılar. Mövqelərimizi davamlı atəşə tutan düşmən postlarının darmadağın edilməsində hərbçilərimiz böyük şücaət göstərirdilər. Gələcəkdə ətraf ərazidə məskunlaşacaq vətəndaşlarımızın təhlükəsizliyinin təmin olunması məqsədilə döyüş tapşırıqlarını qeyd-şərtsiz, canla-başla yerinə yetirirdilər. Qəhrəman oğullarımızın belə rəşadəti qarşısında biz də bacardığımızı əsirgəmir, yaralandıqları halda onların həyatda qalması, yaşaması üçün var gücümüzlə çalışırdıq. Əslində, belə də olmalıdır. Çünki hərbçilər bizim, biz isə onların keşiyindəyik”.  
   İstər mülki həyatda, istərsə də hərbidə insanların sağlamlığının keşiyində dayanmaqdan böyük qürur hissi keçirən, həkimlik peşəsinə qəlbən bağlı olan S.Ağayev əməyinə dövlət səviyyəsində dəyər verilməsindən də məmnunluqla danışdı. Bildirdi ki, Prezident İlham Əliyevin imzaladığı sərəncamla təltif olunması, TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov tərəfindən “Tərəqqi” medalının ona təqdim edilməsi xoş xatirə kimi daim yaddaşında qalacaq. Vətən torpağının bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə cansağlığı diləyən, hazırda Laçında xidmətini davam etdirən həkim Səyavuş Ağayev Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Silahlı Qüvvələrimizin tarix yazdığını, gələcək nəsillərimizin daha güclü və təhlükəsiz bir ölkədə xoşbəxt yaşayacaqlarına əminlik ifadə etdi.


Tarix: 10-10-2022, 06:33 Oxunub: 232


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı