Pənahəli xan Cavanşirin başdaşı bərpa olunub...

ATİA.AZ  Milli Azərbaycan Tarixi Muzeyinin  məlumatına əsasən bildirir ki, Pənahəli xan Cavanşirin başdaşı bərpa olunub.
Qeyd edək ki, başdaşı bərpadan sonra ilk dəfə nümayiş olunacaq.
Ölkədə 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına uyğun olaraq Milli Azərbaycan Tarixi Muzeyi Şuşa şəhərinin tarix və mədəniyyətinin təqdim edilməsi ilə bağlı silsilə tədbirlər hazırlanır. Bu dəfəki tədbir Qarabağ xanlığının yaradıcısı, Şuşa şəhərinin banisi Pənahəli xan Cavanşirə (1693-1763) həsr olunacaq. Belə ki, Pənahəli xan Cavanşirin başdaşı bərpadan sonra geniş ictimaiyyətə təqdim olunacaq.
Muzeyin Bərpa laboratoriyasında başdaşı üzərindəki yazı və naxışlar orijinal hallarına xələl yetirmədən müasir vasitə və üsullar istifadə edilərək təmizlənib, zədəli yerləri bərpa edilib. Başdaşının nümayişi üçün muzeyin daimi ekspozisiyasının 1-ci mərtəbəsində zal ayrılıb, burada İmarət qəbiristanlığındakı türbənin maketi hazırlanıb və başdaşı qurulub.
Həmçinin zalda başdaşının yazısının oxunması, türbənin tarixi ilə bağlı məlumatlar olan informasiya panelləri, rəssam Əjdər Qafarovun “Pənahəli xan Cavanşir” adlı rəsm əsəri yerləşdirilib.
Başdaşı ilə tanış olmaq istəyənlər muzeyin girişində qeydiyyatdan keçməlidir.


Tarix: 16-06-2022, 16:26 Oxunub: 183


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı