Sabunçu rayonunda yerləşən OBA-8 mağazasında baş verən olayla bağlı artıq Daxili İşlər Nazirliyi araşdırmalara başlayıb.
Bu barədə DİN mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev deyib.
O bildirib ki, araşdırmanın nəticəsindən asılı olaraq ictimaiyyətə əlavə məlumat veriləcək.
Vəkil Aqil Layıcov isə açıqlamasında şəxsiyyət vəsiqəsinin girov saxlanılmasının inzibati xəta olduğunu vurğulayıb. Vəkilin sözlərinə görə, bu halda inzibati xətaya yol verən şəxs 500 manatadək cərimə olunur:
“Uşağın hansı şəraitdə və nə qədər müddət saxlanıldığı, yaşı, cinsiyyəti və s. hamısını video və səs yazıları əsasında detallı şəkildə araşdırıldıqdan sonra dəqiq fikir söyləmək olar”.
Qeyd edək ki, Sabunçu rayonundakı OBA-8 mağazasında azyaşlı uşağın 12 ədəd “Alpenqold” şokoladı oğurladığı üçün girov saxlanıldığı barədə məlumat yayılıb. Uşağın valideyni iddia edib ki, oğurluğun qarşılığında 300 manat ödəmək tələb olunub, o isə telefonunu və şəxsiyyət vəsiqəsini girov qoyaraq, uşağı mağazadan çıxara bilib. Daha sonra isə 150 manat verdiyini, 50 manat verməsinin də tələb olunduğunu vurğulayıb.
Məsələ ilə bağlı OBA marketlər şəbəkəsi açıqlama verib. Açıqlamanı təqdim edirik:
“OBA" marketlər şəbəkəsinin şagirdi girov götürməsi iddiası həqiqəti əks etdirmir…
Ötən gün “OBA” marketlər şəbəkəsinin Sabunçu rayonu ərazisində yerləşən “OBA 8” mağazasında, yanvar ayının əvvəlindən başlayaraq yetkinlik yaşına çatmamış 9-cu sinif şagirdinin mağazadan oğurluq etməsi və mağaza müdirinin bunun müqabilində valideyndən pul tələb etməsi ilə bağlı iddia araşdırılıb.
Qeyd etmək istərdik ki, mağazalarımızda təmin edilmiş təhlükəsizlik vasitələrinin dəstəyi ilə müştərilərimizin, mağazalarımızın və əməkdaşlarımızın hüquq və mənafelərini qorumaq məqsədilə daimi nəzarət aparılır.
Təəssüf ki, son hadisədə adı açıqlanmayan yetkinlik yaşına çatmamış müştəri, kassadan keçmədən fərqli tarixlərdə müxtəlif çeşidli məhsulları, gündəlik ehtiyacdan artıq miqdarda oğurlayıb.
Mağaza müdiri, müştərinin yetkinlik yaşına çatmadığını və həmin andakı emosional, psixoloji vəziyyətini nəzərə alaraq valideynlə əlaqə saxlanmasını tələb edib. İlk olaraq müştərinin böyük qardaşı mağazaya gəlmiş və valideyn gələnə qədər onunla birlikdə mağazada gözləyiblər. Valideyn mağazaya yaxınlaşdıqda video görüntüləri izləyib. Əməkdaşımız hüquq-mühafizə orqanlarına müraciət edəcəyini bildirəndə, xanım ailə vəziyyətini açıqlayaraq övladının yetkinlik yaşına çatmadığını nəzərə alaraq məsələni qarşılıqlı razılaşma ilə həll etməyi xahiş edib.
Valideyn kifayət qədər vəsaiti olmadığını əsas gətirərək könüllü şəkildə şəxsiyyət vəsiqəsini və mobil telefonunu girov qoyub, dəymiş zərərin yalnız 150 AZN-lik hissəsini ödəməyi təklif edib.
Hadisə ilə bağlı kamera görüntüləri mövcuddur və zəruri görüntülər yalnız Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təqdim ediləcək.
Mağaza müdiri ananın göz yaşlarına və ailə vəziyyətinə görə polisə müraciət etmədiyini bildirib:
“Ana bu məsələni öyrəndiyi zaman mağazada uşağını döydü və ağlamağa başladı. Polisə zəng etməməyim üçün çox yalvardı və göz yaşı tökdü. Mən də bir ananın hayqırtısını heçə saya bilmədim. Hər birimiz bu ölkənin vətəndaşıyıq. Bu uşaqlar bizim gələcəyimizdir. Düşündüm ki, uşaq qorxub qaça bilər və özünə hər hansı zərər yetirə bilər. Bu səbəbdən uşağın böyük qardaşı ilə birgə ananın gəlməsini gözlədik.Təəssüf ki, mən bu hadisədə özümü yox, qarşı tərəfi daha çox düşünərək, haqlıykən haqsız vəziyyətə düşdüm. Bu hadisədə kiminsə girov götürülməsindən qətiyyən söhbət gedə bilməz”.
Qeyd etmək istəyirik ki, bu cür hallar heç bir halda arzuolunan deyil. Lakin mağaza müdiri şəxsi təşəbbüsü ilə müştərinin yeniyetmə olduğunu, valideynin övladının səhvini qəbul etdiyini və ailə vəziyyətini nəzərə alaraq məsələni yerindəcə həll etməyə çalışıb.
Buna baxmayaraq, “OBA” marketlər şəbəkəsi olaraq həm əməkdaşlarımızı, həm də valideynləri və cəmiyyəti uşaqlara düzgün dəyərlər aşılamağa çağırırıq.
Hadisənin həssas məqamlarını nəzərə alaraq, şirkətimiz gələcəkdə bu cür halların qarşısını almaq məqsədilə ictimai maarifləndirmə tədbirləri həyata keçirməyi planlaşdırır. Biz bu məsələdə ailəyə dəstək göstərməyə və anlayışlı olmağa çalışırıq.
"OBA" Marketlər Şəbəkəsi
Bölməyə aid digər xəbərlər