Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 10-da Avropa Olimpiya Komitələrinin prezidenti və Yunanıstan Olimpiya Komitəsinin Prezidenti Spiros Kapralosu qəbul edib.
Dövlət başçısı ilk növbədə Spiros Kapralosu Avropa Olimpiya Komitələrinin prezidenti vəzifəsinə seçilməsi münasibətilə təbrik edib, fəaliyyətində uğurlar arzulayıb, Azərbaycan Milli Olimpiya Komitəsinin 30 illik yubiley tədbirlərində iştirakına görə minnətdarlığını bildirib.
Birinci Avropa Oyunlarını məmnunluqla xatırlayan Prezident İlham Əliyev bu mötəbər tədbirin önəmini vurğuladı, oyunların təşkilində Spiros Kapralosun rolunu yüksək qiymətləndirdi.
Xoş sözlərə görə minnətdarlığını bildirən qonaq ilk növbədə Azərbaycan Milli Olimpiya Komitəsinin 30 illik yubileyi münasibətilə təbriklərini çatdırdı. Birinci Avropa Oyunlarının əhəmiyyətinə toxunan Spiros Kapralos bu beynəlxalq idman tədbirinin yüksək səviyyədə təşkil olunduğunu və bu işdə dövlətimizin başçısının rolunu xüsusi qeyd etdi. Bildirdi ki, ölkəmizin bu tədbirə layiqincə ev sahibliyi etməsi Avropa Olimpiya ailəsində həmrəyliyə böyük töhfə verib. Spiros Kapralos ötən dövr ərzində Azərbaycan idmançılarının beynəlxalq turnirlərdə qazandıqları böyük uğurları məmnunluqla vurğuladı.
Təbriklərə görə minnətdarlığını bildirən Prezident İlham Əliyev Azərbaycanla Avropa Olimpiya Komitələri arasında əlaqələrin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliyini ifadə etdi.
Söhbət zamanı əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparıldı.
Spiros Kapralos dövlətimizin başçısına Azərbaycan Milli Olimpiya Komitəsinin 30 illik yubileyi münasibətilə xatirəsi hədiyyəsi təqdim etdi.
Sonda xatirə şəkli çəkdirildi.
Bölməyə aid digər xəbərlər