Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna səfərindən qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırıb.
Ukrayna ilə Rusiya arasında olan gərginliyə toxunan dövlət başçısı iki ölkə arasındakı münasibətlərin normallaşdırılması üzrə göstərilən beynəlxalq təşəbbüslərdə Azərbaycan prezidentinin iştirakını da vurğulayıb.
O, Prezident İlham Əliyev və Böyük Britaniyanın baş naziri Boris Consonun da Ukraynaya səfər etdiyini xatırladıb.
“Biz bu səfərlər sonrası əldə edilən məlumatları toplayıb, ona uyğun addım atmaq istəyirik. Bu səfərdən sonra cənab İlham Əliyevlə bəzi danışıqlarımız oldu. Məsələ burasındadır ki, problemi həll etmək üçün heç bir qarşılıq gözləmədən çalışmaq lazımdır”, - deyə Türkiyə lideri bildirib.
Ərdoğan həmçinin heç vaxt görüşməyən Rusiya prezidenti Vladimir Putin və Ukrayna prezidenti Volodimir Zelenskini bir araya gətirmək istədiklərini qeyd edib.
“Cənab Putin və Zelenskini bir araya gətirmək üçün bu görüşü keçirmək istəyirik. Cənab Zelenski ilə razılaşmamız bu istiqamətdədir. İnşallah, axırı yaxşı olar”, - deyə dövlət başçısı bəyan edib.
Mənbə: “Anadolu”
Bölməyə aid digər xəbərlər