İkinci Qarabağ müharibəsindəki məğlubiyyətdən sonra da Ermənistan miflərin ağuşunda qalmaqda davam edir – özünün vaxt və resurslarını revanşizm xəyallarına boşuna xərcləməklə. -- bunu erməni siyasi analitik, ABŞ-dakı Lixaysk Universitetinin professoru Armen Qriqoryan Media.am-a verdiyi müsahibədə "əzabkeş xalq”ın üzləşdiyi bəlaların səbəblərindən danışarkən bildirib.
Onun sözlərinə görə, erməni mediası millətçi mifləri təşviq etməyə görə tam məsuliyyət daşıyır, bu miflərin yaradıcılarına son dərəcə dözümlü və dəstək olmaqla, onlara narahat suallar verməməklə:
"Ermənistanda televiziya xəbərləri 2000-ci ildən - özəl informasiya televiziya kanalı "A1 Plus”un yayımı dayandırıldıqdan sonra ən ciddi nəzarət altındadır”.
Analitik erməni miflərini belə sıralayıb:
- Uydurma erməni milli ideologiyası;
- "bir qarış da torpaq verməmək” prinsipi: bu prinsipin tərəfdarlarının iddiasına görə, qələbə və məğlubiyyət yalnız insanın niyyətindən asılıdır;
- ermənilərin irqi üstünlüyü barədə Njdeizm ideologiyası;
- Ermənistan ordusunun yenilməzliyi haqda, "Azərbaycanın zəifliyi” barədə, Rusiyanın ermənilərə qeyd-şərtsiz dəstək verməli olması haqda miflər;
- tarixi və qədim Ermənistanın bütün ərazisi üzərində Ermənistanın suverenliyinin bərpasını nəzərdə tutan "erməni məsələsi”.
Sözünə davam edən erməni professor deyib: "İstənilən ağlı başında olan insana bu məqsədlərin sərsəm xarakteri və heç vaxt reallığa çevrilmək şansının olmadığı aydın olmalıdır. Di gəl, Ermənistanda şübhə edənləri dərhal "tarixi ədalət”ə yönləndirən, guya bu ideologiyanın hansısa siyasi əhəmiyyəti olduğuna inandırmağa çalışan bütöv bir təbliğat şəbəkəsi yaradılıb”.
Armen Qriqoryana qənaətincə, təbliğatçılar "erməni soyqırımı”nın kifayət qədər ölkə tərəfindən tanınmasının yanlış olaraq, Ermənistan ərazilərinin geri qaytarılmasına kömək edəcəyinə "stavka" edirlər.
"Onlar reallığın obrazını yaradıblar. Bu isə reallığın özünü deyil, onların istək və qərəzlərini əks etdirir”, - deyə o vurğulayıb.
Jurnalistin Ermənistan cəmiyyətində erməni mifləri mövzusunda demək olar, heç zaman mübahisələrin getmədiyi barədə replikasına cavab olaraq erməni ekspert deyib:
"Mif və doqmaların faş edilməsi zamanı rasional arqumentlərin gətirilməsi elə bir metafizik səs-küylə qarşılanır ki, onu praktik olaraq, nə rədd eləmək, nə də mübahisələndirmək mümkünsüz olur. Məsələn, siz bir erməni vətənpərvərinə izah etməyə çalışırsınız ki, ölkənin ambisiyaları imkanları ilə uyğun gələ bilməz, o isə cavabında Qaregin Njdedən sitat gətirir ki, bəs qələbə onu qəlbində gəzdirəni gəlib tapır.
Müharibədən bir neçə gün sonra çox görkəmli erməni "politoloqlarından” biri erməni əsgəri haqqında müasir epik əfsanəvi əsgər prototipi kimi danışdı. Nə deməli idi o? Erməni əsgərinin heç bir epik əfsanə yaratmadığını? Beləcə, bizim bütün siyasi mübahisələrimiz pafoslu idiotizmdən yoğrulub, hansı ki, erməni xadimlərinin çıxışlarındakı bütün rasional və ağıllı məqamları sıxışdırıb çıxarıb”.
Erməni əsilli amerikalı ekspert hesab edir ki, cəmiyyətin müəyyən dairələri ideoloji və mədəni ambisiyaları qızışdırmaqda maraqlıdır:
"Erməni məsələsi” biznesdir, bir çox insanın iqtisadi rifahının dayanıqlılığının asılı olduğu intellektual və mədəni plastdır. O səbəbdən bu ideologiyadan möhkəm yapışıblar. Ancaq bu biznes çox aşağı keyfiyyətli "məhsul” istehsal etdiyindən, həmin "məhsulun” həyatda qalması yalnız heç bir rəqabət olmadıqda mümkün ola bilər. Ona görə də, bu ideoloqlar istənilən fərqli fikrə, rəqabətlə bağlı hansısa eyhama qarşı belə, çox dözümsüz və qəddardırlar. Bu səbəbdən onlar elmi və intellektual mübahisələrə xas oyun qaydaları ilə oynamırlar".
İkinci Qarabağ müharibəsindəki məğlubiyyətə gəlincə, Qriqoryana görə, əvvəllər rəhbər tutulan ideya və doqmalar darmadağın olduğundan, onlardan imtina edilmənin vacibliyi başa düşülməli idi: "Məğlubiyyətlər daşlaşmış institutların, təşkilatların və bürokratik sistemlərin təməllərini sarsıdır - hansı ki, bu ideya və arzuların qoruyucusu kimi çıxış edir”.
Lakin erməni professoru millətçi miflərin Ermənistanda və dünyadakı erməni diasporlarında hələ ki, çox güclü olduğunu təəssüflə vurğulayır.
"Bu miflər nəhəng maliyyə inyeksiyalarından qidalanır. Sürətli mənimsəmə üçün isə bu miflər erməni xalqına emosional şəkildə təqdim olunur. Miflərin əleyhdarları üçün qat-qat çətindir. Və nə qədər ki, institutların və fondların mexanizmləri millətçi mifologiyanı yayanların əlində cəmləşib, erməni xalqı ona sırınan ideologiyanın yenidən dərki fürsətini əldən verə bilər. Hansı fürsəti ki, müharibədəki məğlubiyyət yaradıb”, - deyə amerikalı erməni analitik öz millətini xəbərdar edib. (Musavat.com)
Bölməyə aid digər xəbərlər