Artıq beynəlxaq tədbirlərin, mühüm toplantıların mütəmadi keçirildiyi bir məkana çevrilən Azərbaycan həm də Cənubi Qafqazda diplomatiya mərkəzi kimi tanınır. Aprelin 23-də ADA Universitetində keçirilən “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda keçirilən beynəlxalq forum da bu qəbildən olan tədbirlərdəndir. Cari ilin noyabr ayında ölkəmizdə keçiriləcək COP29-a hazırlıq işləri tam sürətlə və yüksək səviyyədə davam edir. Əlbəttə ki, BMT-nin növbəti İqlim Dəyişikliyi Konfransının məhz dünyanın neft sənayesinin əsasının qoyulduğu bir şəhərdə, Bakıda keçirilməsi kifayət qədər böyük rəmzi məna daşıyır. Bu mühüm tədbirdə 30 ölkədən 64 nümayəndə iştirak edirdi. Beynəlxalq ictimaiyyət tərəfindən COP29-un Azərbaycanda keçirilməsinə qərar verilməsi ölkəmizə olan böyük ehtiramın və dəstəyin göstəricisidir. Bu baxımdan sözügedən form da xüsusi əhəmiyyət kəsb edirdi. Bu beynəlxalq forumda iştirak edən Möhtərəm Prezidentimiz İlham Əliyev cənabları tədbir iştirakçılarının suallarını cavablandıraraq Azərbaycanda əslində ekoloji problemlərlə artıq çoxdan və kifayət qədər ciddi şəkildə məşğul olduğunu xüsusi vurğuladı.
Cənab İlham Əliyev bildirdi ki: “Biz iqlim dəyişikliyi ilə mübarizə baxımından COP29-un uğurlu olmasını istəyirik. Eyni zamanda, bu, bizim üçün hekayəmizi diqqətə çatdırmaq fürsətidir. Bizim dünyaya deyəcək sözümüz çoxdur. Biz həqiqəti söyləməliyik və hesab edirəm ki, ev sahibliyi etməyin üstünlüklərindən biri on minlərlə qonağın gəlməsi olacaqdır. Onların əksəriyyəti buraya ilk dəfə səfər edəcək. Onlar iki həftə və hətta daha az vaxtda vəziyyəti qiymətləndirmək imkanı əldə edəcəklər. Özlərini necə hiss edirlər, ölkəni necə görürlər və bizim planlarımızın nədən ibarət olduğunu öyrənəcəklər. ” Azərbaycanın güclü iqtisadiyyata və müstəqil siyasətə malik olması da bu beynəlxalq forumda geniş müzakirə olunan mövzulardan biri oldu. Qeyd olundu ki, Avropaya qaz təchizatımız 2021-ci ildə 8 milyard kubmetrdən 2027-ci ildə 20 milyard kubmetrə qədər artmalıdır. Bu, bir öhdəlik deyil, bu, bir hədəfdir. Biz bu hədəfə doğru gedirik. Bu il Avropaya qaz təchizatımız təqribən 12 milyard kubmetr olacaq. Bu, 2021-ci illə müqayisədə 4 milyard kubmetr çoxdur. Beynəlxalq forumda çoxsaylı sualları cavablandıran Möhtərəm Prezidentimiz onu da qeyd etdi ki: “Qazıntı yanacağına dünyada hələ uzun illər ərzində tələbat olacaq. Bu gün qazıntı yanacağına tələbatın olmayacağını söyləmək sadəlövhlük olardı. Dünya buna hazır deyil, dünya iqtisadiyyatı buna hazır deyil və sənaye buna hazır deyil. Beləliklə, hesab edirəm ki, ən yaxşı yol çata bilməyəcəyimiz hədəfi qoymaqdansa, sinerji yaratmaq və təkamül yolu ilə irəliləməkdir. Bizə gəldikdə, biz bunu edirik. Biz artıq investorlarımızla birlikdə yaşıl enerji layihələrinə investisiyalarımıza başlamışıq.”
Bu gün mövcud olan Azərbaycan reallıqları dünyanın ən böyük və güclü dövlətlərinin də ölkəmizlə bütün sahələrdə əməkdaşlıqda maraqlı olduğunu sübut edir. Cənubi Qafqazın lider ölkəsi olan Azərbaycan həm də sözü ilə imzası bir olan etibarlı tərəfdaşdır. Aprelin 23-də ADA Universitetində keçirilən “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda keçirilən beynəlxalq forum da bir daha Azərbaycan reallıqlarının beynəlxalq aləmə çatdırılması baxımından çox mühüm və əhəmiyyətli bir tədbir oldu.
Nizami Hüseynov
YAP Qazax rayon təşkilatının fəalı
Bölməyə aid digər xəbərlər