Bu gün yenidən gənc, çılğın, ilk baxışda bir az küsəyən, hər bir sözə tez reaksiya verən təsəvvürü yaradan bir xanımın yaradıcılıq bağçasına gizlicə səyahət etdik. Bu xanım "Məhsəti Şairlər Birliyi", "Türkmən Ədəbiyyatçılar Birliyi"nin üzvü, "Dünya Gənc Türk Yazarlar Birliyi"nin bölgə koordinatoru, gənc yazar Aygün Sadiqdir.
Aygün xanım daim digərlərindən fərqlənməyi bacarır.
Bu dəfə Aygün xanımın dövrün nəbzini əks etdirən bir yazısını təqdim edirik, əlbəttə son söz oxucunundur...
Nə çoxdur ölkəmdə yoxsul daxmalar,
Onlar - gələcəyin şəhid evləri,
Pulunu yediyin yoxsullar ki var,
Qarabağı aldı, qaytardı geri.
Nahar vaxtlarında bomboş süfrələr...
Oğul övladları böyüyər orda,
Haçan ki, Vətənin dar günü gələr,
Adlar yada düşər siyahılarda,
Rahat ol, ay məmur, sıxma canını,
Hələ azyaşlıdır, "hələ vaxta var"-
Uçuq daxmaların düz ünvanını
Əsgərlik yaşında tanıyacaqlar.
Çox şey istəmirdi, tək "uşaq pulu"
(Oğlunun qarnını doyurmaq üçün)...
Məmurun qarnı tox, cibləri dolu
(Kasıbı anlamaq ona namümkün!)...
İsti mənzilində sürər şən ömür,
Başlayar yoxsulu ələ salmağa,
Taxta qapıları kəsdirir məmur
Ayaq basdığında Yurda bir dığa.
Evimin damından yağış, qar damır,
Xeyirdir? Yuxuda görmüsən bizi?
Müharibə vaxtı həmin şən məmur
Gəlib, xatırlada vəzifəmizi...
Taxta qapıları kəsdirən məmur,
Yurdda savaş varsa, bu qorxu əbəs,
Vətəni kasıblar gedib qoruyar,
Sənin kreslona bir zaval gəlməz.
Vəzifə... Öhdəlik... Nə çox şey deyir
Cumub rəiyyətlə döyüşən məmur,
Mənim uşağımın haqqını yeyir
Həm suçlu, həm güclü, ömrü şən məmur,
Qanundan danışır pafoslu bir səs,
Əməl etməyənin "günü qaralar",
Məmurun uşağı əsgər gedənməz,
Ya qıza çevrilər, ya fərar olar!
Mən də bir atayam, o da atadır,
Fəqət , hisslərimiz təzadlı kimi -
Mənim həyəcanım Vətənə dair,
Bununku neytral ölkə seçimi...
Qanunlar qüvvəyə minər dünyada,
Bizdəsə haqlıya dəyər min kötək
(Qüvvə qanunları minir rahatca,
Çapır, dədəsinin kor eşşəyitək!)...
Oğru ol, quldur ol, düşməzsən dərdə,
Aman, haqlı olma! Yanarsan, bala!
Suçlu hakim olan məhkəmələrdə
Haqlının qolları keçər qandala.
Nə vaxt yada düşər taxta qapılar,
Soyuq daxmaların mərd sakinləri?
Taxta qapılardan çıxanlar ki, var,
Aldı əsir yurdu, gətirdi geri!
Taxta qapılardan, uçuq daxmadan
Çıxdı mərd oğullar, yaradı Yurda,
Vətəni qaytardı, özləri isə
Dönüb vətənləşdi al bayraqlarda.
"Vətəni qorumaq lazım olanda
Kasıb yada düşər"- belə deyərik,
Vətəndən çıxmayaq məmur hirsini,
Onu qorumağa hamımız şərik.
Bu yazıq Vətənin nə günahı var?
Məmurun səhvləri öz günahıdır,
Hərəsi bir nəhəng zəliyə bənzər,
Bütün büdcəmizi yeyib dağıdır.
Pulunun qədəri gəlməz ki saya,
Hədiyyələr alar fahişələrə...
Daha yolu düşməz soyuq daxmaya-
Taxta qapıların olduğu yerə.
Üç ildir, yadından çıxıb, deyəsən,
Qapısın döydüyün yoxsul nə yeyir?
Dava başlayanda yenə görərsən
Uçuq daxmalarda kimlər böyüyür!
Uşaq pulu ilə ölçülməz Vətən,
Vur, öldür, yainki yaşat çətini...
Əbəsdir! Heç zaman kəsə bilməzsən
Bu xalqın yenilməz əzəmətini!
AYGÜN SADİQ
Bölməyə aid digər xəbərlər