“Əgər Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin ermənilərin təxribatı ilə bağlı yaydığı rəsmi xəbərə diqqət yetirsək, görərik ki, artıq ermənilər bir dəfə yox, doqquz dəfə atəşkəsi pozublar. Bunlardan 2-si Azərbaycan-Ermənistan dövlət sərhədinin Qarakilsə rayonunun Saybalı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərdən Ordumuzun Laçın rayonunun Minkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atəşə tutmaqla baş verib. Bundan əvvəl də bu cür hallar baş vermişdi. Ən maraqlısı odur ki, bu gün baş verən insidentlərin 7-i rusiyalı sülhməramlıların müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı birləşmələri tərəfindən həyata keçirilib. Bu o deməkdir ki, Azərbaycan anti-terror əməliyyatlarına başlamalıdır və başlayacaq. Buna heç kimin şübhəsi olmasın”.
Bunu açıqlamasında Azərbaycan Ordusunun ehtiyatda olan polkovniki Üzeyir Cəfərov ermənilərin son təxribatları ilə bağlı danışarkən deyib.
Hərbi ekspert bildirib ki, biz buna qədər öz xəbərdarlıqlarımızı etmişdik:
“Rusiyalı sülhməramlılar da öz vəzifə borclarını yerinə yetirmirlər. Ölkə başçısı da 6 ayın yekunlarına həsr olunmuş toplantıda öz qəti fikrini bildirdi. Ali Baş Komandan söylədi ki, Rusiya tərəfinin Müdafiə Nazirliyinin rəsmisi Azərbaycanın Müdafiə Nazirliyinə söz vermişdi ki, iyun ayında onlar Qarabağdakı qanunsuz erməni silahlı dəstələrini oradan uzaqlaşdıracaqlar. Artıq bu günkü təxribatlar bütün “qırmızı xətti” keçmək deməkdir. Azərbaycan mütləq mənada anti-terror əməliyyatlarına başlayacaq. Hərbi sirr və sair bu kimi məsələlər boş-boş şeylərdir. Ermənilərə xəbərdarlıq edilib. Amma onlar bundan nəticə çıxarmaq istəmirlər. Gündə bir hoqqa çıxarırlar. Son iki il ərzində bir gündə 7 insident qeydə alınmamışdı. Xocalı, Tərtər, Xocavənd, Ağdam rayonları atəşə tutulub. Ona görə də hesab edirəm ki, Azərbaycan Ordusu adekvat cavab tədbirləri görməlidir, görüb. Amma bunu daha sərt formada həyata keçirməlidir və keçirəcək.
"Mənə elə gəlir ki, yaxın saatlarda Müdafiə Nazirliyi bununla bağlı lazım olan məlumatları verəcək. Rusiyalı sülhməramlılar da yavaş-yavaş bu ərazilərdən getmək üçün hazırlıq işlərini görməlidir. Sülhməramlılar buraya gələrkən tamam başqa sözlər və vədlər vermişdilər. Artıq biz hamımız onların burada hansı işlərlə məşğul olduğunu görürük. Bu incident nəticəsində bizim əsgərlərimiz həmin incident nəticəsində şəhid ola, yaralana bilərdilər. Amma rusiyalı sülhməramlılar qanunsuz erməni separatçılarına, silahlı dəstələrinə silah daşıyırlar. Ötən həftələrdə Müdafiə Nazirliyi bu cinayətin qarşısını aldı. Biz 1 il 8 ayda bir cinayətin üstünü açdıq. Hər gün oradan nə qədər avtomobil keçir. İndi görün, bu müddət ərzində separatçılara nə qədər silah daşınıb. Görün nə qədər qanunsuz erməni silahlı dəstə üzvləri silahlandırılıb. İndi söz Azərbaycanın komando hərbi hissələrinindir. İnşallah, yaxın saatlarda, günlərdə onların səsini biz eşidəcəyik”.
Publika.az
Bölməyə aid digər xəbərlər