11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
"Bax budur müdriklik, uzaqgörənlik, dahilik" - Səbinə Xasayeva

    2023-cü il “Heydər Əliyev İli” xalqımız üçün çox uğurlu və düşərli oldu. Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə hərbçilərimizin böyük qəhrəmanlığı, şücaəti, peşəkarlıığı nəticəsində  antiterror tədbirləri uğurla başa çatdı və Azərbaycan öz suverenliyini tam şəkildə bərpa etdi. Təbii ki, bütün uğurlarımızın, qələbələrimizin  kökündə Dahi Heydər Əliyevin müdrik ideyaları dayanır.
Ulu Öndər Heydər Əliyevin zəngin, mənalı və şərəfli ömür yolu haqqında kifayət qədər danışmaq olar.   Ancaq  bunların hamısını etməklə biz onsuz da bəlli olan fikir və mülahizələri təkrarlamış olardıq. Heydər Əliyevin ömür yolu, onun şəxsi keyfiyyətləri, tarixi xidmətləri yetərincə hamımıza məlumdur. Çünki Heydər Əliyev hər zaman Azərbaycan xalqına bağlı olub və onun şərəfli ömür yolu elə Azərbaycan tarixinin bir hissəsidir.   Heydər Əliyev ən mürəkkəb, ziddiyyətli tarixi proseslərin gərdişindən bacarıqla baş çıxaran, ən çətin vəziyyətdə də təmkinini pozmayan və dünyadakı geosiyasi dəyişiklikləri realistcəsinə qiymətləndirib mənsub olduğu xalqın, ölkənin xeyrinə yönəldən ağıllı və uzaqgörən bir lider idi. Qazandığımız bütün uğurların təməlində Heydər Əliyev şəxsiyyəti, təcrübəsi  və uzaqgörənliyi dayanır.
     Son onilliklərdə geniş vüsət alan, getdikcə daha da intensivləşən inteqrasiya, qloballaşma və regional əməkdaşlıq formalarının Azərbaycan üçün əlverişli və sərfəli olan ən optimal modellərini müəyyənləşdirən   Ulu Öndərin siyasi irsinin geniş tədqiqi daha da aktuallıq kəsb edir.  Heydər Əliyevin ölkənin mənafeyinə xidmət edən, dövlətin strateji maraqları üzərində qurulmuş, hərtərəfli düşünülmüş siyasəti bütün istiqamətlərdə bu gün də özünü doğrultmaqdadır.
       Bu gün nəinki Avropa, həmçinin Qərb də öz növbəsində, müstəqil daxili və xarici siyasət kursuna malik olan, demokratik təsisatların qanunlar çərçivəsində sərbəst fəaliyyət göstərdiyi, mütəmadi olaraq siyasi - hüquqi islahatların keçirildiyi Azərbaycanla əməkdaşlıq münasibətlərinin inkişafına xüsusi önəm verir. Otuz il bundan əvvəl Azərbaycan dövlət müstəqilliyini yeni bərpa etməsinə baxmayaraq, ötən müddətdə Ulu Öndərimizin düzgün iqtisadi siyasət nəticəsində dünyaya tamamilə effektiv bir iqtisadi model təklif etdi. Ölkəmizin zəngin təbii sərvətlərindən, qədim neft diyarı kimi toplanılmış mütərəqqi təcrübəsindən, texniki - intellektual potensialından, müasir texnoloji bilik və vərdişlərdən səmərəli istifadə edilməklə yaradılmış Azərbaycan iqtisadi modeli bu gün də dünya birliyinin diqqətini cəlb edir, geniş maraq doğurur.
      1994-cü il sentyabrın 20-də Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə dünyanın 11 tanınmış şirkəti arasında “Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında” saziş imzalandı və sonradan tarixə “Əsrin müqaviləsi” kimi əbədilik həkk olundu. Saziş Ulu Öndər Heydər Əliyevin davamlı enerji strategiyasının zəfər yolunda başlanğıc nöqtəsi idi. Bu uzunmüddətli strateji kursun ideya mənbələrindən, konseptual əsaslarından danışarkən hər şeydən öncə tarixi varislik məsələsi qeyd olunmalıdır. Çünki Ulu Öndər Azərbaycanın neft sənayesinin zəngin keçmişinə, şanlı ənənələrinə istinad edərkən məhz tarixi varislik prinsipini əsas götürmüşdü. Bakı neftçiləri dünya neft sənayesi salnaməsinə şanlı səhifələr yazmış, kəşfiyyat, tikinti, hasilat, emal və nəql sahələrində ən mütərəqqi yenilikləri istehsalata tətbiq etmişlər.
     Elə buna görədir ki, ulu öndər Heydər Əliyev hələ respublikamıza rəhbərlik etdiyi ilk dövrlərdən neft sənayesinin  təkmilləşdirilməsinə daim diqqət və qayğı ilə yanaşmışdır və  müstəqil Azərbaycan dövlətinin iqtisadi qüdrətinin təməl daşları hələ o dövrdə qoyulmuşdur.Ciddi təzyiqlərə baxmayaraq  Ulu Öndər Heydər Əliyev özünəxas siyasi mətanətlə maneələri addım-addım dəf edərək qısa müddətdə strategiyanın reallaşması üçün Qərbin aparıcı neft şirkətləri ilə danışıqlara start verdi.
     8 May 1997-ci ildə   Ulu Öndər Heydər Əliyev "Fatih" Universitetinin fəxri doktoru adı verilməsi mərasimindəki nitqində demişdir : “Azərbaycan öz dövlət müstəqilliyinin altıncı ilini yaşayır. Bu illər Azərbaycan üçün çox ağır, çətin illərdir. Dağlıq Qarabağ haqqında və Ermənistanın Azərbaycana təcavüzü haqqında dedim. Amma bilirsiniz ki, Azərbaycanın daxilində də nə qədər çətin, ağır proseslər olmuş, vətəndaş müharibəsi baş vermiş, insanlar bir-birinə qarşı çıxmış, silahlı dəstələr hakimiyyəti silahla ələ keçirmək istəmişdir. Biz bunların hamısını aradan götürə bildik. Mən sizə bildirmək istəyirəm ki, indi Azərbaycanda ictimai-siyasi vəziyyət tam sərbəstdir, sabitdir, əmin-amanlıq təmin olunubdur. Azərbaycanın dövləti bütün Azərbaycana hakimdir, respublikaya tam nəzarət edir. Bizim, Azərbaycan dövlətinin çox gözəl gələcəyi var. Biz bu gələcəyi müstəqillik yolunda görürük. Azərbaycan üçün dövlət müstəqilliyi tarixi nailiyyətdir, ən böyük sərvətdir. Bu gün mən sizə, əziz bacı-qardaşlarımıza bildirmək istəyirəm ki, biz dövlət müstəqilliyini günü-gündən möhkəmləndirəcəyik, inkişaf etdirəcəyik, qoruyub saxlayacağıq. Azərbaycanın dövlət müstəqilliyi dönməzdir, əyilməzdir, əbədidir.”
    Bəli, Ümummilli Liderimizin böyük uzaqgörənliklə söylədiyi hər bir müdrik kəlamları, onun ilahi arzuları bu gün Möhtərəm Prezidentimiz  İlham Əliyev cənablarının rəhbərliyi altında günbəgün həyata keçir, reallaşır. Bax budur müdriklik, uzaqgörənlik, dahilik.

Səbinə Xasayeva
YAP Qazax rayon təşkilatının fəalı


Tarix: 3-10-2023, 16:19 Oxunub: 273


Bölməyə aid digər xəbərlər