Ümummillli Lider Heydər Əliyev hakimiyyətdə olduğu illərdə həmişə Azərbaycan dilinin milli dövlətçiliyin əsas atributlarından biri kimi istifadəsi və tədqiqi, dilçilik elminin inkişafı istiqamətində məqsədyönlü siyasətin aparılması, ana dilinin dövlət dili kimi tətbiqi işinin təkmilləşdirilməsi daim diqqət mərkəzində saxlanılmışdır. Ulu Öndər çıxışlarında Azərbaycan dilinin saflığının qorunması yönümündə çağırışlar edir, dilimizin türk dilləri ailəsində xüsusi müstəqil mövqeyini vurğulayırdı. Ümummmili Liderin təşəbbüsü ilə hər il Azərbaycanda avqustun 1-i Azərbaycan əlifbası və Ana dili Günü kimi qeyd olunur.
Bəli, müstəqil dövlətin olmadığı dövrlərdə azərbaycanlıları bir xalq kimi qoruyan, assimilyasiya olunmağa imkan verməyən məhz, Azərbaycan mədəniyyəti, Azərbaycan dili, milli mənəvi dəyərlər olmuşdur. Azərbaycan dilinin, Azərbaycan mədəniyyətinin qorunub inkişaf etdirilməsi həm də müstəqilliyimizin, vahid dövlətçilik ənənələrimizin və milli birliyimizin ən başlıca simvollarını qorumaq kimi dəyərləndirilir. Xalqımız “Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir. Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm” - deyən Ümummilli Lider Heydər Əliyevə minnətdar olmalıdır. Ölkəmizdə ana dilinin hərtərəfli inkişafı, işlək dilə çevrilməsi, beynəlxalq münasibətlər sisteminə yol tapması ana dilimizin gözəl bilicisi, mahir natiq Ulu Öndər Heydər Əliyevin dilin qorunmasına yönələn düşünülmüş siyasətinin nəticəsidir ki, dilimizin inkişafı və qorunması istiqamətində bir çox əhəmiyyətli sənədlər qəbul edildi. Azərbaycan Konstitusiyasının 45-ci maddəsi ilə hər kəsin ana dilindən istifadə etmək, istədiyi dildə tərbiyə və təhsil almaq, yaradıcılıqla məşğul olmaq hüququ təsbit olundu. Konstitusiyamıza görə, heç kəs ana dilindən istifadə hüququndan məhrum edilə bilməz. 2002-ci il 30 sentyabr tarixində “Azərbaycan Respublikasında Dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanununun qəbul edilməsi Azərbaycan dilinin dövlət dili kimi işlədilməsi, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli - mədəni özünümüdafiə ehtiyaclarının ödənilməsi istiqamətində daha bir addım oldu. Bu sənəd Ümummilli Lider Heydər Əliyevin xalqımıza və onun dilinə tükənməz məhəbbətinin, qayğısının parlaq nümunələrindən biridir.
Bu gün bu ənənələri ölkə Prezidenti İlham Əliyev cənabları uğurla davam etdirməkdədir. Dövlət başçısının müxtəlif vaxtlarda imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında”, “Azərbaycan Milli ensiklopediyasının hazırlanması haqqında” sərəncamları və bu istiqamətdə görülən işlər də dilimizin inkişafına böyük qayğının təzahürüdür. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2013-cü il 9 aprel tarixli sərəncamı “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi və ana dilimizin müasir dövrün tələbləri şəraitində qorunması, saflaşdırılması kimi vacib, konseptual məsələləri qarşıya bir vəzifə kimi qoymuşdur. Bütün bunlar onu bir daha göstərir ki, Ulu Öndərimiz Heydər Əliyevin ana dilinə diqqət və qayğısı siyasəti bu gün də uğurla davam və inkişaf etdirilir.
Aynurə Abbasova
YAP Qazax rayon təşkilatı ərazi partiya təşkilatının sədri
Bölməyə aid digər xəbərlər