11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
11:52 / 20-11-2024
Sabah hava necə olacaq?
18:56 / 19-11-2024
Prezident Fərman imzaladı
" Sabaha inam" - Anar Nəbiyev

     Hər bir inkişafın əsasında sabitlik və iqtisadi tərəqqi dayanır. Azərbaycanın bu gününü müstəqilliyinin bərpasının ilk illəri ilə müqayisə etdikdə bu amillərin rolunu aydın görürük. Həmin illərdə ölkədə ictimai-siyasi durumun gərginliyi ölkəmizlə iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin, şirkətlərin tərəddüdlərinə səbəb oldu. Bu reallıq hər zaman önə çəkilir ki, Azərbaycan yerləşdiyi coğrafi məkana, malik olduğu təbii resurslara görə daim dünyanın diqqətində olub. Lakin bu diqqət və marağın ayrı-ayrı dövrlərdə fərqli olması aydındır. Belə ki, 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkəmizdə sabitliyin və normal biznes mühitinin yaradılması iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin tərəddüdlərinə son qoydu. Ümummilli Lider Heydər Əliyev 5 fevral 1994-cü il tarixdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin rəhbərləri, neftçi alim və mütəxəssisləri ilə görüşündə “Neft sənayesi Azərbaycan iqtisadiyyatında mühüm yer tutur. Müstəqil Azərbaycanın gələcək iqtisadiyyatının inkişafı neft sənayesindən çox asılıdır. Ona görə də dövlət bu sahəyə xüsusi fikir verir” fikirləri ilə qarşıdakı dövrün hədəflərini müəyyənləşdirmişdir.
    20 sentyabr 1994-cü ildə tarixə “Əsrin müqaviləsi” kimi daxil olan neft sazişinin imzalanması Azərbaycanın dünya iqtisadi sisteminə inteqrasiyasını sürətləndirdi, siyasi mövqeyini möhkəmləndirdi. Ölkəmizin bu gününə və gələcəyinə inam artdı. Dahi şəxsiyyət Heydər Əliyev çoxlarına əfsanə kimi görünən Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərini gerçəkləşdirməklə dünya siyasətçiləri arasında böyük nufuza malik olduğunu bir daha təsdiqlədi, müasir Azərbaycanın xilaskarı, yaradıcısı və qurucusu olduğunu tarixi xidmətləri ilə bəyan etdi.
O illərdə Ulu Öndərin çəkdiyi zəhmətləri respublikamızın qüdrətlənməsi, iqtisadi inkişafı, Azərbaycan xalqının gələcəyi üçün böyük fədakarlıq kimi dəyərləndirən  Prezident İlham Əliyev bu sözləri ilə müqavilənin hansı şəraitdə imzalandığını və çətinlikləri xarakterizə edir: “O vaxt Azərbaycan gənc müstəqil dövlət idi və bayaq qeyd etdiyim kimi, çox ağır çağırışlarla üz-üzə qalmışdı, iqtisadiyyat demək olar ki, tamamilə dağıdılmışdı, sənaye istehsalı iflic vəziyyətdə idi, inflyasiya min faizlərlə ölçülürdü, kütləvi işsizlik hökm sürürdü, yoxsulluq dərəcəsi artırdı. Belə bir vəziyyətdə Azərbaycana xarici sərmayəni gətirmək doğrudan da böyük müdriklik və uzaqgörənlik tələb edirdi və Heydər Əliyev neft strategiyası bax, bu çağırışlara cavab verdi. Xarici tərəfdaşlarla 1994-cü ildə imzalanmış “Əsrin kontraktı” bizim üçün bir çıxış yolu idi, bizə bir güc verdi, nəfəs verdi, investisiya gətirdi.”
   Neft strategiyasının hazırlanması, müqavilənin imzalanması Ulu Öndərin Azərbaycanın müstəqilliyi, ölkə iqtisadiyyatının inkişafı, xalqın rifahı naminə keçirdiyi həyəcan, üzərinə götürdüyü məsuliyyət millətinə bağlı bir müdrikin fədakarlığı idi. Tarix sübut etdi ki, “Əsrin müqaviləsi”ni reallaşdırmaq, xarici ölkələrin dövlət başçılarını, tanınmış şirkətlərin rəhbərlərini Azərbaycanın bu gününə və gələcəyinə inandırmaq yalnız müdrik siyasətçi Heydər Əliyevin uzaqgörənliyi sayəsində mümkün ola bilərdi. Dahi şəxsiyyət Azərbaycanın iqtisadi qüdrətini artırmaqla digər sahələrin inkişafına yol açdı. Ölkəmizlə iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin sayı artdı. “Əsrin müqaviləsi”ndən sonra imzalanan sazişlərin, Anlaşma Memorandumlarının say tərkibinə diqqət yetirmək kifayətdir. Azərbaycan Ümummilli Liderin yaratdığı möhkəm təməl üzərində uğurla irəliləyərək belə bir qənaətin yaranmasına nail oldu ki, ölkəmizin iştirakı olmadan bölgədə hansısa iqtisadi və siyasi layihənin həyata geçirilməsindən danışmaq mümkün deyil. Azərbaycan təşəbbüsləri reallığa çevirən ölkə kimi nüfuz qazanıb. Heydər Əliyev siyasətinin son 20 ilə yaxın dövrdə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirir. 2017-ci ildə “Yeni əsrin müqaviləsi”nin imzalanması, beynəlxalq əməkdaşlığın başlanğıcı kimi dəyərləndirilən Cənub Qaz Dəhlizi layihəsinin 2020-ci ilin sonunda tam tərkibdə istifadəyə verilməsi deyilənlərin təsdiqidir. Azərbaycanın enerji diplomatiyasının uğurları biri-birini əvəzləməkdədir. 

Anar Nəbiyev
YAP Qazax rayon təşkilatının sədri


Tarix: 25-04-2023, 20:20 Oxunub: 135


Bölməyə aid digər xəbərlər