Süni intellekt tədricən həyatımızın ayrılmaz hissəsinə çevrilir. Artıq hər sahədə onun izlərinə rast gəlirik. Günümüzdə ictimai nəqliyyatdan tutmuş tibb sektoruna qədər süni intellektdən istifadə edilir.
Ankara Hacı Bayram Veli Universitetinin dosenti, süni intellekt üzrə mütəxəssis Erman Akıllı ilə müsahibəni təqdim edirik:
- Erman bəy, Türkiyədə süni intellektdən istifadə hansı mərhələdədir?
- Bu gün etibarilə baxdıqda görürük ki, Türk dövlətlərində süni intellektdən istifadə qlobal yeniliklərə bağlı olaraq sürətlə artmağa başlayıb. Xüsusilə Türkiyə barədə danışsaq, təhlükəsizlik və səhiyyə kimi sahələrdə süni intellektdən istifadənin yayıldığına şahid oluruq. Məsələn, Türkiyədə sağlamlıq məlumatlarının təhlili, nəqliyyatın idarə edilməsi və kibertəhlükəsizlik sahələrində süni intellktdən istifadə edilir. Köhnə texnologiyaların hazırkı texnologiyalarla inteqrasiyası hökumət xidmətlərini artırır və vətəndaşlara daha yaxşı xidmət göstərilməsinə şərait yaradır.
- Süni intellekt inkişaf etdikcə, dələduzluq və oğurluq üsulları da artmaqdadır. İnsanlar özlərini bundan necə qoruya bilərlər?
- Təəssüf ki, hər texnoloji inkişafın müsbət tərəfi olduğu kimi, bir də mənfi tərəfi var, bu qaçılmazdır. Süni intellekt texnologiyalarında inkişafa nail olunduqca, pis niyyətlərdə, xüsusilə virtual oğurluq, fırıldaqçılıq kimi işlərdə istifadəsi də artır. Bu keçdiyimiz illərdə “deepfake” olaraq da qarşımıza çıxmışdı. Yəni başqa birinin görüntü və səsini təqlid etməklə süni intellktdən istifaə olunur. Bu kimi hallarla mübarizə aparmaq üçün şəxslər və qurumlar kibertəhlükəsizlik tədbirlərini artırmalıdırlar. Digər tərəfdən, güclü şifrələrdən istifadə etmək, iki faktorlu şəxsiyyət təsdiqetmə sistemini aktivləşdirmək, müntəzəm olaraq proqram təminatını yeniləmək başlıca ehtiyat tədbirləridir. Elə süni intellektlə işləyən təhlükəsizlik proqramlarından istifadə etməklə potensial təhdidləri əvvəlcədən aşkarlamaq mümkündür.
- Bu gün süni intellekt dedikdə ağıla hansı ölkə gəlir?
- Texnologiyanın yaranması və investisiyaların qoyulmasına baxdıqda qarşımıza Amerika Birləşmiş Ştatları (ABŞ) çıxır. Eyni zamanda Çinin də bu sahədə vacib layihələri var. İnanırıq ki, ən qısa zamanda Azərbaycan və Türkiyə başda olmaqla Türk dünyası da süni intellekt sahəsində irəlidə gedən dövlətlərdən olacaq. Güclü Azərbaycan və güclü Türkiyə ilə Türk Dövlətləri Təşkilatı (TDT) da güclənəcək. Necə ki, 44 günlük Vətən müharibəsində Şuşanın, Qarabağın azadlığı mümkün oldusa, müasir texnologiyaların inkişafı ilə də daha vacib addımlar atılacaq.
- Bəzi peşələrin süni intellekt qarşısında tab gətirməyərək zamanla yox olacağı iddia edilir. Bunlar hansı peşələr ola bilər?
- Süni intellekt davamlı şəkildə inkiaf edən texnologiyadır və gündəlik həyatımızın bir parçasına çevrilir. Amma bunu kompüter inqilabı kimi düşünək. Daktilo istifadə edənlər klaviaturaya keçən zaman bəzi çətinliklər yaşadılar, amma keçid dövrünə asan adaptasiya olan, sürətlə bu yeniliyə özünü uyğunlaşdıra bilən insanlar işlərində daha yaxşı yerə gəldilər. Bu vəziyyət də eynidir. Yəni əslində süni intellektin kiminsə işini birbaşa əlindən alması kimi bir vəziyyət yaxın gələcəkdə mümkün deyil. Amma bundan 20-30 il sonrası üçün xüsusilə təkrarlanan işlər avtomatlaşacağından bəzi peşələrin tarixdən silinməsi mümkün ola bilər. Amma dediyim kimi, bu da bir gündə olacaq şey deyil. Yeni texnologiyalara adaptasiya olmaq, bilik və bacarıqlarını inkişaf etdirmək insanların öz seçimidir. Məsələn, operatorlar, çağrı mərkəzi işləri, bəzi mühasibatlıq vəzifələri süni intellekt tərəfindən idarə edilə biləcək işlər arasındadır. Amma bununla bərabər, hansı süni intellekt sistemi olur-olsun, insanlar hər zaman əhəmiyyət daşıyacaq. Burada əsas məsələ yeni texnologiyalara uyğun olaraq öz bacarıqlarımızı inkişaf etdirməkdir.
Bölməyə aid digər xəbərlər