Konstitusiya haqqında danışarkən ənənəvi şəkildə belə bir şablon cümlə işlədilir: Konstitusiya ŞƏXSIYYƏT, CƏMIYYƏT və DÖVLƏTlə bağlı ən mühüm və ali konstitusion dəyərə malik olan münasibətləri tənzimləyir.
Eyni yanaşmanı konstitusiya hüququ sahəsi barədə də deyə bilərik. Belə ki, əksər hüquq ədəbiyyatında ona bu cür analoji izah verilir: Konstitusiya hüququ şəxsiyyət, cəmiyyət və dövlətlə bağlı ən mühüm və ali konstitusion münasibətləri öyrənir.
Bu üçlü subyekti anladıq. Yəni ŞƏXSIYYƏT, CƏMIYYƏT və DÖVLƏT üçlüyü ilə əlaqədar meydana çıxan ən ali dəyərlər konstitusion səviyyədə nizama salınır və ya öyrənilir.
Bəlkə bu köhnəlmiş yanaşmadan artıq yan keçməyin vaxtı çatıb? Bu məsələyə modern tələblərdən yanaşmağın zamanıdır?
Bu gün dünyada yeni-yeni dəyərlər meydana çıxır, müasir dövrün spesifik problemləri vardır və qlobal islahatlar artıq zərurətdən qaynaqlanır.
Hazırda ŞƏXSIYYƏT, CƏMIYYƏT və DÖVLƏT üçlüyunə iki yeni subyekt əlavə etməyin vaxtıdır.
Onlardan birincisi, TƏBIƏT, ikincisi isə SÜNI INTELLEKTDIR.
Artıq 2020-ci illərdən bu yana insanlığın qarşısında aciz qaldığı pandemiyalar, qlobal istiləşmə və digər təbii hadisələr, eyni zamanda süni intellektin insanların düşündüyündən də sürətlə inkişafı və onun faydaları ilə yanaşı, doğurduğu çox ciddi təhlükələr insanlığı beynəlxalq miqyasla yanaşı, konstitusion səviyyədə də bu problemlərlə mübarizəyə səsləyir.
Bugün modern texnologiyalarla buludları qovalamaq üsulu ilə istənilən ölkələrdə quraqlıqlar, süni zəlzələlər yaradıla bilir. Bunun kimi çoxsaylı ciddi məsələlər saymaq olar. Bu problemlərin həllinə dair beynəlxalq hüquq normaları ilə bərabər, lokal mübarizə miqyasında ölkədaxili hüquq normaları da gərəklidir. Bu cür hüquq normalarının meydana çıxması üçün ali qanun sayılan konstitusiyalarda onlara dair başlanğıc müddəaların olmasına artıq ehtiyac vardır.
Düzdür, dünya dövlətlərinin, o cümlədən ölkəmizin konstitusiyasında sağlam ətraf mühitdə yaşamaq hüququ, fövqəladə və hərbi vəziyyətlərin statusu və bunun kimi təbiət hadisələrinə reaksiyanı əks etdirən müddəalar vardır. Lakin yetərlidirmi? Məncə yox.
Süni intellektə nə deməli? Hüquqsunaslar yaxşı bilir ki, hər ölkə üçün "basic norm" sayılan ali konstitusion normalar istənilən hərəkətin hüquqi uyğunluq kriteriyalarını müəyyən edir.
Yəni istənilən məsələyə "hüquqi baxımdan olar" demək üçün onun ali qanun sayılan konstitusiyadan qaynaqlanması və ona zidd olmaması lazımdır. Bunu bizə Kelzen babamız öyrədib.
Süni intellektin tətbiqinin mümkünlüyünə dair müasir konstitusiyalarda hər hansı bir normaya rast gəlirikmi? Cavab "xeyr"dirsə, o zaman düşünməyin vaxtıdır. Son ifadəyə düzəliş edək: "düşünmək üçün artıq gecikmişik".
Bunlar maraqlı məsələlərdir. Onu da deyim ki, söhbət açdığımız problem bizim "kəşf"imiz də deyil.
Artıq bəzi ölkələr (Portuqaliya, Braziliya, Çili, Estoniya, Polşa və s.) öz konstitusiyalarında sağlam ətraf mühitdə yaşamaq, eləcə də ekoloji təhlükəsizliklə bağlı effektov hüquqi həll yollarına dair dövrümüzün tələbləri ilə səsləşən müddəalar nəzərdə tutmağa başlayıblar. Hətta Tunis Konstitusiyasının 45-ci maddəsi "iqlimin qorunmasına qatılma hüququ" adlı son dərəcə maraqlı bir insan haqqı tanıyır.
Qardaş Türkiyədə hörmətli müəlliflərdən İbrahim Ö.Kaboğlu "Anayasa hukuku dersleri (genel esaslar)" adlı kitabının 6-cı bölümünü "Çevresel Anayasa hukuku"na həsr etmişdir.
Mən konstitusiya hüququ fənnini tədris edən bir müəllim kimi bu məsələni ölkə daxilində gündəmə gətirməyi özümə borc bilirəm. Mən də daxil olmaqla, bu sahə ilə məşğul olan müəllimləri və əlaqədar şəxsləri mövcud problemə diqqət ayırmağa səsləyirəm.
Yunis Xəlilov
Naxçıvan Dövlət Universitetinin
Hüquq fənləri kafedrasının baş müəllimi
Bölməyə aid digər xəbərlər