11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
11:52 / 20-11-2024
Sabah hava necə olacaq?
"Multikulturalizm bizim üçün həyat tərzidir" - Anar Nəbiyev

      Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çox mühüm və nüfuzlu beynəlxalq platformadır. Cənab İlham Əliyev mayın 1-də keçirilən “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda qeyd etdi ki, “Bakı Prosesi” mədəniyyətlərarası dialoqu təşviq edir. Azərbaycanın bu təşəbbüsü ziyalıları, siyasətçiləri, qərar qəbul edənləri, media nümayəndələrini, vətəndaş cəmiyyətinin nümayəndələrini, vətəndaş cəmiyyətini bir araya gətirir. O da vurğulandı ki, dünyada əfsuslar olsun ki, yeni münaqişələri, yeni qeyri-sabitlik məkanlarını və yeni təhdidləri görürük. Məsələlərin həllində Azərbaycanın öz təcrübəsi var. Azərbaycanda  müxtəlif etnik qrupların və dinlərin təmsilçiləri bir ailə kimi yaşayırlar. Onlar Azərbaycanın dəyərli vətəndaşları, dövlətimizin, dövlətçiliyimizin əsl vətənpərvər insanlarıdır. Azərbaycan daxilində hər zaman müsbət mədəniyyətlərarası dialoq olub. Azərbaycan xalqı bunu gündəlik həyatında nümayiş etdirib. Multikulturalizm Azərbaycan vətəndaşları üçün həyat tərzidir.
     Dövlətimizin başçısı çıxışında bu məqama da diqqəti yönəltdi ki, müstəqilliyin ilk illərində çox çətinliklər yaşadıq, ancaq bu vəziyyətdən çıxa bildik. Azərbaycanı parçalamaq cəhdləri var idi. Bütün bunlar Azərbaycan xalqının məhz həmrəyliyini, birliyini sınağa çəkdi. Buna görə milli maraqların qorunması uğurlarımız üçün çox vacib amil idi.
     Mədəniyyətlərarası dialoq Azərbaycanda güclü şəkildə təşviq edilir. Ölkəmizdə çoxsaylı tədbirlər təşkil olunur. Bu tədbirlər dinlərarası dialoqla bağlıdır. Cənab İlham Əliyev bu çağırışı da etdi ki, dini nümayəndələrin rolu dünyada bütün xalqlar üçün vacibdir və onlar həmin rəhbərlərdə sülh, tolerantlıq, qarşılıqlı hörmət kimi müsbət mesajları eşitməlidirlər.
     Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu dünyanı narahat edən problemlərin müzakirəsinə, birgə həlli yollarının axtarılmasına xüsusi diqqət göstərir. Məhz bunun nəticəsidir ki, hər il Forum iştirakçılarının say tərkibində artım müşahidə olunur. Tədbir iştirakçıları istər Forumdakı çıxışlarında, istərsə də tədbir çərçivəsində keçirdikləri görüşlərdə belə bir reallıqlara diqqəti yönəltdilər ki, Forum dünyanı narahat edən çağırışların həlli yollarının tapılması ilə bağlı fikir mübadiləsinin aparılması baxımından əhəmiyyətli hesab edilir. VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyətini xüsusi vurğulayan BMT Sivilizasiyalar Alyansının Ali nümayəndəsi Migel Anxel Moratinos bildirdi  ki, dialoq sülhə aparan yoldur və biz parçalanmış keçmişdən ümumi ortaq gələcəyimizə addımlayacağıq. İstərdik ki, bundan sonra normallaşmanı, münasibətlərin qurulmasını nümunə kimi götürək. Bu kontekstdən çıxış edərək qlobal səviyyədə səylərimizi davam etdirəcəyik. İstərdik ki, insanlar arasında etimad daha da bərpa olunsun.  “Bakı Prosesi” bizə lazımdır. Ümid edirəm ki, burada aparılan müzakirələr və bu Forum parlaq gələcəyimizə töhfə verəcək.
     Azərbaycanın ev sahibliyi etdiyi bu kimi tədbirlər həm ölkəmizin, həm də Prezident İlham Əliyevin nüfuzunun təqdimatıdır. Daim birliyə, həmrəyliyə, sülhə, təhlükəsizliyə çağırışlar edən cənab İlham Əliyev səylərin birləşdirilməsinin, təcrübə mübadiləsinin qarşıya qoyulan hədəflərə zamanında nail olmağa böyük stimul verdiyini xüsusi vurğulayır. Cənab İlham Əliyevin elə bir çıxışı yoxdur ki, problemlərin dərinləşməsinə, vəziyyətin gərginləşməsinə yol açan dünyanın ikili standartlara əsaslanan siyasətindən bəhs etməsin. VI Ümumdünya Mədəniyətlərarası Dialoq Forumu bir daha həqiqətlərimizin təqdimatı oldu. Cənab İlham Əliyev tarixi Zəfərimizə gedən yoldan, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunmasından bəhs etdi.  Bu reallığı diqqətə çatdırdı ki,  Azərbaycan sülhü müharibə vasitəsilə təmin etdi. Bu, lazımınca nəzərdən keçirilməlidir. Əvvəlki dialoq forumlarında dövlətimizin başçısı daim işğal və ədalətsizlik haqqında bəhs edərək bildirirdi ki, insanlar bundan əziyyət çəkirlər. Beynəlxalq səviyyədə tanınmış ərazimizin 20 faizi  müstəqilliyin ilk illərindən 2020-ci ilədək işğal altında qaldı və bir milyona yaxın azərbaycanlı qaçqın və məcburi köçkün oldu,  etnik təmizləməyə məruz qaldı: “İndi biz azad edilmiş ərazilərə daxil olanda bunu öz gözlərimizlə görürük… Biz öz səsimizi ucaltmışıq, biz ürəkdən çalışdıq, diplomatiya sahəsində işlədik, bütün beynəlxalq təşkilatlar qətnamələri və qərarları qəbul etdi və orada erməni qüvvələrinin çıxarılması tələb olunurdu. O cümlədən BMT-nin Təhlükəsizlik Şurası dörd qətnamə qəbul etdi. Amma bu, işləmədi, çünki implementasiya mexanizmi yox idi. Bu, bizim diqqətimizdən kənarda qala bilməzdi. Həmin qətnamələri qəbul edənlər heç bir şey etmədilər ki, onlar icra olunsun. Odur ki, biz sülhə müharibə yolu ilə nail olmalı idik və 2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində ərazilərimizin böyük hissəsini azad etdik.”
     Cənab İlham Əliyev Azərbaycanın ötən ilin sentyabrında suverenliyini tam bərpa etməsini tədbir iştirakçılarının diqqətinə çatdırdı. Qeyd edildi ki, indi isə  münaqişədən sonrakı vəziyyətdəyik: “Münaqişədən sonrakı vəziyyətə gəldikdə, bir daha deyirəm, Azərbaycan çox fəal çalışır, Azərbaycan məhz Ermənistana sülh sazişi ilə bağlı danışıqlara başlamaq təşəbbüsünü irəli sürdü. Azərbaycan məhz o ölkədir ki, baza prinsiplərini, hətta sülh sazişinin layihəsini hazırladı. İndi iki ölkə arasında danışıqlar gedir və bu danışıqlar bizim təkliflərin layihəsi üzərində aparılır. Demək olar ki, 30 il insanlar əziyyət çəkib, beynəlxalq hüquq pozulub, bizim bütün mədəni, tarixi məkanlarımız, o cümlədən 67 məsciddən 65-i erməni vandalları tərəfindən tamamilə məhv edilib. Qeyd edirəm ki, bəzi ölkələr Ermənistana dəstək verirdi.”
     Göründüyü kimi, Azərbaycan regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsinə yol açacaq sülh müqaviləsinin imzalanması üçün bütün addımları atıb. Ölkəmiz hər zaman ədalətin və beynəlxalq hüququn yanındadır, dünyaya sülh, əməkdaşlıq çağırışlarını etməkdə davam edir. Keçirilən hər bir beynəlxalq əhəmiyyətli tədbir Azərbaycanın bu mövqeyinin təqdimatında öz sözünü deyir.

Anar Nəbiyev
YAP Qazax rayon təşkilatının sədri


Tarix: 6-05-2024, 11:42 Oxunub: 232


Bölməyə aid digər xəbərlər