Vətən müharibəsinin qəhrəmanlarından biri, Tovuzun Dondarquşçu kənd sakini şəhid Əmrah Əliyevin oğul övladı dünyaya gəlib.
ATIA.AZ xəbər verir ki, 23 yaşlı Əmrah Rüfət oğlu Əliyev Xocavənd uğrunda gedən döyüşlərdə şəhid olub. 2021-ci ilin ilk günündə - yanvarın 1-də onun ikinci övladı dünyaya göz açıb. Şəhidimizin ikinci övladı oğlandır. Əmrah 1 yaşlı Adəmdən sonra dünyaya gələn balaca igidin adının Rüfət qoyulmasını və hərbçi kimi yetişməsini vəsiyyət edib.
Şəhidin həyat yoldaşı Leyla Əliyeva Rüfəti hərbçi kimi böyüdəcəyini, həyat yoldaşının vəsiyyətini yerinə yetirəcəyini deyir:
"Yoldaşım demişdi ki, uşaq doğulanda atamın adını qoyarsan. Mən yoldaşımla fəxr edirəm, qürur duyuram. Vətən sağ olsun!”
Balaca Rüfətin sağlamlığı da normaldır. Mütəmadi həkim müayinəsindən keçən körpənin doğulanda çəkisi 3 kiloqram 800 qram olub. Ana və övladın sağlamlığı qaydasındadır.
Bölməyə aid digər xəbərlər