"Bənzəri olmayan parlaq Qələbə" - Nizami Zeynalov

       2023-cü ilin 8 noyabr tarixində Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Möhtəşəm Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi paradı son 20 ilin  ən mühüm tarixi hadisələindən biri hesab etmək olar.
Qədim Xankəndi şəhəri yaranışından indiyədək belə möhtəşəm hərbi parad görməmişdi. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin, birinci xanım  Mehriban Əliyevanın və oğulları Heydər Əliyevin paradda iştirak etmələri və Prezidentimizin buradakı çıxışı çox yaddaqalan və unudulmaz oldu.   Silahlı Qüvvələrimizin parad heyətlərinin Azərbaycan Respublikasının Dövlət Bayrağının və Şuşa şəhərinə sancılan – Qələbənin rəmzinə çevrilən Zəfər Bayrağının, Azərbaycan Ordusunun və qoşun növlərinin, lokal xarakterli antiterror tədbirlərində iştirak etmiş hərbi birləşmələrin döyüş bayraqlarının Xankəndi şəhərinin mərkəzi meydanına gətirilməsi çox qürurverici  bir an idi. Ölkə Prezidenti cənab  İlham Əliyevin qeyd etdiyi kimi, İkinci Qarabağ müharibəsi Azərbaycan dövlətinin tam Zəfəri ilə nəticələndi. Üç il bundan əvvəl Qarabağın tacı olan Şuşa şəhəri işğalçılardan azad edildi. Ondan bir gün sonra düşmən ordusu təslim oldu və ağ bayraq qaldırdı.
Sözü və əməli bir olan Prezidentimiz cənab  İlham Əliyev milli həmrəylikdən söz açaraq  bildirdi ki, Azərbaycan xalqı uzun illər ərzində işğal dövründə bir nöqtəyə vururdu ki, tezliklə bizim torpaqlarımız işğalçılardan azad edilsin. Biz bu müqəddəs günü hər gün, hər saat öz əməyimizlə, işimizlə yaxınlaşdırırdıq. Birinci dəfə Azərbaycan xalqı mənə böyük etimad göstərəndə, 20 il bundan əvvəl Prezident kimi əziz xalqıma söz vermişdim, əlimdən gələni edəcəyəm ki, biz ərazi bütövlüyümüzü bərpa edək. Həm seçkilər ərəfəsində, həm andiçmə mərasimində doğma xalqıma söz vermişdim ki, gün gələcək biz Azərbaycanın Dövlət Bayrağını işğal altında olan torpaqların hər bir guşəsində qaldıracağıq. Ölkə rəhbəri vurğuladı ki, bu günü bizə bəxş edən Müzəffər Silahlı Qüvvələrimiz döyüş meydanında cəsarət, qəhrəmanlıq, fədakarlıq göstərərək düşməni bizim əzəli torpaqlarımızdan qovmuşdur. Bu, böyük tarixi hadisədir. Azərbaycan xalqının çoxəsrlik tarixində buna bənzər parlaq Qələbə olmamışdır.
Dövlət başçısının söylədiyi kmi, Şuşa əməliyyatı qəhrəmanlıq dastanıdır. Qırx dörd gün ərzində döyüş meydanında düşməni məğlub edərək, şəhər və kəndlərimizi azad edərək Azərbaycan əsgər və zabiti əsl qəhrəmanlıq göstərmişdir. Hər gün biz irəli gedirdik, bir gün belə geriyə addım atmamışdıq.
      İgid Azərbaycan əsgərinin hünərindən danışan ölkə başçısı söylədi ki, düşmən ordusu Azərbaycan Ordusunun, Silahlı Qüvvələrin peşəkarlığını, fədakarlığını görərək daha da böyük təşvişə düşürdü və onların özlərinin etirafına görə, 44 günlük müharibə zamanı Ermənistan ordusunda 12 min fərari olmuşdur.
    Əyilməz döyüş ruhundan söz açan ölkə rəhbəri onu da qeyd etdi ki, Azərbaycan Silahlı Qüvvələrinin bir nəfər də olsun hərbçisi döyüş meydanını tərk etməmişdir. Bu, Azərbaycan xalqının əyilməz ruhunu və yüksək mənəvi keyfiyyətlərini bir daha bütün dünyaya nümayiş etdirdi.
Dövlət başçısının səsləndirdyi kimi, Azərbaycan xalqı tarixi ədaləti bərpa etdi. Noyabrın 8-də Şuşa əməliyyatından sonra düşmən ordusunun beli qırıldı və bir gün sonra kapitulyasiya aktına imza atdı. Bu il aprelin 23-də biz Laçın istiqamətində Azərbaycan - Ermənistan sərhədini nəzarətə alaraq ərazi bütövlüyümüzü tam bərpa etdik və sentyabrın 20-də dövlət suverenliyini tam bərpa etdik. Separatçıların kitabı bağlandı. Artıq Azərbaycanda separatçılığa yer olmayacaq. Azərbaycan dövləti bu gün bütün əraziyə nəzarət edir və bunun səbəbkarları on minlərlə Azərbaycan hərbçiləridir. 
     Ölkə Prezidenti İlham Əliyev bildirdi ki, dörd il bundan əvvəl Xankəndi şəhər stadionunda Ermənistanın baş naziri çıxış edərkən təkəbbürlə demişdi: “Qarabağ Ermənistandır və nöqtə”. Biz ona, onun kimilərinə və onların arxasında duranlara döyüş meydanında qan tökərək, şəhidlər verərək göstərdik ki, o, səhv yolda idi. Biz göstərdik ki, Qarabağ Azərbaycandır, döyüşərək, vuruşaraq, heç nəyə baxmayaraq və bu gün hər kəs bilməlidir ki, bizimlə bundan sonra heç kim zarafat etməsin.
     Möhtərəm Prezidentimiz çıxışında  Ermənistan rəhbərliyinə və onların havadarlarına bir daha ciddi xəbərdarlıq edərək bildirdi ki, əgər onlar  revanşist fikirlərlə yaşayırsa, Ermənistanın arxasında dayanan manipulyasiyaya öyrəşmiş ölkələr əgər yenə də Azərbaycan üçün hansısa məkrli plan qurursa, o, Xankəndi şəhərində təşkil olunmuş parada nəzər yetirsin. Bilsin ki, burada mindən çox igidimiz düzülübdür və bizim 100 mindən çox onlar kimi igidlərimiz var və heç bir qüvvə bizi təhdid edə bilməz.
    Dövlət başçısının qeyd etdiyi kimi, bizə yeni müharibə lazım deyil. Biz istədiyimizə nail olduq, beynəlxalq hüququ bərpa etdik, tarixi ədaləti bərpa etdik, milli ləyaqətimizi bərpa etdik, düşmənə onun yerini göstərdik. Biz bütün vəzifələri icra etmişik.

Nizami Zeynalov
 YAP Qazax rayon təşkilatı ərazi partiya təşkilatının sədri


Tarix: 15-11-2023, 10:02 Oxunub: 69


Bölməyə aid digər xəbərlər