" Bax indi Xanın ruhu şaddır" - Rəna Bayramova

       Üç ildir ki, Qalib Azərbaycan xalqı qürur dolu anlar, sevincli günlər  yaşayır. 2020-ci ilin 27 sentyabrında başlayıb, 10 noyabrında əldə etdiyimiz tarixi Qələbənin davamını bu günlərdə bir daha izlədik.  2023-cü ilin 15 oktyabrı xalqımızın yaddaşına əbədi həkk olundu. Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız  cənab İlham Əliyevin 15 oktyabrda, Şərəfli Prezidentlik dövrünün 20 ili tamam olduğu gündə Xankəndi şəhərində üçrəngli Azərbaycan Bayrağını ucaltması və xalqa etdiyi müraciət hər birimizin ürəyini dağa döndərdi, hər kəsi qürurlandırdı.   
     Cənab  İlham Əliyevin müraciətində qeyd etdiyi kimi, 15 oktyabr 2023-cü il tarixi bir gündür. 15 oktyabr tarixində Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan Bayrağı qaldırıldı. Ölkə başçısı bildirdi ki, 20 il öncə qarşıya qoyulmuş bütün vəzifələr icra edildi. 20 il bundan əvvəl Prezident seçilərkən doğma xalqıma müraciət edərək söz vermişdim ki, Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcək və Azərbaycanın ərazi bütövlüyünü qoruyacağam. 
     Dövlət başçısı qeyd etdi ki, Azərbaycan xalqı hər gün, hər saat öz müqəddəs məqsədinə doğru gedirdi. Hər gün Azərbaycan xalqı müqəddəs anı yaxınlaşdırırdı. İyirmi il bundan əvvəl Prezident kimi öz vəzifə borcumu yerinə yetirməyə başlayanda qarşıma bir nömrəli vəzifə qoymuşdum ki, Azərbaycan Bayrağı o vaxt işğal altında olan bütün ərazilərdə, bütün torpaqlarda, bütün şəhər və kəndlərdə qaldırılsın.
     Ölkə rəhbəri qeyd etdi ki, 1969-1982-ci illərdə Qarabağda heç bir ayrı-seçkilik, diskriminasiya olmamışdır. O vaxt Dağlıq Qarabağ Muxtar Vilayətinin partiya komitəsinin doqquz nəfərdən ibarət büro üzvü var idi. Onlardan səkkizi erməni, biri azərbaycanlı idi, o da Şuşa Şəhər Partiya Komitəsinin birinci katibi. Azərbaycanda erməni dilində qəzet dərc edilirdi, yəni, o illərdə olub və o illəri də kənara qoya bilmərik. Dövlət başçısı qeyd etdi ki, 1987-ci ildə Ulu Öndər Heydər Əliyev öz vəzifəsindən kənarlaşdırıldı, Sovet İttifaqı Kommunist Partiyasının büro üzvlüyündən çıxarıldı. Ulu Öndər Sovet İttifaqının Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsindən də çıxarılmışdı. İki həftə keçməmiş erməni millətçiləri məsələ qaldırmışdılar ki, Dağlıq Qarabağ Muxtar Vilayəti Azərbaycandan Ermənistana verilsin. Bunu da qaldıran Moskvada oturan erməni millətçisi idi.
    O vaxtkı Azərbaycan rəhbərliyi faktiki olaraq vəziyyəti nəzarətdən buraxdı, qorxaqlıq, acizlik, qətiyyətsizlik göstərdi. Ermənistandan Qarabağa durmadan erməni millətçiləri, daşnaklar, qaniçənlər, beynəlxalq terrorçular gəlirdilər. Xalqımıza qarşı etnik təmizləmə siyasəti başlamışdı.
Ölkə başçısının da səsləndirdiyi kimi, cəmi altı il Azərbaycan  Heydər Əliyevsiz qalmışdır və bu altı il bizim üçün faciəvi, böhranlı, utancverici illər kimi tarixdə qaldı. Torpaqlar işğal altına düşdü, bir-birini dəyişən antimilli hökumətlər faktiki olaraq ancaq öz şəxsi maraqlarını qorumağa çalışırdılar, həm sovet dövründə, həm müstəqillik dövründə. Xüsusilə AXC-Müsavat antimilli cütlüyünün xəyanətkar və satqın fəaliyyəti nəticəsində bütün bu boyda ərazi işğal altına düşdü, sonra da qorxaqcasına öz vəzifələrini guya donduraraq kənara çəkildilər. Azərbaycanın dövlət müstəqilliyini qoruyan məhz Ulu Öndər Heydər Əliyev oldu. Ulu Öndər Heydər Əliyevin dühası, onun siması, Heydər Əliyev amili Azərbaycan xalqının yardımına yetişdi və biz haqlı olaraq Ulu Öndəri Xilaskar adlandırırıq. 
     Ölkə Prezidentinin qeyd etdiyi kimi, qondarma respublikanın rəhbərliyində olanların bəziləri indi Bakıdadır. Onlar Bakıya gəlmək istəyirdilər, bizi hədələyirdilər, deyirdilər ki, onların tankları Bakı küçələrində olacaq. Onların tankları Hərbi Qənimətlər Parkındadır. Onlar deyirdilər ki, Bakıya gəlib çay içəcəklər. İndi çay içirlər, istintaq təcridxanasında. Özünü “prezident” adlandıran 3 təlxək bu gün öz layiqli cəzasını gözləyir.
     Bəli, dövlət başçısının söylədiyi kimi, biz istədiyimizə nail olduq. Azərbaycan xalqının onilliklər ərzində olan arzuları çin oldu. Azərbaycan xalqının ləyaqəti bərpa olundu. Biz torpaqlarımızı geri qaytarmışıq, ərazi bütövlüyümüzü bərpa etmişik.
     Ermənistanın bütün revanşist qüvvələri mövcud reallığı qəbul etməlidir. Bizim Bayrağımız Xankəndidə dalğalanır. Revanşistlər Vətən müharibəsini unutmasınlar! Antiterror tədbirlərini unutmasınlar! Əgər yenə də Ermənistanda hansısa qüvvə revanş haqqında düşünürsə, onlar öz aqibətini bilməlidirlər.
     Prezident İlham Əliyevin 15 oktyabr tarixli Qarabağ səfəri unudulmaz anlarla yadda qaldı. Ölkə başçısı Tərtər rayonunun Suqovuşan qəsəbəsində istirahət parkının açılışında iştirak etdi. Tərtər rayonunda Suqovuşan su anbarının təmir-bərpadan sonra istifadəyə verilməsi mərasimində iştirakı yaddaşlara yazıldı. Sərsəng su anbarının ərazisində, Ağdərə şəhərində Dövlət Bayrağının ucaldılması mərasimi ilə xalqımıza unudulmaz anlar yaşatdı. Xankəndi şəhərinin Kərkicahan qəsəbənin ərazisinə, Şuşa rayonunun Malıbəyli kəndinin ərazisinə baxış tarixə yazıldı. Xocalı şəhərində, Xocalı rayonunun Əsgəran qəsəbəsində Dövlət Bayrağının ucaldılması mərasimi bu səfərin bizim üçün nə qədər böyük məna daşıdığını bir daha göstərdi. Əsgəran qalasına və əraziyə baxış, Xocavənd şəhərində Dövlət Bayrağının ucaldılması, Ağdam-Füzuli avtomobil yolunun tikintisi işlərinin gedişi ilə tanışlıq xalqımızın şahidlik etdiyi unudulmaz anlardır.
    Bəli, indi Ümummilli Liderimizin, müqəddəs şəhidlərimizin, müharibə qurbanlarının və şəhərin adı verilən Xanın ruhları şaddır. Çünki doğma Qarabağımızindiki qədər Azərbaycanın olmayıb.

Rəna Bayramova
YAP Qazax rayon təşkilatı ərazi partiya təşkilatının sədri


Tarix: 20-10-2023, 10:08 Oxunub: 102


Bölməyə aid digər xəbərlər