" Yaddaşlara həkk olunan tarixi gün" - Kənan Hüseynli

       27 sentyabr 2020-ci il tarixindən 10 noyabr 2020-ci il tarixinədək olan  44 gün ərzində hər birimiz müasir Azərbaycan tarixinin ən qürurlu, ən şərəfli və ən unudulmaz günlərini yaşadıq. Ermənistan silahlı qüvvələrinin Azərbaycana növbəti dəfə təxribatının qarşısının alınması məqsədilə Möhtərəm Prezidentimiz , Ali Baş Komandanımız cənab İlham Əliyevin başçılığı ilə Müzəffər Ordumuzun əks hücum əməliyyatı nəticəsində uzun illər işğal altında olan torpaqlarımız yağı düşmən tapdağından azad edildi. Məkrli və hiyləgər düşmən kapitulyasiya aktına imza atmağa məcbur oldu. 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində Azərbaycan Ordusu Ermənistanın silahlı qüvvələrini məhv edərək tariximizə yeni bir gün yazdı və şəhidlərimizin qisası  artıqlaması ilə alındı. Əlbəttə ki, bu 44 günün hər bir günü Azərbaycanın şanlı tarixidir. XXI əsrin müharibəsini aparan Azərbaycan hərbi gücü, qüdrəti ilə dünyaya səs saldı. Bəli, 44 günün hər bir dəqiqəsini, saatını Qələbə sorağı ilə böyük həyəcan və səbirsizliklə gözləyirdik. Vətən müharibəsi dövründə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev xalqa müntəzəm müraciətlər etdi. Bu müraciətlər Azərbaycan xalqını ayağa qaldırdı, onu yumruq kimi sıx birləşdirdi, müharibənin gedişatına və taleyinə güclü təsir göstərdi. Prezidentimizin hər bir müraciəti növbəti qələbələrin başlanğıcına çevrilirdi. Təbii ki, biz bu qələbə naminə itkilər də verdik. Azərbaycan xalqı və dövləti hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna hörmət və ehtiram göstərir, xatirəsini uca tutur. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərancamı ilə hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilməsi qərara alınmışdır.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərancamı ilə Vətən müharibəsi şəhidlərinin xatirəsini yad etmək məqsədilə 2020-ci il dekabrın  4-də saat 12:00-da ölkə ərazisində bir dəqiqəlik sükut elan edilmişdir.
       Bəli, 3 il əvvəl Vətən müharibəsində  Ermənistanın işğalçılıq siyasətinə son qoyuldu. Milli həmrəyliyin, peşəkar rəhbərliyin, effektiv hərbi strategiyanın və qüdrətli Ordumuzun gücü düşməni kapitulyasiya aktına imza atmağa məcbur etdi. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin  canı, qazilərimizin qanı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu.
Bu gün azad edilmiş torpaqlara gələn hər bir kəs erməni vəhşiliyinin təzahürlərini öz gözləri ilə görür. Bizim bütün şəhərlərimiz yerlə - yeksan edilib, bütün tarixi abidələrimiz, məscidlərimiz ermənilər tərəfindən ya tam dağıdılıb, ya da təhqir olunub. 67 məsciddən 63-ü tamamilə dağıdılıb, 4-ü isə qismən dağıdılaraq yararsız hala salınıb. Məscidlərdə mənfur düşmən bütün dünya müsəlmanlarını təhqir etmək üçün inək, donuz saxlayırdı. Bu da ermənilərin nə qədər riyakar, nankor, vəhşi olduqlarının daha bir nümunəsidir. 
      Fəxrlə demək lazımdır ki, 44 gün ərzində bizə ən böyük dəstək verən ölkə qardaş Türkiyə olmuşdur. Qardaş Türkiyə və qardaş türk xalqı müharibənin ilk saatlarından Azərbaycanla həmrəy oldular, Azərbaycana öz dəstəyini göstərdilər. Türkiyə rəhbərliyi tərəfindən verilən açıqlamalar bizə çox böyük siyasi dəstək oldu, bizə əlavə güc verdi və biz bunu heç vaxt unutmayacağıq. Müxtəlif dövrlərdə Türkiyə ilə birgə keçirilmiş hərbi təlimlər sayəsində Azərbaycan Ordusunun təcrübəsi və taktik manevr etmə səriştəsi əsaslı şəkildə artmışdır.
     19 sentyabr tarixində erməni silahlı birləşmələrinin törətdikləri terror aktı ilə əlaqədar Azərbaycan ordusu tərəfindən lokal xarakterli antiterror tədbirləri həyata keçirildi və bu lokal xarakterli antiterror tədbirləri növbəti qələbəmiz, suverenliyimizin bərpası və Ermənistanın növbəti kapitulyasiyası ilə nəticələndi. Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə etdiyi müraciətini nəzərə alaraq 2023-cü il sentyabrın 20-də saat 13:00-da müvafiq şərtlər altında lokal xarakterli antiterror tədbirlərinin dayandırılması barədə razılıq əldə olundu. Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələrinin, qeyri-qanuni erməni silahlı dəstələrinin silahı yerə qoyması, döyüş mövqelərindən və hərbi postlardan çıxması və tam şəkildə tərksilah olunması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin Azərbaycan ərazilərini tərk etməsi, qeyri-qanuni erməni silahlı dəstələrinin buraxılması, eyni zamanda, paralel şəkildə bütün silah-sursat və ağır texnikanın təhvil verilməsi Azərbaycanın növbəti Qələbəsinin təntənəsidir. Müzəffər Ali Baş Komandan, Azərbaycan əsgəri və Azərbaycan xalqı bir daha sübut etdi ki, şəhidlərimizin qanı nahaq yerə axmadı, onların qisası artıqlaması ilə alındı.
       Azərbaycan Respublikasının Prezidenti Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev demişdir; “Birinci Qarabağ və İkinci Qarabağ müharibələrinin şəhidləri bizim qəlbimizdə əbədi yaşayacaq. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların qəhrəmanlığı, fədakarlığı nəticəsində biz torplaqlarımıza qayıdırıq. Allah bütün yaralı hərbçilərimizə şəfa versin, onlar tezliklə sağalıb normal həyata dönsünlər, onların sağalması üçün də əlimizdən gələni edirik və edəcəyik. Hətta ən ağır vəziyyətdə olan yaralı əsgərimiz, zabitimiz bilməlidir, əlimizdən gələni edəcəyik ki, onu normal həyata qaytaraq. Biz bu Qələbəyə görə onlara borcluyuq.”
      İllər ötəcək, nəsillər dəyişəcək, müdrik Azərbaycan xalqı müqəddəs şəhidlərimizi heç zaman unutmayacaqdır. Onların əziz xatirəsi hər zaman böyük hörmət və  ehtiramla anılacaqdır. 

Kənan Hüseynli
YAP Qazax rayon təşkilatının əməkdaşı


Tarix: 27-09-2023, 09:26 Oxunub: 138


Bölməyə aid digər xəbərlər