"44 gün-Qələbə səhifəsi" - Anar Nəbiyev

     Azərbaycan Ordusu dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti sayəsində 44 günlük İkinci Qarabağ müharibəsinin  hər gününü tariximizə Qələbə səhifəsi kimi yazdı. Bu gün böyük qürurla torpaqlarımızın işğal deyil, işğaldan azad edildikləri tarixləri bayram əhval-ruhiyyəsində qeyd edir, bu sevinci bizə yaşadan Ali Baş Komandan İlham Əliyevə, rəşadətli Azərbaycan Ordusuna minnətdarlığımızı bildirir, şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizə şəfa diləyirik.
     Azərbaycan Ordusu 44 gündə hansı imkanlara, gücə, qüdrətə malik olduğunu dünyaya nümayiş etdirdi. Silahlı Qüvvələrimizin sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi. Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəkliyi, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəkləri və daha 5 adsız yüksəklik azad olundu. 44 gündə Ermənistana tarix boyu unutmayacaq  dərs verildi və hər zaman bu xatırlatmanı da edirik ki, dəmir yumruq yerindədir. Zəfərimizin rəmzinə çevrilən “Dəmir yumruq” birliyimizin və gücümüzün təqdimatıdır. Azərbaycan ordusu yazdığı Zəfər tarixi ilə ermənilərin illərdir yaratdıqları mifləri dağıtdı. Dünya bir daha gördü ki, yenilməz, məğrur xalq Azərbaycan xalqıdır, güclü ordu Azərbaycan ordusudur. Qüdrətli ordumuz düşməni kapitulyasiya aktını imzalamağa məcbur etdi.
    Bütün regional layihələrdən təcrid olunmuş Ermənistandan fərqli olaraq Azərbaycan transmilli layihələr ilə regionda tamamilə yeni mənzərə yaratdı. Azərbaycan regionun enerji, nəqliyyat xəritəsini yenidən tərtib etdi. Ölkəmizin təşəbbüsləri təkcə xalqımızın deyil, bir çox ölkələrin, o cümlədən region ölkələrinin maraqlarını təmin edir. Azərbaycanın beynəlxalq nüfuzu gücləndi. İqtisadi və siyasi müstəqilliyimiz Zəfərimizi şərtləndirən əsas amillərdəndir. Güclü iqtisadiyyatı olan dövlət bütün sahələrdə dayanıqlı inkişafını təmin edəcək. Azərbaycan 30 ilə yaxın dövrdə müharibə vəziyyətində yaşasa da inkişaf modeli ilə dünyanın diqqətində oldu.
Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan və inkişaf edən Azərbaycan Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında öz xalqına Qələbəni bəxş etmiş müzəffər orduya çevrildi. Aparılan uğurlu siyasət və görülən davamlı tədbirlər sayəsində Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasındadır. Ordumuzun müasir texnika ilə təchizatı, müntəzəm olaraq keçirilmiş təlimlər, döyüş potensialının gücləndirilməsi, hərbi sənayenin yaradılması, bütün bunlar məqsədyönlü şəkildə aparılan siyasətin tərkib hissəsidir. Azərbaycan Ordusu döyüş hazırlığına görə MDB məkanında ön sıralardadır.  Əldə olunan böyük Qələbə ilə Ermənistanın işğalçılıq siyasətinə son qoyuldu. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı, canı bahasına bütün dünya Azərbaycanın şanlı Qələbəsinin şahidi oldu. Azərbaycan öz haqq savaşında zəfər çaldı.
Azərbaycanın tarixinə Qələbə səhifəsi yazan Prezidentə xalqın inamı və ehtiramı sonsuzdur. Hər zaman xalqın dəstəyinə arxalanan Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev işğaldan azad edilmiş torpaqlara səfərləri ilə öz sevincini xalqı ilə bölüşmək istəyini nümayiş etdirir. Prezident-xalq birliyi sarsılmazdır. Dövlətinin, xalqının gələcəyini düşünən Liderə milyonların sevgisi şəksizdir. Cənab İlham Əliyev adını tarixə torpaqlarımızın xilaskarı, qalib Sərkərdə kimi qızıl hərflərlə yazdı.
    2023-cü ildə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam təmin olunması istiqamətində mühüm addımlar atıldı. Belə ki, Azərbaycan-Ermənistan sərhədində Laçın rayonu ərazisində Həkəri çayının üzərində 23 aprel 2023-cü il tarixində “Laçın” sərhəd-buraxılış məntəqəsi quruldu. “Laçın” sərhəd-buraxılış məntəqəsinin qurulması böyük Şuşa Zəfərindən sonra əldə edilmiş ən böyük və əhəmiyyətli hərbi-siyasi qələbə kimi Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı.Azərbaycan  Bayrağı sərhəddə dalğalandı. Bununla da Azərbaycanın ərazi bütövlüyü təmin olundu. Üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycanın  konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə Silahlı Qüvvələrimiz 19 sentyabr 2023-cü ildə lokal xarakterli antiterror tədbirlərinə başladı. Bir gün davam edən lokal antiterror tədbirləri nəticəsində suverenliyimiz tam təmin edildi.
    Tariximizə yazılan hər bir zəfər səhifəsi Azərbaycanın tarixi ədalətə və beynəlxalq hüquqa əsaslanan siyasətinin təqdimatıdır.

Anar Nəbiyev
YAP Qazax rayon təşkilatının sədri


Tarix: 3-11-2023, 14:36 Oxunub: 95


Bölməyə aid digər xəbərlər