Bakıda 7 nəfərdən ibarət ailənin yaşadığı mənzildə əlavə 2 nəfərin qeydiyyatda olduğu məlum olub.
Ev sahibi həmin şəxslərin heç birini tanımadığını bildirir.
Bu problemlə Nərimanov rayonu, Aşıq Qərib 4B ünvanının sakini, 67 yaşlı Rəfael Həsənov qarşılaşıb.
"Xəzər Xəbər"in vatsap nömrəsinə müraciət edən Rəfael Həsənov deyir ki, 1978-ci ildən yaşadığı ünvanda qeydiyyatdadır. Onun sözlərinə görə, sonuncu dəfə 18 saylı Mənzil İstismar İdarəsindən arayış alarkən yaşadığı ünvanda qeydiyyatda olan 7 nəfərlik ailə üzvündən başqa daha iki nəfərin adının siyahıda olduğunu görüb.
Rəfael Həsənov ondan xəbərsiz evinə qeydiyyata düşənləri tanımadığını deyir.
Məsələ ilə bağlı 18 saylı Mənzil İstismar İdarəsinə üz tutsaq da, idarə rəisi işdə olmadığında sorğumuza cavab ala bilmədik.
Nərimanov Rayon Polis İdarəsinin qeydiyyat məsələləri bölməsindən isə bildirildi ki, 52 yaşlı Əliyeva Mehriban Abdulla qızı 2006, övladı 28 yaşlı Əliyev Kamran Azər oğlu isə 2011-ci ildən sözügedən ünvanda qeydiyyatdadır. Həmin şəxslərin mənzilə qeydiyyatı isə 18 saylı Mənzil İstismar İdarəsinin verdiyi sənəd əsasında həyata keçirilib.
DİN-dən “Xəzər Xəbər”ə bildirildi ki, qanunvericiliyə uyğun olaraq mülkiyyət hüququ olan vətəndaş Rəfael Həsənov məhkəməyə müraciət etməklə problemi aradan qaldıra bilər.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Bölməyə aid digər xəbərlər