12:39 / 11-05-2024
İbrahim Tatlıses Bakıda
Suqovuşana bayraq sancan əsgərə ev verən “Cavid-2016” əsgər ailəsinin evini dağıdıb

Şahbazova Lamiyə Zülfüqar qızı Bakı şəhəri, Nərimanov rayonu, keçmiş 11-ci Zavağzal/Ə.Nəvai (indiki K.Rəhimov) küçəsində yerləşən 12/18 saylı fərdi yaşayış evinin “Cavid 2016” tikinti şirkəti tərəfindən dağıdıldığını deyir.


Müraciət edən şikayətçi bildirir ki, qeyd edilən mənzil Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş 05.10.2001-ci il tarixli, Seriya FM № 010264 saylı “Qeydiyyat vəsiqəsi”nə əsasən 1/42 pay hissəsi onun xüsusi mülkiyyəti kimi qeydiyyata alınıb və buna dair 154 saylı reyestr kitabında qeyd edilib: “Yeganə yaşayış yerim olan mənzilim ”Cavid-2016” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən aparılmış çox mərtəbəli yeni hündürmərtəbəli binanın tikintisi ilə əlaqədar yararsız vəziyyətə düşüb. Hazırda mənzilimin yerləşdiyi ərazi sökülərək, tikinti işlərinə başlanılıb və nəticədə mənim mənzilim təhlükəli vəziyyətə düşüb. Eyni zamanda tikinti altı sahəsi evimə bitişik olduğundan evimin pəncərəsi tamamilə bağlanıb. Aparılan qazıntılar zamanı evimə külli miqdarda ziyan vurulub, evimin pilləkənləri dağıdılıb, mülkiyyət hüququmdan istifadə qanunsuz olaraq məhdudlaşdırılıb. Qaz, işıq, su sayğacları istifadəyə yararsız vəziyyətə düşüb. Mən hazırda heç bir kommunal xidmət ala bilmədiyim və evimin hər tərəfində tikinti getdiyi üçün orada yaşaya bilmirəm.
Tək övladım hərbi xidmətdə vətən üçün savaş meydanındadır. Mən tək ana olaraq, burda hər gün bir qohumun evində gecələyirəm. Bütün bu müddət ərzində fikirdən və keçirdiyim stressdən ağır xəstəliklər tapmışam. Evim söküntüyə məruz qalandan mən müalicədəyəm. Bir sözlə, mənzilim yararsız vəziyyətə düşüb, hər an uçma təhlükəsi ola bilər. Cavabdeh “Cavid-2016” Məhdud Məsuliyyətli Cəmiyyəti isə hələ də ziyan vurmaqda davam edir, evimə və səhhətimə vurulmuş ziyan onu narahat etmir. Buna görə də hesab edirəm ki, cavabdeh “Cavid – 2016” MMC tərəfindən aparılan tikinti dayandırılmalı, mənə vurulmuş maddi və mənəvi ziyan tutulmalı və mənə ödənilməlidir”.
Diqqətli oxucular “Cavid 2016” tikinti şirkətini yəqin ki, xatırladılar. Bu, həmin şirkətdir ki, Vətən Müharibəsinin ilk günlərində azad edilən Suqovuşana bayraq sancan əsgərimizə mənzil bağışlamışdı. Həmin vaxtlar bu addımını bütün ölkə mediasında gündəmə çevirən şirkət rəhbərliyi indi bir əshər anasını mənzilsiz qoymağa qərar verib. Çox maraqlıdır ki, bütün aidiyyatı qurumlar vətəndaşa “məsələni şirkətlə həll etməyi” məsləhət görürlər: “Hətta Ombudsman Aparatının 916 qaynar xəttindən mənə bildirildi ki, məsələni KİV-də ictimailəşdir bəlkə kömək olar. Ərazi üzrə 18-ci polis bölməsinin əməkdaşları da mənə deyirlər ki, get şirkətlə anlaş”.
L.Şahbazovanın sözlərinə görə, şirkət nümayəndələri əvvəlcə ona deyiblər ki, bina qəzalı vəziyyətdədir və bununla bağlı FHN-in aktı var, ona görə də burada yaşamaq olmaz: “Görəndə ki, mən köçməyə razı deyiləm, dedilər ki, evini təmir edirik. Bəs necə olur, bayaqdan qəzalı idi evim, indi təmir edirlər? Belə təmir olar? Hər yeri uçurub töküblər, evimin içini bərbad vəziyyətə salıblar”.
Qeyd edək ki, iş üzrə Nərimanov rayon Məhkəməsində “maddi və mənəvi zərərin ödənməsi” ilə bağlı iddia qaldırılıb. Eyni zamanda iddiaçı “Cavid-2016” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən aparılmış hüquqa zidd tikinti ilə əlaqədar vurulmuş 100 000 (bir yüz min) manat dəyərində maddi ziyanın, 150 000 (bir yüz əlli min) manat məbləğində mənəvi ziyanın cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. Həmçinin L.Şahbazova məhkəməyə iddianın təmin tədbirinə dair ərizə ilə müraciət edərək, 05.10.2001-ci il tarixli, Seriya FM № 010264 saylı "Qeydiyyat vəsiqəsi"nə əsasən Bakı şəhəri, Nərimanov rayonu, keçmiş 11-ci Zavağzal/Ə.Nəvai (indiki K.Rəhimov) küçəsində yerləşən 12/18 saylı fərdi yaşayış evinin yerləşdiyi ünvanda aparılan tikinti işlərinin dayandırılması, orada tikinti işlərinin və ya hər hansı işlərin görülməsinin qadağan edilməsi barədə qərardad çıxarılmasını istəyib. Məhkəmə iddianı qismən təmin edərək, L.Şahbazovanın evində aparılan söküntü işlərinin dayandırılması ilə bağlı qərar çıxarıb. Lakin qərara məhəl qoymayan şirkət işçiləri evin sayğaclarını sökərək bir tərəfə atıblar.
Maraqlıdır, “Cavid 2016” şirkətini özəl edən nədir ki, vətəndaş özünün mülkiyyət hüquqlarını heç bir instansiyada bərpa edə bilmir? AFN-in apardığı araşdırma zamanı məlum oldu ki, bu şirkət bütün böyük layihələrini Nərimanov rayonunda reallaşdırıb. Səbəb isə çox sadədir: “Cavid 2016” bu rayonun icra başçısı Abdin Fərzəliyevə məxsusdur. Daha doğrusu, bur şirkətin də arxasından onun bütün qara işlərini görən Nurlan adlı şəxsin adı çıxır. İcra hakimiyyətində yüksək vəzifə tutan Nurlan Həsənovun adı buna qədər də bir neçə qalmaqallı məsələdə hallanıb. Onun nəinki A.Fərzəliyevin, digər bir neçə yüksək vəzifəli məmurun qara işlərini gördüyü bildirilir.
Qeyd edək ki, adıçəkilən şirkət şikayətlə bağlı mediaya açıqlama verib. MMC-nin direktoru Rəfiyev Sərdar bildirib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 saylı “Bakı şəhəri Nərimanov rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” Qərarına əsasən Nərimanov Rayon İcra Hakimiyyəti Başçısı 02.10.2017-ci il tarixli, 393 saylı Sərəncamı ilə “Cavid-2016” MMC-yə Bakı şəhəri Nərimanov rayonu B.Dadaşov, K.Rəhimov, Bakuvi və Qafur Rəşad küçələrinin kəsişməsində yerləşən ərazidəki qəzalı vəziyyətdə olan evlərin sökülərək onların yerində yeni yaşayış binalarının tikintisinə və sakinlərin həmin binalarda yeni mənzillərlə təmin olunmasına icazə verilib: “Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi 12\18 ünvanda yerləşən istismar müddətini bitirmiş tikililərin yerləşdiyi ərazi də Nərimanov Rayon İcra Hakimiyyətinin Başçısının 02.10.2017-ci il tarixli, 393 saylı Sərəncamı ilə razılaşdırılmış 20\17 saylı, iş nömrəsi 020 olan “İstifadəyə ( icarəyə) verilən torpaq sahəsinin Ayrıc Aktı”na əsasən inşaat işlərinin aparılması üçün ayrılmış ərazinin hüdudları daxilinə düşür. Nəzərinizə çatdıraq ki, göstərilən ünvanda Malakan dini icmasının ibadət evi yerləşir. İbadət evinin üstündə isə, yəni ikinci mərtəbədə 4 ailənin mülkiyyətində olan 4 ədəd mənzil mövcuddur. Həmin mənzillərdən biri də Şahbazova Lamiyəyə məxsusdur. L.Şahbazovanın iddiaları həddindən artıq ölçüyə gəlmədiyinə görə onunla müqavilə bağlanmayıb. Birinci mərtəbədəki Malakan Dini İcması ilə apardığımız danışıqlar müqavilə bağlanılması üçün nəticə vermədi. Belə ki, dini icmanın üzvləri köhnə ibadət evində qalmalarına qərar verdilər”.
İcmanın qərarına hörmətlə yanaşıldığını deyən direktor qeyd edib ki, onların istəyinə uyğun olaraq bina söküntü üçün qəbul edilməyib: “Məntiqi olaraq ikinci mərtəbədə yerləşən mənzillər də hal-hazıra kimi tərəfimizdən toxunulmamış qalmışdır. Lakin həm tikilinin istismar müddəti bitdiyindən, həm də sakinlər öz mənzillərini tərk edərkən özləri həmin mənzillərin qapı-pəncərələrini, döşəmələrini söküb apardıqları üçün mənzillər tam yararsız vəziyyətə düşüb. Həm dini icmanın, həm də oradakı sakinlərin xahişini nəzərə alıb biz həmin mənzilləri və binanı öz hesabımıza təmir edirik. Erroziyaya uğramış dəmir pilləkənlər dəmir–beton konstruksiyalı pilləkənlərlə əvəz olunub, binanın dayanıqlılığını təmin etmək məqsədi ilə gücləndirmə işləri aparılıb, dam örtüyü yenilənib. Sakinlərin mənzillərinin eyvan hissəsinin sahəsi isə əhəmiyyətli formada artırılıb. Bütün həyətdəki sakinlər ümumi sanitar qovşaqlardan istifadə edir di ki, bu da çox bərbad vəziyyətdə idi. Biz hər bir mənzili fərdi sanitar qovşaqlarla təmin etdik. Gördüyümüz bu işlərin nəticəsi olaraq biz həm Malakan dini İcmasından, həm də 4 mənzillərin sahiblərindən ancaq təşəkkür gözləyirdik. Şahbazova Lamiyədən başqa digər şəxslər onların arzularını öz imkanlarımız hesabına yerinə yetirdiyimizə görə həqiqətən bizə öz təşəkkürlərini bildirirlər. Lakin narazı qalan yeganə şəxs Şahbazova Lamiyə olub ki, bunun da səbəbi yalnız müssisəmizin hesabına gəlir əldə emək istəyi olub.
Belə ki, Lamiyə xanımın özü və yaxınları bizim üzərimizə götürdüyümüz öhdəliklərin çərçivəsindən çox-çox kənara çıxaraq müvafiq qurumlar tərəfindən istismara yararsız hesab edilmiş mənzili üçün bir dəfə 100 000 (bir yüz min) manat, bir dəfə ümumi sahəsi 70 kv\m olan mənzil istədilər. Biz isə onların ümumi sahəsi 27 kv\m olan mənzilinin əvəzində L.Şahbazovaya ümumi sahəsi 42 kv\m olan mənzil verməyə hazır olduğumuzu bildirdik. Bundan sonra L.Şahbazova 100 000 manatdan 90 000 (doxsan min) manata, sonuncu dəfə isə 50 000 (əlli min) manata endi. Rəqəmlərin dəyişməsinə baxanda L.Şahbazovanın bizim hesabımıza varlanmaq istəyi aydın başa düşülür. Hazırda isə qeyd etdiyimiz kimi, biz həmin binanı söküntü üçün qəbul etməmişik. Ona görə də L.Şahbazovanın da mənzilinin yerləşdiyi binanı sakinlərin istəyinə uyğun təmir edib, müasir tələblərə uyğun bir formada onların istifadəsinə verəcəyik”.



Tarix: 9-01-2021, 23:52 Oxunub: 897


Bölməyə aid digər xəbərlər