Hindistan Pakistanın dostu mənim düşmənimdir prinsipi ilə Ermənistana yardım edir

Hansı ölkənin Ermənistana hərbi yardım göstərməsindən, silah-sursat verməsindən asılı olmayaraq, İrəvan indiki halda Azərbaycana qarşı genişmiqyaslı müharibə etmək iqtidarında deyil. Çünki həm 44 günlük Vətən müharibəsi, həm də ondan sonra baş verən erməni təxribatlarına qarşı ordumuzun həyata keçirdiyi uğurlu "Qisas", "Qətiyyətli cavab" əməliyyatları erməni hərbiçiləri arasında ciddi itkilərə səbəb olub. Digər tərəfdən erməni anaları da artıq övladlarının müharibədə həlak olmamasını qətiyyətlə Ermənistan hakimiyyətindən tələb edirlər".
Bu fikirləri "OLAYLAR"-a Ana Vətən Partiyasının sədr müavini Arzuman Abdulkərimov İranın və Hindistanın Ermənistana hərbi yardım göstərməsindən dolayı bu ölkənin Azərbaycana qarşı yeni müharibəyə başlayacağı ehtimalına münasibət bildirərkən səsləndirib. AVP rəsmisi deyib ki. İran 44 günlük Vətən müharibəsi günlərində də hər gün iri yük maşınlarında Ermənistana silah-sursat göndərirdi: "Bununla bağlı kifayət qədər foto və video faktlar var. Nəticə nə oldu? Fars-molla rejiminin ermənilərə verdiyi silahlar, hərbi texnika Silahlı Qüvvələrimiz tərəfindən tamamilə məhv edildi. O cümlədən İkinci Qarabağ müharibəsi dövründə Ermənistanın Hindistandan da hərbi texnika, raketlər aldığı barədə xəbərlər yayıldı. Yəni deməyim odur ki, adı çəkilən iki ölkə hər zaman Ermənistanın yanında yer alıb, işğalçı ölkəni silah-sursatla təmin edib.  Kimin Ermənistana hansı yardımı etməsindən asılı olmayaraq, Ermənistan ordusunun Azərbaycan Silahlı Qüvvələri qarşısında duruş gətirməsi mümkün deyil".
Arzuman Abdulkərimov Hindistanın Ermənistanı silahlandırmasının səbəbinə də diqqət çəkərək deyib ki, burada həm ermənilərlə hindilərin eyni mahiyyətə, eyni düşüncəyə malik olması, həm də Pakistan amili əsas rol oynayır: "Bildiyimiz kimi Vətən müharibəsində Pakistan dostluq, qardaşlıq münasibətlörinə sadiq qalaraq  sona qədər mənəvi cəhətdən Azərbaycanın yanında yer aldı, bizə siyasi dəstəyini nümayiş etdirdi. Hindistan da məhz Pakistanın dostu mənim düşmənimdir prinsipi ilə Ermənistana yardım edir. Digər tərəfdən Hindistan da Ermənistan kimi işğalçılıq siyasəti həyata keçirərək uzun illərdir ki, Kəşmiri tamamilə ələ keçirmək istəyir. Ona görə də bu iki ölkə bir-birinə dəstək verir".


Tarix: 1-10-2022, 22:02 Oxunub: 221


Bölməyə aid digər xəbərlər