Elçin Bilaloğlunun "KİM ÜZR İSTƏMƏLİDİR?" kitabı haqqında şairə, publisist Nüyvər Şərifovanın qiymətli fikirləri

    Elçin Bilaloğlunun yazmış olduğu "KİM ÜZR İSTƏMƏLİDİR?" adlı kitabı haqqında "Tanış Olaq" jurnalının təsisçisi, 6 dildə çap olunmuş  "Yurdu talan Xarıbülbül" poemasının müəllifi, şairə, publisist  Nüyvər Şərifova qiymətli fikirlər söyləyib.
   Xatırladaq ki,  kitabda çar Rusiyasının ermənipərəst siyasəti və bilavasitə köməyi ilə ermənilərin əzəli Azərbaycan torpaqlarına köçürülməsi, erməni-bolşevik tandeminin bu ərazidə Ermənistan dövlətini necə yaratmaları və erməni milliətçilərinin "Böyük Ermənistan" xülyasını reallaşdırmaq üçün Azərbaycanlılara qarşı həyata keçrilən amansız qətliamlar, soyqrımlar haqqında tarixi faktlar əsasinda məlumatlar verilmişdir.  Məlumatlar Kürəkçay , Gülüstan , Türkmənçay müqavilələri dövrləri də daxil olmaqla son 200 ili əhatə edir. Lakin məlumatların əsasını azərbaycanlılara qarşı 1988-ci ildə aparılan erməni vəhşilikləri təşkil edir. Hər bir məlumat  əsasən  4  hissədən ibarətdir.
  1) Müxtəlif mənbələrdən götürülmüş məlumatlar;
  2) Həmin məlumatların mənbələri;
  3) Məlumata dair fotolar;
  4) Müəllifin şərhi.
    Beləliklə, azərbaycanlılara qarşı edilən erməni qəddarlığı çox qısa xronoloji ardıcıllıq və müvafiq fotolarla təqdim edilmişdir.  Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.  Lakin kitab elmi əsərlərin yazılmasi tələblərinə uyğun olaraq 5 hissədə təqdim edilmişdir.
   1) Giriş;
   2) Məqsəd;
   3) Material və metod;
   4) Nəticələr və müzakirələr;
    5) Son.
    Bu nöqteyi-nəzərdən kitab erməni millətçiliyini və bundan qaynaqlanan erməni Allahsızlığını və vəhşiliyini öyrənən elmi işçilər üçün də faydali ola bilər...
  

 Nüyvər Şərifovanın qiymətli fikirlərini oxucularımıza təqdim edirik:
   
    "Kitabın ərsəyə gəlməsində böyük dəstəyi olan Milli Onkologiya Mərkəzinin Baş direktoru, akademik Cəmil Əliyevə və əməyi keçən hər kəsə ürəkdən təşəkkür edirəm...
     Mansurov Elçin Bilal oğlu Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin həkimi, tibb üzrə fəlsəfə doktoru, əməkdar həkimdir.
     İllərdi tanıdığım, pərəstiş etdiyim, böyük ürək sahibi, bütün insani keyfiyyətləri ilə sevilən, seçilən, həkimlik peşəsinin yüksək bilgili bilicisi, sadə, mehriban, iradəsi və peşəkarlığı ilə neçə-neçə xəstələrin şəfa tapmasında fədəkarlıq edərək, onların sağalmasına səbəb olan, qayğıkeş, cəfakeş  bu vətən oğlu ilə sizlər də tanış olun...
    Bu tanışlıqla, onun yazdığı kitabı əldə etməklə siz, Azərbaycanımızın ulu keçmişindən gələn və bu günə kimi böyük keşməkeşli yollar keçən millətimizin, xalqımızın, ölkəmizin, dövlətimizin çox ağrılı-acılı, zülmü yararaq qələbəyə çatan bu günkü tariximizi daha yaxşı mənimsəyib, gələcək nəsillərə çatdıra biləcəksiniz.
    Çox sayda tarixi kitablar çap olunsa da Elçin Bilal oğlu Mansurovun yazdığı bu tarixi salnamə olan böyük həcimli, çəkili, zinətli, zəngin kitaba bənzəri yoxdur, demək əzmindəyəm...
   Çünki bu kitab bütün qaranlıqlardan keçərək bu günkü Azərbaycanımızın Azadlıq işığı ilə nurlanıb, 44 günə qələbə sevincinin hadisələriylə üç rəngli bayrağımız Şəhidlərimizin sevərək canlarını qurban verməsi və qazilərimizin fədakarlığı nəticəsində ucaldığı və  Dəmir Yumruqlu, Ali Baş Komandanımızın xalqımızla birgə Zəfər Bayramını qürurla qeyd etməsi haqqında yazılıb,   əbədiləşdirilib…
    Buna görə ölkəmizin zəkalı, ziyalı, müdrik oğlu Elçin həkim Mansurova ürəkdən, səmimi qəlbdən  "Tanış olaq"jurnalının təsisçisi,  6 dildə "Yurdu talan xarıbülbül" kitabının müəllifi, vətənpərvər şairə olaraq təşəkkür edir və var ol Vətən oğlu deyirəm...
    Allahdan uzun ömür, can sağlığı arzulayıram. Xalqımız üçün təmənnasız,  gecə-gündüz dincəlməyən, xidməti ilə ucalan, xəstələrinin mehriban atası Elçin həkimimiz, Allah Sizi QORUSUN!!!

   VERƏN ALLAH, QORUYANDI BİR HƏKİM...

İnsan oğlu, gəl anla bir sözümü,
Mən kəşf etdim yaşadıqca özümü.
Bu dünyaya baxan bir cüt gözümü,
Verən Allah, qoruyandı bir həkim..

Ol! Əmriylə yaradan  O,  Allahdı
Həkim ömrə ümid dolu sabahdı.
Hər ikisi inam, guman, pənahdı,
Verən Allah, qoruyandı bir həkim.

Əmanətdi  can evimiz bizlərə 
Taqət verib yaşamağa dizlərə,
Açıqlasam sığmaz fikrə, sözlərə
Verən Allah, qoruyandı bir həkim.

Naxoş oldun tələs dostum, qaça get!
Heç düşünmə, qapıları aça get!
Hərdən ona, sən də çalış dua et!
Verən Allah, qoruyandı bir həkim.

Gecəsi də, gündüzü də narahat,
Onun üçün çox ağırdı bu həyat.
Sənə deyər, əziz xəstəm, rahat yat..
Verən Allah, qoruyandı bir həkim..


    YAŞA, AY HƏKİM

Əllərin qızıldı, zərdi, zinətdi,
Sözlərin məlhəmdi, minbir hikmətdi,
Baxışın ilahi, sanki xilqətdi,
Öz gözəl ömrünü yaşa, ay həkim.

Gülüşün süzülən şəfa bulağı,
Qayğılı cəmalın əridər dağı,
Yaranan hər bəndə dünya qonağı,
Öz gözəl ömrünü yaşa, ay həkim.

Yanaşıb , xəstənin sorsa halını,
Unudar ağrını, dünya malını,
Dərd etmə dövranın qalmaqalını,
Öz gözəl ömrünü yaşa, ay həkim.

Adınla vətənin öyünsün gərək,
Borcunu verməyə nələr eyləyək,
Tanrıdan canına sağlığ diləyək,
Öz gözəl ömrünü yaşa, ay həkim.










Nüyvər Şərifova,
"Tanış Olaq"jurnalının təsisçisi,
6 dildə "Yurdu talan Xarıbülbül"poemasının müəllifi,
şairə, publisist"


Tarix: 23-02-2024, 11:41 Oxunub: 601


Bölməyə aid digər xəbərlər