Azərbaycan tarixində xalqın yaddaşında əbədi yaşayan çoxsaylı dahi şəxsiyyət olmuşdur ki, onların hər birinin şərəfli həyatı, mənalı ömür yolu bugünkü nəsillərə bir örnəkdir. Belə şəxsiyyətlərdən biri də ölkəmizdə tibb elminin inkişafında xüsusi xidmətlər göstərmiş görkəmli oftalmoloq alim Zərifə xanım Əliyevadır.
Azərbaycanda oftalmologiya məktəbinin ilk tədqiqat mərkəzi olaraq ixtisaslaşdırılmış elmi tədqiqat laboratoriyası da məhz, Akademik Zərifə xanım Əliyevanın təşəbbüsü ilə yaradılmışdır. Nəcib həkimlik xüsusiyyətlərini bütün elmi və pedaqoji fəaliyyəti boyu daim diqqət mərkəzində saxlayan akademik respublikada yüksəkixtisaslı kadrların hazırlanması işinə gərgin əmək sərf etmiş, gənc alimlərin və həkim-oftalmoloqların böyük bir nəslinin formalaşmasında müstəsna xidmətlər göstərmişdir.
XX əsrin ortalarında Azərbaycanda ən təhlükəli xəstəliklərdən olan traxoma infeksion xəstəliyi geniş yayılmışdı. Ona görə də bu infeksiya və onun ağır nəticələri ilə mübarizə təkcə oftalmologiya elmi üçün deyil, bütövlükdə respublikanın səhiyyəsi üçün mühüm əhəmiyyət daşıyırdı. Belə bir dövrdə Zərifə xanım traxoma xəstəliyinə qarşı aparılan müalicəvi və profilaktik tədbirlərin təşkilində və keçirilməsində fəal iştirak edir, Azərbaycanda traxoma xəstəliyinin daha geniş yayıldığı rayonlara gedir və bu sahədə mühüm addımlar atırdı.
Zərifə xanım Əliyevanın müalicə metodları bütün respublikada tətbiq edilirdi. Uğurlu tədqiqatların nəticələri Z.Əliyevanın 1960-cı ildə müdafiə etdiyi “Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomisinlə müalicəsi” mövzusunda namizədlik dissertasiyanın əsasını təşkil etmişdir. Traxomanın sosial xəstəlik kimi ləğv olunması məhz Zərifə xanımın adı ilə bağlıdır. Bu sahə üzrə ixtisaslaşaraq, elmlər namizədi dərəcəsinə yüksələn Zərifə xanımın təklif etdiyi müalicə metodu tezliklə bütün respublikada tətbiq edilir və ölkəmiz bu xəstəlikdən xilas olur.
Zərifə xanım Əliyeva eyni zamanda fundamental “Terapevtik oftalmologiya” kitabının müəlliflərindən biridir. Bu kitab indi də hər bir oftalmoloq üçün stolüstü kitab olaraq qalır. Z.Əliyeva 150-yə yaxın elmi əsərin, 12 monoqrafiyanın, dərslik və dərs vəsaitlərinin, 1 ixtira, 12 səmərələşdirici təklifin müəllifi və həmmüəllifi olmuşdur. Alimin rəhbərliyi altında gənc alimlərin və həkim-oftalmoloqların böyük bir nəsli yetişmişdir. Zərifə xanım tələbələrinə zəngin həyat təcrübəsini öyrətmiş, onlara həmişə xüsusi diqqət və qayğı ilə yanaşmışdır. Böyük xidmətlərinə, çoxillik elmi - tədqiqat işlərinə görə professor Zərifə xanım Əliyeva 1983-cü ildə Azərbaycan Respublikası Elmlər Akademiyasının akademiki seçilmişdir. Onun hər bir titulu böyük zəhmətin nəticəsi, fəaliyyətinin çoxşaxəliliyinin göstəricisidir. Bu titullar mərhəmət, şəfqət, humanizm kimi ali hisslərə söykənir.
Yüksək elmi fəaliyyəti ilə yanaşı Zərifə xanım eyni zamanda qayğıkeş ana, gözəl, vəfalı bir ömür - gün yoldaşı idi. Heydər Əliyev ocağında ata-anasına layiq, qəlblərində daim Azərbaycan sevgisi yaşadan, vətənimizin qüruru sayılan iki övlad böyümüşdür. Zərifə Əliyeva əsl Azərbaycan xanımına xas olan bütün keyfiyyətləri özündə birləşdirərək hər zaman Ulu Öndərimizə dəstək olmuşdur. Ümummilli Lider Heydər Əliyev Zərifə xanım Əliyeva haqqında demişdir: “Gənc yaşlarımdan mənim həyatım dövlət işi ilə bağlı olubdur. Mən bütün həyatımı buna sərf etmişəm və bu gün də bu yolda çalışıram. Bu yolda mənim həmişə səmərəli, müvəffəqiyyətlə çalışmağımda hesab edirəm ki, ailə vəziyyətimin çox böyük rolu olub. Zərifə xanım kimi həyat yoldaşım olduğuna və o, ailəmdə çox yüksək mənəvi mühit yaratdığına görə mən xoşbəxt olmuşam. Həyatımın bütün dövrlərində işlə məşğul olduğuma görə ailə məsələlərinə fikir verməyə vaxtım olmayıb. Bunların hamısı Zərifə xanımın üzərinə düşüb və o da bu vəzifəni şərəflə, sədaqətlə, çox böyük məharətlə yerinə yetirib.”
Gözəl qəlbli, qayğıkeş və xeyirxah insan, oftalmologiya elmində xüsusi dəsti - xətti ilə iz qoyan Akademik Zərifə xanım Əliyeva ömür - gün yoldaşı Ulu Öndər Heydər Əliyev kimi əməlləri ilə əbədiyaşarlılıq qazanmış Böyük Alimdir.
Sevda Həsənova
YAP Qazax rayon təşkilatı ərazi pariya təşkilatının sədri
Bölməyə aid digər xəbərlər