12:07 / 19-02-2025
Sabah Bakıda qar yağacaq
"Bölgələrdə ədəbi həyat, 2020-2021" - Gülnar Səma

    AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Ədəbi proses” məruzələri sırasında bölgələrdəki ədəbiyyatın sistemli şəkildə öyrənilməsinə 2015-ci ildən başlanılıb. 2019-cu ildə Azərbaycanın bölgələrində yaranan ədəbiyyatı mən incələmişəm. 2020 və 2021-ci illərin əsas mövzularının ortaq olmasını, Vətən müharibəsində qazanılan zəfərin tərənnümünə daha çox yer verilməsini nəzərə alaraq bu iki ili birlikdə araşdırmaq daha məqsədəuyğundur. 2020-ci ilin ən mühüm hadisələri Tovuz döyüşləri, Vətən Müharibəsi və pandemiyadır. Bölgələrdə yaşayan yazarlar da həmin mövzulara biganə qalmamışlar. Rüfət Axundlunun “Amalı Zəfər olanım” şeiri Tovuz döyüşlərinə, “Zəfər Bizimdir” şeiri Vətən müharibəsinə həsr olunub. Bölgələrdə yaşayan gənc yazarlardan da Vətən Müharibəsində vuruşanlar oldu. Bunlara misal olaraq Oğuz Alpaslan, Həsən Kür, Toğrul Kərimli, Eyvaz Eyyub, Emin Piri, Səbuhi Qurbanov, Elvin İntiqamoğlu və başqalarını göstərə bilərik. Hətta bölgələrdə yaşayan yazarların doğmaları və yaxınlarından şəhidlik zirvəsinə ucalanlar da oldu. Qəbələdə yaşayan Cəlil Komradlının oğlu Xeyirbəy Səfərçinov şəhidlik mərtəbəsini fəth etdi. Aygün Sadiq “Vətənə çevrilən dost” şeirini şəhid olmuş dostu baş leytenant Ülvi Məhərrəmovun xatirəsinə ithaf edib. Vüsal Hicran və Sara Selcan şəhid şagirdlərinə şeir yazıblar. Elvin İntiqamoğlu öz tağım komandiri şəhid baş leytenant Emil Əsədova şeir ithaf edib. Müharibə dövründə Azərbaycanın bir sıra iri dinc şəhərləri düşmən namərdliyinin hədəfinə çevrildi. Zaur Məzahir “Gəncə terroru” şeirini həmin hadisələrdən birinə ithaf edib. Qələbənin əsas təminatı Şuşanın azad olunması oldu. Bu münasibətlə yazılmış Aygün Sadiqin “Azad yurdum, can Şuşa!” şeiri xüsusilə şeçilir. Eləcə də, Nargisin “Sən Xarıbülbülsən!” əsəri də Şuşanın əsas rəmzlərindən birinə aiddir. İqbal Nəhmətin “Biz qələbə qazandıq” marşı isə müharibənin zəfərlə nəticələnən sonluğu haqqındadır.

    2020-ci ilin bəşəri hadisəsi Pandemiyanın elan edilməsi oldu. Bu mövzu da bölgələrdə yaşayan yazarların diqqətindən yayınmadı. Elşən Əzimin “Pəncərə” və Pərviz Əlyaroğlunun “Tanrının əli” hekayələrində virusun gətirdiyi “yeniliklərə” münasibət bildirilir. Zaur Məzahirin “Koronavirus şeiri” də həmin sıraya daxildir. Nargis isə mövzunu ədəbiyyatşünaslığın gözü ilə araşdırıb. (1947-ci ildə Albert Camusun yazdığı “Taun” (“Vəba”) əsərini müasir dövrlə müqayisəli şəkildə təhlil edib). 2020-ci ildə bölgələrdə yaşayan yazarların içində dünyasını dəyişənlər də oldu. Onlardan biri gənc şair Saqif Zeynal, digəri Nisəbəyimdir.

Gülnar Səma


Tarix: Вчера, 15:25 Oxunub: 152


Bölməyə aid digər xəbərlər