Şəhidlik müqəddəs məqsəd üçün həyatını verməkdir. Bizim üçün din, vətən, torpaq, şərəf kimi anlayışlar müqəddəsdir və bu müqəddəs dəyərlərimizə hər hansı səbəblə zərər verəcək, dil uzadacaq hər kəslə heç çəkinmədən müharibə edər, lazım gələrsə canımızı verərik.
Şəhidlik dinimizə görə də ən yüksək mərtəbələrdən biridir. Bu sıraya çatan cənnətlə mükafatlandırılır. Biz şəhidlərimizin qanı ilə yuyulan bu torpaqda yaşayırıq. Bu gün biz bu torpaqlarda sərbəst hərəkət edib xoşbəxt bir şəkildə yaşayırıqsa, bu, bizim üçün ölümə qorxusuz getmiş şəhidlərimizin sayəsindədir.
Onlar Vətən deyincə gözləri heç bir şeyi görməyən, geridə buraxdıqlarını düşünmədən, "Öncə Vətən" deyən möhtəşəm insanlardır. Qurtuluş savaşında yeni doğulmuş körpəsini evdə qoyan qəhrəman qadınlarımız, bəziləri xəstə anasını, bəziləri xəstə atasını evdə qoyub Vətən uğrunda şəhid olub.
Bu yüksəkliyə ucalan insanlar ölmürlər, əksinə ölümləri ilə bir əbədilik qazanırlar. Xalq şairi Bəxtiyar Vahabzadə deyib:
…Qatil gülləsinə qurban gedirkən,
Gözünü sabaha dikdi Şəhidlər!
Üçrəngli bayrağı öz qanlarıyla,
Vətən göylərinə çəkdi Şəhidlər.
Bu gün Azərbaycan xalqının qürur hissi keçirməyə, başını uca tutmağa tam mənəvi haqqı var. 1990-cı ilin qanlı 20 Yanvar gecəsində, Dağlıq Qarabağ uğrunda gedən döyüşlərdə xalqımızın yüzlərcə igid övladı Uca Şəhidlik zirvəsinə yüksəlmişdir. Azərbaycanın müstəqilliyi, torpaqlarımızın toxunulmazlığı uğrunda canlarını fəda etmiş Şəhidləri müqəddəs bir amal birləşdirirdi: «Biz gəldi-gedərik, təki Vətən yaşasın!».
Əgər Vətən təhlükədədirsə və Vətəni müdafiə etmək lazımdırsa, bu bir həqiqətdir ki, mübarizə aparmaq lazımdır.
Belə qəhrəmanlarımızda biri haqqında qısa da olsa məlumat vermək istəyirik:
Abdullayev Nizami Abdul oğlu, 18 sentyabr 1949-cu ildə Şuşa şəhərinin Malıbəyli kəndində anadan olmuşdur. Atası Abdul müəllim Böyük Vətən Müharibəsinin iştirakçısı, uzun illər Ucar şəhər 1 saylı orta məktəbin ibtidai sinif müəllimi, anası Sayalı müəllimə isə Şuşalı qızı olmuşdur.
Nizami Abdullayev 1956-1966-cı illərdə Ucar şəhər 1 saylı tam orta məktəbində təhsil almışdır.
1968-1972-ci illərdə S.Ağamalıoğlu adına "Şərəf Nişanı" ordenli Azərbaycan Kənd Təsərrüfatı İnstitunda təhsil alaraq, zootexnik ixtisasına yiyələnmişdir. Əmək fəaliyyətinə 1972-ci ildə Ucar rayonunun Qaracallı kəndində başlamışdır.
1972-1973-cü illərdə Sovet Ordusu sıralarında Murmansk şəhərində hərbi xidmətdə olmuşdur.
1973-cü ildə Ucar rayonunun “Yeni yol” kolxozunda zootexnik kimi əmək fəaliyyətini davam etdirmiş, 1976-1991-ci illərdə Ucar rayon Peşə Məktəbində müəllim işləmişdir.
1991-ci ildə Ucar rayon Aqrar Sənaye Kombinatının nəzdində olan Kökəltmə Damazlıq İdarəsinin müdiri vəzifəsinə təyin edilmişdir.
Qarabağ torpağlarına xain qonşularımızın təcavüzü Nizami Abdullayevi yüzlərlə oğullarımız kimi rahat buraxmırdı. 18 avqust 1992-ci ildə Ucar rayon Hərbi Komissarlığından səfərbər olunaraq döyüşə gedib. "N" saylı Hərbi hissədə xidmət edib. 02 oktyabr 1992-ci ildə Xocavənd rayonunun Əmiralılar kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına Şəhidlik zirvəsinə yüksəlmişdir.
Nizami Abdullayev zabit idi. Ailəli idi. Ocağında 4 övlad böyüyüb.
Ucar rayon Şəhidlər Xiyabanında dəfn olunub.
Şəhidimiz Abdullayev Nizami Abdul oğlunun ailə üzvləri ilə söhbət zamanı Şəhidimizin xatirəsinin əbədiləşdirilməsi məqsədilə Ucar rayonunda yaşadığı küçənin ŞƏHİDİMİZİN adına verilməsinə görə Ucar RİH-ə təşəkkürlərini bildirməklə yanaşı, " BULAQ KOMPLEKSİ" inşa etmək üçün yer ayrılması üçün Ucar RİH-dən SAYTIMIZ vasitəsilə xahiş etməyi bildirdilər.
Biz də öz növbəmizdə ATİA.AZ saytı və Şəhidimizin ailə üzvləri adından Ucar RİH-dən və digər aidiyyatı qurumlardan xahiş edirik.
Ümidvarıq ki, Ucar RİH tərəfindən bu xahişimizə müsbət cavab veriləcək.
ŞƏHİDLƏRİMİZİ UNUTMAYAQ!!!
Aydın Adıgözəlli,
ATİA.AZ saytının baş redaktoru
Bölməyə aid digər xəbərlər