90-cı illərin əvvəllərində torpaqlarımızın bir hissəsinin işğal edilməsi bütün xalqımızın ürək ağrısına, dərdinə, kədərinə çevrilmişdi. Faciələrimizdən lazımi nəticələr çıxarmaq, ibrət dərsi götürmək üçün təqvimimizdə qara hərflərlə yazılan işğal günləri yad edilirdi. Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş rayonlarımızın mütləq azad edilməsinin zəruriliyi hər zaman bəyan olunurdu. Hələ 1996-cı ilin may ayında Ümummilli Liderimz Heydər Əliyev Şuşanın və Laçının Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsinin dördüncü ildönümü ilə əlaqədar bir qrup şuşalılarla və laçınlılarla görüş zamanı demişdir: “Məlumdur ki, bu faciəli hadisələr həm Şuşa, həm də Laçın rayonlarının sakinlərini sıxır, kədərləndirir, incidir. Ancaq bu, eyni zamanda bütün xalqımızın ürək ağrısıdır, dərdidir, kədəridir. Çünki Şuşanın, Laçının Azərbaycan torpağının, respublikamız, xalqımız üçün nə qədər əziz, qiymətli olduğunu sübut etməyə ehtiyac yoxdur. Dörd ildir ki, biz bu rayonlardan məhrum olmuşuq. Ona görə də bu dərd çox ağır bir dərddir. Bu dərdi biz hamımız çəkirik. Ancaq bilirəm ki, şuşalılar, laçınlılar daha çox dərd, qəm içindədirlər. Çünki onlar, həm də yerlərindən, yurdlarından didərgin düşdüklərinə görə ağır həyat tərzi keçirirlər. Təəssüf ki, bunlar hamısı həyatımızın reallığıdır. Biz bunlara dözürük, eyni zamanda əminik ki, bütün torpaqlarımız azad ediləcək, о cümlədən Şuşa da, Laçın da azad olunacaq, şuşalılar, laçınlılar öz evlərinə, yurdlarına, torpaqlarına qayıdacaqlar. Buna heç şübhə yoxdur.”
44 günlük Vətən müharibəsində işğal altında olan ərazilərimiz azad edildi. Əldə etdiyimiz Qələbə nəticəsində imzalanmış üçtərəfli Bəyanata əsasən, 2020-ci il dekabrın 1-də Laçın rayonu Azərbaycana təhvil verildi. Bundan əvvəl, noyabrın 9-u Laçın rayonunun Güləbird, Səfiyan və Türklər kəndləri Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edildi. 2022-ci il avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Yenidən Laçına həyat qayıtdı. İkinci Qarabağ müharibəsi zamanı düşmən üzərində qazanılan hərbi-siyasi qələbə otuz illik Vətən həsrətinə son qoydu. Ölkəmizin beynəlxalq səviyyədə tanınan əraziləri işğaldan azad edilərək, suveren ərazi bütövlüyümüz bərpa edildi.
Azərbaycan-Ermənistan sərhədində Laçın rayonu ərazisində Həkəri çayının üzərində 23 aprel 2023-cü il tarixində “Laçın” sərhəd-buraxılış məntəqəsi quruldu. Fəxarət rəmzimiz üçrəngli, ay-ulduzlu dövlət bayrağımız sərhəddə dalğalandırıldı. Bununla da Azərbaycan sərhədlərinin bütövlüyü təmin olundu. Təəssüflər olsun ki, Azərbaycan-Ermənistan sərhədində “Laçın” sərhəd-buraxılış məntəqəsinin yaradılmasını həzm edə bilməyən Ermənistan tərəfi və onun havadarları, onu himayə edən qüvvələr, bu gün də ölkəmizi guya Ermənistanla sərhəddə vəziyyəti gərginləşdirməkdə, Qarabağ bölgəsində humanitar böhran yaratmaqda təqsirləndirirlər. Rəsmi İrəvan bu cür cəhdlərlə Azərbaycanın daxili işlərinə müdaxilə etməklə yanaşı, uzun illərdən bəri ölkəmizə qarşı həyata keçirilən təcavüzkar siyasətlərinə həmişə olduğu kimi fərqli don geyindirməyə çalışır.
“Laçın” sərhəd-buraxılış məntəqəsinin yaradılması ölkəmizin suveren hüquqları çərçivəsində atılmış ən düzgün addımdır. Laçın ölkəmizin ərazisində olduğundan burada həyata keçiriləcək tədbirlər, o cümlədən sərhəd-buraxılış məntəqəsinin yaradılması da müstəsna olaraq ölkəmizin daxili işidir. Sərhədimizin toxunulmazlığının təmin olunması məsələsi ölkəmizin milli təhlükəsizliyi ilə yanaşı, qanunun aliliyinin də tələbidir. Dövlət təhlükəsizliyinin pozulmasına yönəlmiş təhdidlərə qarşı suveren ərazimizdə sərhəd-buraxılış məntəqəsinin yaradılması beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq tam qanuni addımdır. “Laçın” sərhəd-buraxılış məntəqəsinin yaradılması yaxın gələcəkdə Qarabağda qanunsuz yerləşdirilmiş erməni silahlı birləşmələrinin çıxarılması, həmçinin separatçıların tərksilah olunması baxımından böyük önəm daşıyır.
“Laçın” sərhəd-buraxılış məntəqəsinin açılışı Azərbaycan dövlətinin ən böyük uğurlarından biri olmaqla, həm də regionun geosiyasi mənzərəsini dəyişdirdi və Qələbəmizin beynəlxalq müstəvidə təkrar rəsmiləşdirilməsinə səbəb oldu. Həmçinin “Laçın” sərhəd-buraxılış məntəqəsinin açılışı bilavasitə İkinci Qarabağ müharibəsində əldə olunmuş böyük Qələbənin təcəssümü kimi dəyərləndirilir. Tarixi sərhədimizdə Azərbaycan bayrağının ucaldılması və həmin ərazidə rəsmi dövlət qurumlarımızın nümayəndəliklərinin mövcudluğu hər bir azərbaycanlının qürur mənbəyidir.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə bütün arzularımız günbəgün gerçəkləşir. Bu gün istər işğaldan azad olunmuş torpaqlarımızda, istərsə də regionlarımızda görülən işlər dövlətimizin başçısının sözü ilə əməlinin bir olmasının əyani sübutudur. Hazırda sürətlə aparılan abadlıq-quruculuq işləri Laçın rayonunun və bütün bölgənin sosial-iqtisadi inkişafına böyük təkan verəcək, turizm potensialının artırılmasına səbəb olacaq və bütün keçmiş məcburi köçkünlərin qısa zamanda öz ata-baba yurdlarına qayıdacağına səbəb olacaqdır.
Gövhər Rəhimova
YAP Qazax rayon təşkilatının partiya fəalı
Bölməyə aid digər xəbərlər