13:17 / 02-12-2024
Sabah hava necə olacaq?
"Bu saat həyatımın ən qiymətli hədiyyəsidir" -NASİR ƏHMƏDOV

    Müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçi və qüdrətli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar Ulu Öndərin zəngin siyasi irsinin, şərəfli həyat və fəaliyyətinin gənc nəsil tərəfindən öyrənilməsi işinin daha da gücləndirilməsi və “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Respublikamızın hər bir guşəsində tədbirlər keçirilib və keçirilməkdə davam edir.    
   ATİA.AZ-ın redaksiyasına  həkim, Abşeron Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxs Aşağı Güzdək ASM-in bölmə müdiri Nasir Əhmədov  gələrək, Ulu Öndər haqqında ürək sözlərini və dahi şəxsiyyətlə bağlı kiçik bir xatirəsini bölüşmək istədiyini bildirdi. Və təbii ki, həkimin bu istəyi dərhal  əməkdaşlarımız tərəfindən qəbul edildi.
    Tanınmış həkim Nasir Əhmədov  dahi şəxsiyyət, böyük insan, Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar kimi qalan Heydər Əliyevin Azərbaycan səhiyyəsinə daim diqqətvə qayğı ilə yanaşdığını vurğulayaraq, Ulu Öndərlə bağlı bir xatirəsini danışdı. Həmin xatirəni olduğu kimi oxucularımızla bölüşürük:
   "1994-cü ilin may ayında Ulu Öndər Abşeron rayonunun Pirəkəşkül (əvvəlki adı: Çaylı) kəndində məskunlaşan qaçqın və məcburi köçkünlərin vəziyyəti ilə yaxından tanış olmaq üçün həmin kəndə səfər etmişdi. Həmin dövrdə orada məskunlaşan qaçqın və məcburi köçkünlərin arasında dəri-zöhrəvi infeksion xəstəliyi yayılmışdı. Cənab Prezident gəlməmişdən bir həftə qabaq mən rayon rəhbərliyindən humanitar yardım kimi dərman ləvazimatları alıb hamısına payladım və dərhal istifadə etmələrinə nəzarət etdim. Xatırladım ki, həmin dövrdə mən  Pirəkəşkül və bir neçə  yaxın kənd həkim məntəqəlirinin baş həkimi kimi fəaliyyət göstərirdim. Heydər Əliyev  qaçqın və məcburi köçkünlərlə söhbət edən zaman onlar dedilər ki, biz bir aydan çox idi ki, qaşınmadan əziyyət çəkirdik, Nasir doktor bizi bir günə sağaltdı. Dərhal Ulu Öndər mənim ora gəlməyimi tapşırdı, mən çıxıb özümü təqdim etdim. Cənab Prezident mənə təşəkkür etdi və cibindən bir saat çıxarıb, mənə bağışladı. Mən diqqət və qayğıya görə minnətdarlıq edərək, uzaqlaşdım. Təsəvvür edirsiniz yəqin ki: gənc həkim, Prezident qarşısında, demək olar ki, həyəcandan özümü itirmişdim.... Məndən sorusdular ki, saat qızıldandırmı, dedim ki, qızıl, briliyant bilmirəm, bu saat hamısından qiymətlidir mənim üçün, həyatımın ən qiymətli hədiyyəsidir və bu saatı ömrüm boyu saxlayacam"
   Nasir Əhmədov həmin saatı da bizə göstərdi və kövrəldiyini gizlədə bilmədi. 
 
 


Tarix: 27-04-2023, 15:08 Oxunub: 1 269


Bölməyə aid digər xəbərlər