Artıq əksər inkişaf etmiş ölkələr karantin rejiminin aradan qaldırılması və ya tam yumşaldılması barədə qərarlar qəbul edirlər. Avropada İngiltərə, Almaniya və Fransa kimi aparıcı dövlətlər yenidən normal həyata qayıtmaqda israrlıdırlar. Qardaş Türkiyədə də karantin qaydaları xeyli yumşalıldı, lokal pandemiyadan imtina ilə bağlı real addımlar atılmaqdadır.
ATİA.AZ xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib. Millət vəkili xüsusi karantin rejiminin yumşaldılması ilə bağlı Azərbaycanda atılmalı olan addımlara da toxunub:
"Son bir ayda ölkəmizdə yoluxma sayı 12 dəfəyə yaxın azalaraq 7050-dən 588-dək düşüb. Vurulan ümumi vaksinlərin sayı isə 13 milyon 111 mindən çoxdur. Ölkəmizdə peyvəndləşmə səviyyəsi kifayət qədər yüksək hesab olunur. Bütün bunları nəzərə aldıqda, mərhələli şəkildə quru sərhədlərin açılması məsələsinə baxılması, rayonlar ilə dəmiryolu əlaqəsinin bərpa edilməsi və ölkəyə gəliş-gediş zamanı peyvənd passportu olduğu halda PCR analiz tələbinin aradan qaldırılması məqsədəuyğun olardı".
"Qarşıdan yeni turizm mövsümü gəlir. 2019-cu ilə ölkəyə 3.2 milyon turist gəlmişdisə, 2021-ci ildə pandemiya səbəbindən bu rəqəm 791,8 minədək azaldı. Bu baxımdan, quru sərhədlərinin mərhələli açılışı, PCR test tələbinin götürülməsi ölkəyə gələn turistlərinin sayının kəskin artmasına səbəb ola bilər. Turizm neftdən sonra Azərbaycana ən çox valyuta gətirən sektordur. Pandemiyadan öncə illik turizm gəlirləri 2,7 milyard dollara yaxın idi. Bu sektor həmçinin məşğulluğa da xüsusi töhvə verir. Bu baxımdan, əksər Qərb ölkələrində olduğu kimi Azərbaycanda da xüsusi karantin qaydalarının daha yumşaldılması turizm daxil olmaqla bir sıra sektorlar üçün əlavə imkanlar yarada bilər", - deyə V. Bayramov əlavə edib.
Nazirlər Kabineti yanında Operativ Qərargahın
Məlumatı
Ölkədə epidemioloji vəziyyətin yaxşılaşması ilə əlaqədar xüsusi karantin rejimi çərçivəsində yumşalma tədbirlərinin növbəti mərhələsinin tətbiqi ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qərar qəbul edilib.
Qərara əsasən, 2022-ci il martın 6-dan etibarən:
aşağıdakılara icazə verilir:
dövlət orqanlarında (qurumlarında) vətəndaşların yerində qrup və fərdi qaydada qəbuluna;
dini ritual xidmətlərinin, eləcə də mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin təşkilinə və keçirilməsinə;
bütün kütləvi tədbirlərin, o cümlədən idman tədbirlərinin keçirilməsinə;
ictimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadəyə;
masaj xidmətlərinin göstərilməsinə;
sərnişinləri qarşılayan və yola salan şəxslərin hava limanının terminalına girişinə.
aşağıdakı məhdudiyyətlər ləğv edilir:
mədəniyyət obyektlərinin, eləcə də kinoteatrların, teatrlar və konfrans zallarının, istirahət və əyləncə məkanlarının, həmçinin uşaq əyləncə məkanlarının (bulvar və parkların ərazisində olanlar da daxil olmaqla), habelə iri ticarət mərkəzlərinin nəzdindəki uşaq və digər əyləncə mərkəzlərinin, kinoteatrların fəaliyyəti ilə bağlı vaxt və say məhdudiyyəti;
dini ibadət yerlərinə tətbiq edilən say və eyni vaxtda ibadət üçün nəzərdə tutulan yerlərlə bağlı faiz məhdudiyyəti;
şənlik mərasimlərinin (toy, nişan, ad günləri və s.) keçirilməsi ilə bağlı vaxt və say məhdudiyyəti;
ictimai iaşə obyektlərində, eləcə də restoran, kafe, çay evləri və bu kimi digər məkanların fəaliyyəti ilə bağlı vaxt məhdudiyyəti, həmçinin hər bir masa arxasında 6 nəfərdən artıq toplaşmaqla bağlı məhdudiyyət;
pandemiya dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu zamanı tətbiq edilən adambaşı sıxlıq normaları;
10 nəfərdən artıq şəxsin iştirakı ilə tədris və repetitor xidmətlərinin həyata keçirilməsi məhdudiyyəti.
Fəaliyyətinə icazə verilən xidmətlərdən (işlərdən) yalnız etibarlı olan COVID-19-a qarşı peyvənd olunmanı təsdiqləyən peyvənd sertifikatı və ya COVID-19-dan sağalaraq immunitetə malik olmanı təsdiqləyən sənədi, yaxud COVID-19-a qarşı peyvəndə əks-göstərişi müəyyən edən əks-göstəriş sertifikatı olan şəxslər (yaşı 18-dən aşağı olan şəxslər istisna olmaqla) istifadə edə bilər.
Qeyd etmək lazımdır ki, məhdudiyyətlərin ləğv olunması şamil olunan iş və xidmət sahələrində koronavirus infeksiyasına qarşı Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları ilə müəyyən edilmiş digər tələblər (girişlərdə COVİD-19 pasportlarının təqdim olunması, qapalı yerlərdə maskadan istifadə və s.) qüvvədə saxlanılır.
Tətbiq edilən tələblərə riayət olunmasını təmin etmək məqsədilə müvafiq nəzarət tədbirlərinin icrasına davam ediləcək, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması aşkar edildiyi hallarda fiziki və hüquqi şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq məsuliyyətə cəlb ediləcəklər.
Koronavirus infeksiyasının yayılmasıının qarşısı almaq məqsədilə sosial məsafənin qorunması və əl gigiyenası kimi ümumi qaydalara, habelə metodiki göstərişlərdə qeyd olunmuş tövsiyələrə riayət olunması zəruridir.
Bölməyə aid digər xəbərlər