NÜYVƏR ŞƏRİFOVANIN SƏNƏT BAXÇASINDAN BİR YARPAQ...

    «Tanış olaq» jurnalının təsisçisi, bir çox kitablar müəllifi, şairə-yazıçı, dünyaya baxışı  körpə ikən dağ zirvəli ucalıqlarda formalaşmış,  “Mümkün olsaydı üzərində ayaqlarımla yox, dodaqlarımla gəzərdim Vətən torpağını" deyən  Nüyvər  Şərifovanın sənət baxçasından bir yarpaq təqdim edirik:


Allahın heç nəyə ehtiyacı yox,
Ey bəndə, nəfsini eylə həmən tox.
Ramazan ayını göndərdi bizə,
Oruc insaf verə daş rəhmimizə.

Acları anlayıb başa düşməyə,
Fürsətdi tələsin qəlb dəyişməyə.
Zalımlıq hissimiz bağlansın gərək
Zülümdən ayrılıb, həqiqət görək.

Əlləri qaldırıb Allah axtarma
Allah yanındadı, canını yaxma.
Töbəyə qayıtsan bağışlanarsan,
Etdiyin pisliyi unut, darıxma...

Qayıt Yaradanın haqq kitabına
Vərdiş et anlayıb daima buna.
Haramlı mal-mülkü qaytar kasıba,
Bununla günahın çatacaq sona.

Öləndə nə alıb aparacaqsan?
İnan ki, qorxarsan bu fikri qansan.
Ananın bətnində hilmələnibsən,
Ay axmaq,  bilmirsən, axı insansan!?

Nə baban,nə nənən yığmamış varı,
Öz kərvan üstündə keçib yolları.
Yetimə, yesirə qan uddurma gəl,
Qoynunda qalıbdı onun qolları...

Sən yığdın başqa bir bəndənin malın,
Mal-mülkün də qalın, kəfənin qalın.
Cəhənnəm önündə səni gözləyir,
Cənnətə bağlanan odlu yolların.

Bəlalar qoyursan hər övladına,
Yığma xəzinəni, nahaq  adı da.
Zaman gələcəkdir, dövran dəyişib
Salacaq onu da yetim halına...

Ucalan heykəllər hamısı cansız,
Kimisi rəhimli, kimisi qansız..
Torpaqda çürüyüb cismi, varı da
Tək Allah hökmüdür inan, yalansız.



Tarix: 1-04-2024, 12:05 Oxunub: 157


Bölməyə aid digər xəbərlər