“HƏQİQƏT İŞIĞINDA” DÜŞÜNCƏLƏR...

                      
Məhərrəm Şəmkirli!!! -  Ədəbiyyatın ədəbi dünyasına daxil olan bu işıqlı adamın imzasına, ədəbi zövqünə, qələminin gücünə yaxşı bələdəm. Hər sözü, hər cümləni ürəyində bişirməmiş üzə çıxarmayan qələm dostumun bir- birindən maraqlı, oxunaqlı hekayələri, mənsur şeirləri, məqalələri onun istedadının və qələminin gücündən xəbər verir.
 Məhərrəm Şəmkirli ömrünün 70- ci ilini arxada qoysa da, sanballı və dəyərli kitabların müəllifi olsa da, vaxtilə xalq şairi Nəbi Xəzri onun mənsur şeirlərinə böyük qiymət versə də, bir çox tanınmış qələm adamlarından, xalq yazıçılarından sözünün qüdrətilə üstün olsa da, təəssüf ki, bu günki oxucular onu yaxşı tanımırlar. Səbəbi çox sadədir. Çünki o, mənən çox varlı olsa da, maddi cəhətdən kasıb yazıçıdı, vəzifə kreslosunda əyləşməyən yazıçıdı. Neçə- neçə biznesmen şairlərdən, var- dövlət içində xumarlanan yazıçılardan, həyatda bəxti gətirən bəxtəvərlərdən istedadlı olsa da “kölgədə qalıb”. Çünki pulu yoxdur, yüksək vəzifəsi yoxdur. Pulu olsaydı, əsərləri barədə monoqrafiyalar yazılardı, tez-tez televiziya ekranlarında görünərdi, ondan müsahibə almaq üçün jurnalistlər növbəyə durardılar, qəzetlərdə onun kitablarından yazardılar, tənqitçilər onun yaradıcılığını cümlə- cümlə təhlil edərdilər. Bəli, kasıbçılığın üzü qara olsun. Pulun şeytana namaz qıldırdığı bu zamanədə tanınmaq da, şöhrət qazanmaq da, kitab çap etdirmək də...  yazıçının, şairin cibindən asılıdır. Cibin boşdusa, ürəyin nə qədər dolu olsa da, Lev Tolstoy, Dostoyevski, Cek London və s. olsan da kitablarını oxumayacaqlar. Səmimi deyirəm, əgər Şekspir, yaxud Dostoyevski bu gün yaşasaydı, kitablarının satışından gələn qonararla yaşaya bilməzdilər, acından ölməmək üçün ya təkər yamayan olardılar, ya da ki, bazarda kartof, soğan satardılar...
Və bir də Məhərrəm Şəmkirli varlı olmaq üçün yox, yazıb- yaratmaq üçün doğulub. Yazmaq onun missiyasıdır. Yaradıcılıq tale qismətidir. O, bu qismətdən qaça bilsəydi, yəqin ki, ən varlı, ən dövlətli Şəmkir kişilərindən biri olardı, onun da səsi- sorağı Sank- Peterburqdan, Moskvadan, Tümendən...  gələrdi. Axı on minlərlə şəmkirlilər həmin şəhərlərdə ticarətlə məşğul olurlar və yaxşı da qazanırlar. Məhərrəm Şəmkirlinin qazancı isə yazdığı kitablardı.  Və nə yaxşı ki, belədir. Dünyada var- dövlət qalmayacaq, yazılanlar qalacaq. Allah və sevgi kimi yazılanlar da əbədidir. Mətləbdən çox uzaqlaşmayaq. Axı söhbət halal qələm adamından, böyük istedad sahibindən, yazıçı, pulisist Məhərrəm Şəmkirlidən gedir.
 Yazıçının “Qeyrətim əbədi sərvətim”, “İçimi göynədən ağrılar”, “Monopolist Güldəstə arvad”, “Lətifələr və atmacalar”, “Əlimin içində titrədi əlin” və s. kitablarını oxumuşam, fikir və düşüncələrimi söhbət zamanı özünə bildirmişəm. Amma “Həqiqət işığında” (Bakı, 2019) məqalələr toplusunu oxuyandan sonra qələmdən yapışmalı oldum. Ruhuma sığal çəkən, könlümü oxşayan, iç dünyamı silkələyən, qaranlığı aydınlaşdıran, gözlərimiz qarşısında insan mənzərələrini canlandıran məqalələri, oçerkləri,  xatirələri  oxuduqca Məhərrəm Şəmkirlinin yazıçı və jurnalist böyüklüyünün bir daha şahidi oldum.  “Həqiqət işığında”  bir daha onun özünü gördüm, səsini eşitdim.
Məhərrəm Şəmkirlinin özünü görə- görə, səsini eşidə- eşidə həqiqət işığında düşüncələrimi kağıza köçürməli oldum. Yazdım ki, qələm dostuma, eləcə də məhərrəmsevərlərə, sözə can verib yaşadanlara  öz fikirlərimi bildirim.
 Öncə qeyd etməliyəm ki, Məhərrəm Şəmkirli “Həqiqət işığında” məqalələr toplusu ilə növbəti dəfə oxucuların görüşünə gəlib, özü də ürəklə gəlib, inamla gəlib. Oxucular onun ədəbi dünyasında bir- birindən maraqlı adamlarla, ziyalılarla, şair və yazıçılarla, dağdan ağır kişilərlə... tanış olmaq şansı qazanacaqlar. Ağıllı oxucu bu şansı əlindən qaçırmaz. “Həqiqət işığında” yer alan rəylər, məqalələr, xatirələr, müsahibələr... - bunlar hamısı  bir xəzinədir və bu xəzinədə incilər toplanıb. Bu inciləri ipə- sapa düzüb oxuculara ərmağan edən Məhərrəm Şəmkirli sadə və gözəl yazır. Yazdıqlarını səmimi, rəngsiz- boyasız, qeyri- adi cəlbediciliklə qələmə alır. Səmimiyyət ədəbiyyatın döyünən ürəyidir. Səmimiyyət olmayan yerdə sənət də yoxdur.
 Bəli, Məhərrəm Şəmkirli səmimi insandır və yazdıqları da səmimidir, dəqiq düşüncəli bir yazarın iç dünyasından gələn səslərdir. Və bu səslərdən də hiss olunur ki, onun öz mövzuları var və o, bu mövzuları özünəməxsus bir şəkildə qələmə alıb oxuculara çatdırır. Bu baxımdan “İlahidən verilmiş səs”, “Unudulmaz sənətkar”, “Ədəbiyyatımızın Rəsul Rza zirvəsi”, “Ağıl, güc və dəmir yumruq” və s. məqalələri, “Şirin xatirələr”, “Yaddaşımda yaşayan insan”, “Bir yazıçı tanıyırdım Cəmil Əlibəyov adında” və s. xatirələri, eləcə də tanınmış şair və yazıçıların kitablarına yazmış olduğu rəylər... böyük maraq doğurur, həyacanla oxunur. Bu yazıların hər birində Məhərrəm Şəmkirlinin ədəbiyyata və  mənəviyyata xidmət etdiyi açıq- aydın hiss olunur.
 “Həqiqət işığında” məqalələr toplusunda müəllifin ziyalı vətəndaş mövqeyi bir daha öz əksini tapır. Kitabın “Rəylər” bölümündə Asif Ata, Salatın Əhmədli, Əziz Musa, Müzəffər Şükür, Rəhman Salmanlı, Rəşid Abbasov kimi görkəmli qələm adamlarının yaradıcılığı ilə oxucuları yaxından tanış edən Məhərrəm Şəmkirlinin “Həqiqət işığında” yer almış yazılarını oxuyub başa vurandan sonra bir müddət kitabın əhatə dairəsindən çıxa bilmədim. Elə bil ki, oxuduğum məqalələr, rəylər, xatirələr... məni sehirləmişdi. Bu sehrin cazibə qüvvəsindən qurtulmaq o qədər də asan məsələ deyildi. Axı “Həqiqət işığında” yer alan məqalələrin, xatirələrin təsirindən can qurtarmaq mümkün deyildi. 
  Yazılan hər məqalədə müəllifin hər cümləyə belə fanatik məsuliyyət hissini duymamaq olmur. İnanıram ki, bunu oxucular da hiss edəcəklər. Oxucular həm də Məhərrəm Şəmkirli qələminin gücünü hiss edəcəklər. Məhz  ona görə də kitabda yer almış yazılardan ayrı- ayrılıqda söhbət açmaq istəmədim. Bunu oxucuların öz öhdəsinə buraxıram.
 Və ən nahəyət, demək istəyirəm ki, bir- birindən maraqlı və dəyərli kitabları ilə qazandığı böyük uğurlar bir daha deməyə əsas verir ki, Məhərrəm Şəmkirli xalqımıza, dövlətimizə, ədəbiyyatımıza xidmət edir. Və Azərbaycanımız həm də onun kimi işıqlı ziyalıları, şəxsiyyətləri, istedadlı qələm adamları ilə güclüdür.

 Qeyd: Ömrünü yazıb- yaratmağa həsr edən, sözlə nəfəs alan istedadlı qələm dostumun- Məhərrəm Şəmkirlinin bir neçə ay öncə arxada qalan 70 yaşını bu məqalə ilə mübarəkləmək istəyirəm.

 Vaqif İsaqoğlu

         


Tarix: 26-03-2021, 17:06 Oxunub: 780


Bölməyə aid digər xəbərlər