Mingəçevirdə şəhid anasının xəstəliyə görə müavinəti kəsilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “qaynar xətti” zənglərə cavab vermir.
Məsələ ilə bağlı danışan Suqovuşan uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş Emin Firqət oğlu Rüstəmzadənin anası Kəmalə Rüstəmova ikinci qrup əlil olduğunu bildirib.
“Onkoloji xəstəliyimə görə iki dəfə əməliyyat olunmuşam. 2-ci qrup əlil olduğum üçün dövlət tərəfindən hər ay 130 manat əlillik müavinəti alırdım. Son 4 aydır ki, əlillik müavinətim dayandırılıb. Səbəb olaraq təkrar müayinədən keçməyimin vacib olduğunu bildirdilər. Bütün tələblərə riayət etməyimə baxmayaraq nə cavab verən var, nə də ölçü götürən. Btün aidiyyatı qurumlar məsələdən xəbərdardır. Həyat yoldaşım Firqət kişi “142” qaynar xətt nömrəsinə dəfələrlə zəng edib. Ən üzüntülü məsələ odur ki nazirlik rəsmiləri telefon zənglərimizə cavab vermir. Yeganə oğul övladımı Vətən Müharibəsində itirmişəm. Oğlumun İnci və Nura adlı iki qız övladı var. Onlar da mənim himayəmdədirlər. Bir şəhid anası olaraq əlillik müavinətimin bərpa edilməsinə yardım göstərilməsini xahiş edirəm”, – K. Rüstəmova vurğulayıb.
Qeyd edək ki, şəhid Emin Rüstəmzadə ailənin yeganə oğul övladıdır. Onun bir bacısı var. Övladları və xanımı valideyinləri ilə birgə yaşayır. Şəhidimiz “Suqovuşanın azadlığı uğrunda”, “Cəsur döyüşçü” və “Vətən uğrunda” medallarına layiq görülüb.
Unikal.org
Bölməyə aid digər xəbərlər