13:34 / 12-11-2024
COP29 ilk uğura imza atdı
Vətən müharibəsinin Babəki...

Həyatının bütün yollarını özü seçmişdi qəhrəmanımız... Hərb meydanını da! Hələ 2016-cı ilin Aprel döyüşlərində ağır yaralansa da, bir an belə vaz keçmirdi amalından... Polkovnik Babək Səmidli erməni qəsbkarlarını yurddan qovmaq uğrunda haqq savaşını sona qədər davam etdirmək üçün elə tələsirdi ki... Bacardı da! Böyük Vətən müharibəsində düşməndən intiqamını artıqlaması ilə aldı...
Əsgərləri ilə iki dəfə düşmən mühasirəsinə düşsə də təslim olmur. Təkbaşına 39 yaralı əsgərimizi öz xidməti avtomobili ilə döyüş meydanından çıxarır.
Suqovuşan azad olunan kimi təhlükə olsa da, avtomobillə mühəndisləri həmin əraziyə çatdırır, rayonlara su verilişini bərpa edir. Ər meydanında düşmənə qan udduran, qorxu nədir bilməyən Babək də bəzən sevincdən, həyəcandan titrəyirmiş -Talış kəndinə canı qədər sevdiyi bayrağımızı sancarkən! Bir deyimi isə dillərdə zərb-məsəl olur. Əsgərləri qarşısında 3 ümdə arzusunu dilə gətirir və bununla hərbçilərində o qədər böyük ruh yüksəkliyi yaradır ki.... Ya qalib ol, ya qazi, ya da şəhid! Kim bilərdi ki, savaş dövrümüzün sloqanlarından birinə çevrilən bu fikrin müəllifinin taleyinə şəhadət zirvəsi həkk olunubmuş...
Babək Səmidli elə əsgərlərinə dediyi kimi, Vətən üçün uğrunda döyüşdüyü 3 amalın hamısına nail oldu! O, 2016-cı ildə Aprel döyüşlərinin qazisi, 2020-ci ildə 44 günlük Vətən müharibəsinin qalibi adını qazandı. Və noyabrın 22-də bir günlük Göyçaya gələrək ailəsi ilə birlikdə qələbə sevincini də yaşadı qəhrəmanımız. Amma Babəkin ailəsi ilə son görüşü oldu bu. Qəhrəmanımız balalarını bağrına basandan bircə gün sonra şəhid olan əsgərlərimizin meyitlərinin tapılaraq ailələrinə təhvil verilməsi zamanı Suqovuşanda minaya düşdü.
Arzularına çatmaq uğrunda Babəkin göstərdiyi qəhrəmanlıqlar daim yaddaşlarda qalacaq. Cəsur hərbçimiz Suqovuşan, Füzuli, Qubadlı, Zəngilan, Cəbrayıl və Şuşanın işğaldan azad olunması zamanı şəhidlərimizin qisasını almaq üçün daim ön sırada döyüşüb.

Qalib Azərbaycanın şəhid polkovniki ölümündən sonra Prezident İlham Əliyevin sərəncamı ilə "Zəfər" ordeni və "Vətən uğrunda" medalı ilə təltif olunub.


Tarix: 28-12-2020, 08:17 Oxunub: 323


Bölməyə aid digər xəbərlər