Bu gün müstəqil Azərbaycan beynəlxalq aləmdə etibarlı və məsuliyyətli bir tərəfdaş kimi tanınır. Artıq ölkəmiz dünyada beynəlxalq tədbirlərin, mühüm toplantıların keçirildiyi bir məkana çevrilmişdir.
İyun ayının 4-də Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsinin keçirilməsi bütün dünya ictimaiyyəti üçün vacib əhəmiyyətə malik olan bir tədbir oldu. Təbii ki, bu tədbir enerjinin inkişafına, dayanıqlılığa və bir çox ölkələri daha parlaq, daha səmərəli gələcəyə doğru istiqamətləndirən beynəlxalq tərəfdaşlığın inkişaf etdirilməsinə yönəlmiş bir tədbirdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərinin rəsmi açılış mərasimində çıxışı zamanı bildirdi ki, Xəzər Neft və Qaz Sərgisi otuz il bundan əvvəl 1994-cü ildə fəaliyyətə başlayaraq, Azərbaycanın enerji sektoruna birbaşa xarici investisiyaların cəlb edilməsində mühüm rol oynamışdır. O vaxtdan bəri bu tədbir daha böyük tədbirə çevrilib və enerji siyasətinin bütün əsas seqmentlərini - neft, qaz, kəşfiyyat və hasilat, emal və nəqliyyatı və əlbəttə ki, yaşıl enerjini əhatə etdiyinə görə indi onun adı Bakı Enerji Həftəsidir.
Xüsusi qeyd etmək lazımdır k, Azərbaycan özünü artıq etibarlı tərəfdaş kimi sübut edib və iqtisadiyyatımızın müxtəlif sahələrinə xüsusilə enerji sektoruna əlavə investisiyalar yatırılıb. Təsadüfi deyildir ki, Avropa Komissiyası Azərbaycanı ümum-Avropa qaz təchizatçısı adlandırıb. Səkkiz ölkə Azərbaycandan qaz alır və Azərbaycan qaz təchizatında etibarlı tərəfdaş olduğunu bir çox ölkələrə sübut edib.
Enerji təhlükəsizliyinin milli təhlükəsizliyin ayrılmaz hissəsi olduğunu qeyd edən Möhtərəm Prezidentimiz bildirdi ki, idxaldan asılı olan ölkələr, əlbəttə ki, ən etibarlı və uzunmüddətli tərəfdaşlar və müqavilələr axtarır. Onlar Azərbaycanın simasında məhz bunu əldə edirlər. Bizim sözümüz imzamız qədər dəyərlidir. Son 30 il ərzində imzalanmış bütün müqavilələr tam şəkildə icra olunub. Onların hamısı parlament tərəfindən ratifikasiya olunub və qanun şəklində imzalanıb. Orada bir söz belə dəyişilməyib. Bu etibar onilliklər ərzində qazanılıb. Bunun nəticəsidir ki, biz bu gün bərpaolunan enerji sahəsində növbəti sürətli inkişafın şahidiyik.
Dövlətimizin Başçısı onu da bildirdi ki,hazırda iki layihə işlənilməkdədir - onlardan biri inşaat mərhələsindədir, digərinin tikintisi isə tezliklə başlanacaq. Bununla da Azərbaycanın bərpaolunan enerji potensialı 2 qiqavata yaxın olacaqdır. Buraya təkcə günəş və külək enerjisi daxildir. Qarabağ və Şərqi Zəngəzurda hidroelektrik stansiyalarla bağlı gördüyümüz işləri əlavə etsək görərik ki, 2027-ci ilədək 2 qiqavat həcmində bərpaolunan enerjinin əldə edilməsi tamamilə real hədəfdir. Bir daha təkrar edirəm ki, bu, sadəcə, başlanğıcdır. Qarabağ və Şərqi Zəngəzurun azad olunmuş ərazilərinin nəhəng hidroelektrik potensialı var. 2020-ci ilin noyabrında həmin ərazilər azad ediləndən sonra orada 270 meqavat həcmində hidroelektrik stansiyalar istifadəyə verilib. 3-5 il ərzində bu rəqəm 500 meqavata çatacaqdır. Beləliklə, bərpaolunan enerjinin 1 qiqavat həcmi bizə yarım milyard kubmetr qaza qənaət etməyə imkan verəcək ki, bazarın bu qaza ehtiyacı var və bu ehtiyac davam edəcəkdir.
Bununla da böyük əminliklə söyləmək olar ki, Bakı Enerji Həftəsi təkcə ötən nailiyyətləri ifadə etməklə kifayətlənmir, həm də gələcək nailiyyətlər üçün bir körpü rolunu oynayır.
Polad Ağakişiyev
YAP Qazax rayon təşkilatının məsləhətçisi
Bölməyə aid digər xəbərlər