“...Jurnalist sorğusunun cavablandırılması “könüllülük” əsasında deyil, qanunun tələbidir” - Müşfiq Ələsgərli
Media subyektlərinin, onların əməkdaşlarının üzləşdikləri problemlərdən biri müxtəlif dövlət və özəl qurumlara göndərdikləri sorğulara cavab ala bilməməkləri ilə bağlıdır.
Həmkarlarımız da təsdiqləyər ki, bir sıra dövlət və özəl qurumlara hər hansı bir məsələ ilə bağlı rəsmi sorğu göndərilir, amma günlər keçsə də, bir səs-soraq çıxmır, sorğulara cavab verilmir. Media təmsilçiləri olaraq belə faktlarla tez-tez rastlaşırıq. Baxmayaraq ki, MEDİA da, Azərbaycan Mətbuat Şurası da dəfələrlə bu barədə çağırışlar edib, “Media haqqında” Qanunda da mətbuat orqanlarının sorğularına cavab verilməli olduğunu təlqin edir, amma bəzi qurumlar buna əməl etmək istəmir. Yəni hələ sorğuları qəbul edib, lakin cavab verməyən qurumlar var. Bu, söz və məlumat azadlığının pozulması, məlumat almağın əleyhinə olan bir məsələ deyilmi? Qurumlar məlumat azadlığını pozmurmu? Niyə cavab vermirlər?
“Çox təəssüf ki, vəzifəsinin mahiyyətini anlamayan, informasiya sorğularına laqeyd yanaşan, beləliklə qanunların tələblərini pozan, təmsil olunduğu sahəyə zərər vuran məsul şəxslər də vardır”
Mətbuat Şurası İdarə Heyətinin üzvü, Media eksperti Müşfiq Ələsgərli şərhində “İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən, informasiya sahibi olan qurumların zəruri məlumatları cəmiyyətlə paylaşmaları, sorğuları cavablandırmaları məcburi xarakter daşıyır. Qanunun tələbinə görə, hər bir müəssisə, təşkilat, bir sözlə, ictimaiyyətlə işləyən bütün qurumlar özlərinin informasiya işinə məsul olan şəxslərini təyin etməlidirlər və həmin məsul şəxs vasitəsilə onlara ünvanlanan sualları cavablandırmalıdırlar”-deyə bildirdi.
M.Ələsgərli vurğuladı ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi sorğuların cavablandırılmasından yayınanlar üçün məsuliyyət müəyyən edir. “Sorğuların cavablandırılması və ya cavablandırılmaması üzrə məsuliyyəti müəyyən edən digər qanunları da qeyd etmək olar. Hamısının motivi uyğundur. Qanunların tələbi budur ki, özəl və ya dövlət təyinatlı olmasının fərqinə varmadan, ictimaiyyətlə işləyən bütün qurumlar ictimaiyyəti maraqlandıran sualları cavablandırmalıdırlar. Bu mövzuda öhdəlikləri müəyyən edən digər qanunların da adlarını qeyd etmək olar. Hesab edirəm ki, adını çəkdiyim 2 qanuna baxmaqla da müəyyən etmək olur ki, jurnalist sorğusunun cavablandırılması “könüllülük” əsasında deyil, qanunun tələbidir. İnsafən, vəzifə öhdəliyini düzgün dərk edən, normal fəaliyyət göstərən mətbuat xidmətlərinin sayı çoxdur. Amma çox təəssüf ki, vəzifəsinin mahiyyətini anlamayan, informasiya sorğularına laqeyd yanaşan, beləliklə, qanunların tələblərini pozan, təmsil olunduğu sahəyə zərər vuran məsul şəxslər də vardır. Hələ də bəzi qurumların informasiya verməkdən yayındığının şahidi oluruq. Nəinki sıravi vətəndaşların, hətta jurnalistlərin suallarını da cavabsız qoyan “mətbuat xidmətləri” ilə rastalaşırıq.
Məsələ ondadır ki, Azərbaycan dövləti cəmiyyətin informasiya almaq tələblərini təmin etmək üçün zəruri olan bütün addımları atıb. Bu sahədə mükəmməl qanunvericilik bazası yaradıb. Həminin, informasiya sahibi olan qurumların öz işlərini kamil şəkildə qurmaları üçün çoxsaylı təlimlər, seminarlar təşkil edilib. Bütün bunlardan sonra hansısa qurum informasiya verməkdən yayınırsa, bunu dövlətin ümumilikdə söz və mətbuat azadlığına yanaşması kimi dəyərləndirmək olmaz. Bu, yalnız həmin qurum və şəxslərin məsuliyyətsiz davranışlarının göstəricisidir ki, onların da cəzası birbaşa özlərinə yönəlməlidir”-deyə müsahibimiz bildirdi.
İradə SARIYEVA
Bölməyə aid digər xəbərlər