2020-ci ildə bütün dünya 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı şanlı qələbənin şahidi oldu. Mənfur düşmən döyüş meydanında darmadağın edildi. Qarşı tərəf kapitulyasiya aktını imzalamağa məcbur oldu. Ancaq 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli Bəyanatın müddəalarına zidd olaraq Azərbaycanın Qarabağ bölgəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin mövcudluğunun və bu birləşmələrin Qarabağ iqtisadi rayonunda mütəmadi olaraq təxribatlar törətməsinin şahidi olurduq. İşğaldan azad edilən ərazilərimizə qayıdan dinc əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə ordumuz tərəfindən sentyabrın 19-da lokal xarakterli antiterror tədbirləri başladıldı.
19 sentyabr 2023-cü ildə Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri zamanı Ermənistan ordusunun tör-töküntülərinə və separatçılara ağır zərbələr vuruldu. Düşmənin qüdrətli ordumuzun qarşısında 23 saat 43 dəqiqə dayanmağa gücü çatdı. Ağır itkilər verən işğalçılar ağ bayraq qaldıraraq təslim oldular. Ordumuzun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri zamanı hərbi qulluqçularımız böyük igidlik və qəhrəmanlıq göstərdilər. 19 sentyabrda uğurla həyata keçirilən bu tədbirlər nəticəsində Qarabağda erməni separatizminə son qoyuldu.
Bu gün fəxrlə söyləyə bilərik ki, Azərbaycan Ordusu dünyanın ən peşəkar ordularından biridir. Bunu Aprel döyüşlərində, Günnüt zəfərində, Tovuz döyüşlərində, Vətən müharibəsində, “Qisas” əməliyyatında, sentyabrın 19-da Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tör-töküntülərinə qarşı antiterror tədbirlərində gördük. Tətbiq olunan əməliyyatlar nəticəsində düşmənin atəş nöqtələri məhv edildi, mühüm yüksəkliklər işğaldan azad olundu, düşmənin çoxlu sayda canlı qüvvəsi, silah və texnikası zərərsizləşdirildi və bu gün Qarabağın hər bir yerində şanlı üçrəngli bayrağımız dalğalanır. Qeyd etmək lazımdır ki, lokal xarakterli antiterror tədbirləri ordumuzun hərbi gücünün, yüksək döyüş hazırlığının və əzmkarlığının göstəricisi oldu. Necə ki, hər günü bir şərəfli tarix olan 44 günlük Vətən müharibəsi zamanı ordumuzun nümayiş etdirdiyi müasir döyüş üslubu dünya hərb tarixində yeni səhifə açmışdısa, bu cür qısa müddətli uğurlu antiterror əməliyyatı ilə o, yenidən tarix yazdığını bütün dünyaya bəyan etdi. İyirmi dörd saatdan da az müddətdə uğurla yekunlaşan antiterror tədbirləri unikal hərbi əməliyyat kimi dünya səviyyəsində böyük heyranlıq doğurdu.Bununla da ölkəmiz uzun illərdən bəri mübarizə apardığı və uğurla başa çatdırdığı bu Şanlı Qələbə nəticəsində tarixi torpaqları üzərində özünün suverenliyini tam bərpa etmiş oldu.
Bu növbəti tarixi Qələbə ilə Qalib Sərkərdə, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev canından artıq sevdiyi xalqı üçün həlli mümkünsüz görünəni reallaşdırdı. Onun həyat amalı da məhz xalqının və dövlətinin milli maraqlarını hər şeydən uca tutmaq, onu daim xoşbəxt görməkdir. Cənab İlham Əliyev prezidentlik fəaliyyəti dövründə böyük güclərin hər cür təhdid və hədələrinə rəğmən bütün çətinliklərə sinə gərərək öz haqlı və qəti mövqeyindən əsla dönmədi. Məhz nadir tarixi şəxsiyyət İlham Əliyevin sağlam və uzaqgörən siyasəti nəticəsində ilk dəfə idi ki, xalqımız tarixdə son iki əsrlik dövr ərzində qalibiyyəti yaşadı, ona məxsus olanı geri alaraq, dövlətçiliyini qorudu və öz suverenliyini tam bərpa etdi. Beləliklə, Möhtərəm Prezidentimiz İlham Əliyev cənabları ideal liderlik nümunəsi göstərərək öz xalqı və dövləti naminə əzmli və qətiyyətli olmağın, nə olursa olsun öz haqlı və prinsipial mövqeyindən, ali məqsədlərindən əsla geri dönməməyin düsturunu yaratdı, yeni bir tarix yazdı.
Bəli, Qarabağda artıq müharibə başa çatıb. Məğlub Ermənistan demək olar ki, qalib Azərbaycanın bütün tələblərilə sözdə razılaşıb, amma əməldə verdikləri sözlərə hələ əməl etmir, bölgədə davamlı sülhün bərpası üçün müxtəlif bəhanələr gətirir. Sülhsevər Azərbaycan Qarabağ ermənilərinə burada yaşamaq üçün təhlükəsizlik zəmanəti verərək dəfələrlə bəyan etmişdir ki, onlar Azərbaycan vətəndaşları ilə eyni hüquqlara malik olacaqlar. Təbii ki, sülh prosesini ləngitmək Ermənistanın bir dövlət kimi məhvinə gətirib çıxaracaqdır.
Bu gün dünyada cərəyan edən siyasi proseslərə baxmayaraq Azərbaycan xalqı xöşbəxtdir ki, dünyada baş verən mövcud qlobal hərbi-siyasi və sosial-iqtisadi hadisələr fonunda böyük uğurlarla dolu şərəfli tarixi bir dövr yaşayır. Bütün bunların əməli nəticəsidir ki, bu gün ölkəmiz işğaldan azad olunmuş ərazilərdə sürətli bərpa-quruculuq işlərini həyata keçirir, əhalinin rahat yaşayışının təmin edilməsi üçün lazımi tədbirlər görür. Ən vacib məqam isə ondan ibarətdir ki, ölkəmiz bərpa-quruculuq işlərini heç bir kənar maliyyə yardımı olmadan, yalnız öz vəsaiti, daxili imkanları hesabına həyata keçirir.
Müdrik xalqımız əmindir ki, Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə qarşıda bizi daha böyük nailiyyətlər və hədəflər gözləyir.
Çingiz Məmmədov
YAP Qazax rayon təşkilatının əməkdaşı
Bölməyə aid digər xəbərlər