Məni bir vətəndaş kimi son zamanlar ən çox narahat edən məsələlərdən biri də hamının ağsaqqallıq eşqinə düşməsidir. Yerindən duran xalqa, hakimiyyətə ağıl öyrədir: eksperti də, deputatı da, partiya sədri də hər şeyi buraxıb, düşüblər təşəbbüskar peşinə.
Əslində, bu cür adamları qınamaq da olmaz. Çünki onların heç biri faydalı əməklə məşğul olmur. İşləri ancaq gündəm yaratmaqdır. Axı onların çörəyi gündəmdə olmaqdan çıxır.
Məsələn, hörmətli deputatımız Razi Nurullayev ötən gün Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən paytaxt küçələrinin yaşlı qadınlar tərəfindən təmizlədilməsinə etiraz edib.
Millət vəkili yerli icra qurumlarının yolları texnikalar vasitəsi ilə təmizləməli olduğunu qeyd edib: “20 saylı məktəbin qarşısındakı yolun (Parlament prospekti) qırağında bərkimiş və çox çirkli qar topaları yığılıb. 5-6 qadın Fərhad kimi külüng çalır, donmuş çirkli qarı parçalayıb yola tökür. Başa düşmürəm ki, bu texnologiya əsrində bizim yazıq yaşlı qadınlarımızı niyə traktor əvəzi işlədirlər? Məgər şəhər təsərrüfatının maşınları yoxdur? Axı təzələri də alınıb”.
İlk baxışdan çox haqlı iraddır. Amma məsələyə dərindən nüfuz edəndə aydın olur ki, bu iradlar yalnız gündəm yaratmaq məqsədilə söylənilib. Səbəblərini də deyim.
Birincisi: Azərbaycan dünyada tək-tük ölkələrdəndir ki, burda qadınlar ən ağır sahələrdə çalışırlar, o cümlədən küçə süpürürlər.
İkincisi: Küçələrin hansı yaşda qadının təmizləməsinin nə önəmi var ki? Məsələnin acınacaqlı tərəfi odur ki, ana-bacılarımıza ən axırıncı işi rəva görürük. Bunu mənə bir dəfə əcnəbi həmkarım da irad tutdu. Xəcalətimdən yerə girdim. Hələ onu demirəm ki, bədnam qonşularımız bunu zaman-zaman sosial şəbəkələrdə müzakirəyə çıxarırlar.
Üçüncüsü: O qadınlar – fərqi yoxdur yaşlı və yaxud cavan olsun, kefindən yox, ehtiyacdan gedib o ağır işlərdə çalışırlar. Və əksəriyyəti də evin tək qazanc gətirənləridir.
Dördüncüsü: O qadınlara görə Bakı Şəhər İcra Hakimiyyətini deyil, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini qınamaq (deyəsən, ifadə bir qədər yumşaq oldu) lazımdır. Çünki ƏƏSMN bar-bar bağırır ki, son bir ildə 100 min insanı işlə təmin etmişik. Bax, işlə təmin olunan həmin qadınlardır. Axtarsan, çoxları da Ali təhsillidir. Amma ayda aldıqları nə qədər olsa yaxşıdır? Cəmi-cümlətanı 250 manat. 250 manat götürəndə Sahil Babayevin və yaxud Eldar Əzizovun bir “zavtrak”ının pulu deyil.
Amma neyləyək ki, hazırda ölkəmizdə ən azı 100 min insan 250 manata işləməyə məhkumdur. Nəzərə alsaq ki, həmin işçilər ailədə tək qazanclı insanlardır. Onda məlum olur ki, ölkəmizdə ən azı 400 min insan yoxsulluq həddindən aşağı səviyyədə yaşayır.
Bax, məsələnin məğzi budur, hörmətli Razi bəy. Bu gün deputatlarımızın ortalama aylıq əməkhaqqı 3 min manata yaxındır. Di gəl ki, istənilən deputatımızdan soruşsan ki, “Bu 3 min manat sənin aylıq xərclərini qarşılayırmı?”. Deyəcək ki, “Ay tövbə”.
Ona görə də “yaxşı oğlan” yox, yaxşı vətəndaş olmaq lazımdır. Məsələyə obyektiv yanaşılmalıdır. Kimisə qınamaq hələ məsələnin həlli deyil, əksinə, məsələnin daha da qəlizləşməsidir. Deyək ki, Razi Nurullayev dedi və bundan da Bakı Şəhər İcra Hakimiyyəti “nəticə çıxardı”. Çıxarılan nəticə də o olacaq ki, həmin yaşlı qadınlar işdən qovulacaq. Onlara “başa salınacaq” ki, “sizə görə bizə söz gəlir”. Vəssalam.Bu da deputatımızın yersiz təşəbbüskarlığının acı sonluğu. Beləcə, evin son qazanc gətirəni də “qara qəpik”dən olacaq. Və ac soydaşlarımızın sayı daha bir neçə min nəfər artacaq.
Məsələnin çıxış yolu da var. O da ondan ibarətdir ki, milyonçunun dilənçi övladı olmaqdan qurtulmalıyıq. Hər bir vətəndaşımıza minimum ehtiyaclarını qarşılamaq üçün dövlət dəstəyi olmalıdır. Yəni hər bir ailənin ən azı 800-1000 manat civarında leqal qazancına şərait yaradılmalıdır. Necə deyərlər, Vətən hər birimizə oğul deməlidir, təkcə məmurlara və deputatlara yox…
Surxay Atakişiyev
Bölməyə aid digər xəbərlər