Azərbaycan Dəmir Yolları elektrik təchizatında dəyişən cərəyana keçid edir

Dəyişən cərəyana keçid elektriklə işləyən lokomotivlərin dartı gücünü yaxşılaşdırmaqla dəmir yolları ilə daşınan yük həcminin və sərnişin sayının artırılmasına müsbət təsir edəcək.
“Azərbaycan Dəmir Yolları” (ADY) QSC-dən verilən məlumata görə, qurumun tarixində ilk dəfə olaraq dəyişən cərəyan sisteminə keçidin sınağı baş tutub.
Dəyişən cərəyanla işləyən yeni elektrovozun ilk test yürüşü uğurlu alınıb. Sınaq yürüşü Gəncə yaxınlığında yerləşən Alabaşlı stansiyasında keçirilib.
Dəyişən cərəyan dartısına keçid enerji və digər resurslara qənaətə, xərclərin optimallaşdırılmasına, istismarın asanlaşmasına, qatarların hərəkət sürətinin artırılmasına və nəticə etibarilə yük və sərnişin daşınmasının yaxşılaşmasına gətirib çıxaracaq. 
Hazırda ADY-nin lokomotivlərinin 90 faizi elektrik dartısı ilə hərəkət edir və bu səbəbdən ADY dəyişən cərəyan istifadəsini genişləndirməyi hədəfləyir. Bunun üçün 12 dartı yarımstansiyası tikilib və 768 km kontakt şəbəkəsi yenidən qurulub.
Həmçinin, “Alstom” şirkətindən 40 ədəd dəyişən cərəyanlı yük lokomotivi və 10 ədəd ikili elektrik təchizatı sistemində (sabit və dəyişən cərəyanlı) işləyən sərnişin lokomotivi sifariş edilib. Onlardan 13 yük və 10 sərnişin lokomotivi artıq ölkəyə gətirilib.
Dəyişən cərəyanla işləyən lokomotivlərin beynəlxalq istismar standartlarına uyğun saxlanılmasına və texniki baxışına imkan yaratmaq məqsədilə ADY tərəfindən iki müasir lokomotiv deposunun Biləcəri və Gəncədə tikintisi aparılır.
Qeyd edək ki, dəyişən cərəyana keçid üzrə işlər çərçivəsində 2019-cu ilin oktyabr ayında Qazaxıstanın Nur-Sultan şəhərində təşkil edilmiş simulyator təlimini ADY-nin 23 nəfər maşinisti uğurla bitirərək sertifikat alıb.

Bizimlə əlaqə saxlayın


Tarix: 29-07-2020, 16:35 Oxunub: 413


Bölməyə aid digər xəbərlər